22 Dekabr 2024

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu – sevinək, yoxsa…

“Buzun yerindən tərpənməsi haqda o halda danışa bilərik ki…”

Erməni tərəfinin müqavimətinə baxmayaraq, oktyabrın 19-da YUNESKO-nun İcraiyyə Şurasının 215-ci sessiyasında “Bakı Prosesi: Davamlı sülh və inkişaf naminə mədəniyyətlərarası dialoqun və sosial inteqrasiyanın təşviqi” mövzusunda Azərbaycanın təklifi əsasında ikinci qərar qəbul edilib. Bu barədə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Biz əvəzsiz dəstəyə görə bütün ölkələrə dərin minnətdarlığımızı bildiririk”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, 30 illik erməni işğalı zamanı Azərbaycan dövləti dəfələrlə YUNESKO-ya müraciət etsə də, ərazilərimizdəki vandallığı qeydə almaq üçün Qarabağa missiya göndərməyib. 44 günlük müharibədən (erməni işğalından) sonra da tələsmir (Qurumun rəhbəri ermənipərəst fransızdır). Bu mənada yuxarıdakı qərarın anlamı və əhəmiyyəti nədir? Söhbət hansı qərardan gedir? Buz yerindən təpəndimi, sevinək, yoxsa…

Bağlıdır Avropa Birliyinin qapısı üzümüzə...”- Tiflisin suçu...

Şəhla Cəlilzadə

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bildirdi ki, Azərbaycan 2008-ci ildən etibarən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün geniş platforma yaradaraq hər il bu çərçivədə qlobal əhəmiyyətli məsələlərin müzakirəsini təşkil edir: “YUNESKO-dakı sessiyada qəbul edilən sənəd bu platformanın daha da inkişaf etdirilməsini özündə ehtiva edir, beləliklə Azərbaycanın mədəniyyətlər arasında dialoqun inkişafında uğurlu nəticələrə gətirib çıxaran müsbət roluna diqqət çəkir. Bildiyimiz kimi, Ermənistan bütün dünyada, beynəlxalq platformalarda, o cümlədən YUNESKO müstəvisində, xüsusilə II Qarabağ müharibəsindən sonra Azərbaycanı bir sıra yalançı ittihamlara məruz qoyur. Bu ittihamlar guya Azərbaycanın məqsədli şəkildə erməni mədəni irsini məhv etməsi, etnik əsaslı irqi ayrı-seçkiliyi və nifrət nitqini yayması ilə bağlıdır. Erməni yanaşmasına görə, Azərbaycan dünyada dialoqu və mədəniyyəti təşviq edən tərəf kimi qəbul edilməməlidir. Odur ki, erməni nümayəndələri Azərbaycanın YUNESKO sessiyasında etdiyi təkliflərə bir sıra düzəlişlər edib, YUNESKO-nun Bakı prosesinin gələcəkdə də davam etdirilməsinə və daha da gücləndirilməsinə dəstəyini ifadə edən, həmçinin müvafiq məsələnin YUNESKO Ali Konfransının gələcək 42-ci sessiyasının gündəliyinə daxil edilməsinə dair maddələrin sənədin layihəsindən çıxarılmasını tələb ediblər. Lakin qurum erməni ittihamlarına məhəl qoymayaraq Azərbaycanı öz iddia etdiyi roluna layiq bilərək, sənədi Azərbaycanın təqdim etdiyi formada qəbul edib. Qeyd edim ki, təşkilat Azərbaycana qarşı münasibətdə son dövrlər heç də birmənalı davranış sərgiləməmiş, xüsusilə II Qarabağ müharibəsindən sonra ermənilərin qlobal dəstəkçi qurumuna çevrilib. Bu quruma əvvəlki rəhbərlərin başçılıq etdiyi dövrlərdə YUNESKO Ermənistan-Azərbaycan münasibətlərində nisbətən tərəfsiz mövqe sərgiləməyə çalışmış, məsələn qurumun Baş direktoru Matsuranın dövründə Mehriban Əliyeva YUNESKO-nun ”xoşməramlı səfiri” adını almış, sonrakı rəhbər Bokovanın dövründə də isti münasibətlər davam etdirilib. Lakin ən son rəhbər – Odri Azulay, o həm də ana tərəfindən yarı-ermənidir, tamamilə ermənipərəst mövqe sərgiləyərək, noyabr 2021-ci ildə Ermənistan XİN rəhbərinin Parisə səfəri zamanı onunla görüşündə Qarabağa qurumun fakt-araşdırıcı missiyasının göndəriləcəyini bəyan edib. 30 ildə Azərbaycan torpaqlarında törədilən erməni vandalizminin real izlərinə, şəhərlərin yerlə yeksan edilməsinə, Azərbaycanın mədəni abidələrin ermənilər tərəfindən məhv olunmasını yerində təsbit etməsi üçün müraciətlərə məhəl qoymayan təşkilat indi birdən-birə erməni müraciətinə müsbət cavab verməklə, mövqeyini ortaya qoyub. Hətta 10 mart 2022-ci il tarixli Avropa Parlamentinin qətnaməsində 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra erməni mədəni abidələrinin Azərbaycan nəzarəti altına keçdiyi və guya Azərbaycan tərəfindən dağıdıldığı vurğulanaraq beynəlxalq ictimaiyyət tərəfindən YUNESCO-nun fakt-araşdırıcı missiyasını qəbul etməsi üçün Azərbaycana təzyiq göstərilməsi tələbi irəli sürülür. Lakin təbii ki, Azərbaycanın kəskin etirazı nəticəsində bu məsələ hələ ki, təxirə salınmış, qurum qarşısında bölgəyə tərəfsiz bir missiyanın göndərilməsi tələbi qaldırılıb. Ukrayna-Rusiya müharibəsi və Avropanın Azərbaycandan qaz asılılığın artması fonunda xüsusilə erməni iddialarına daha səssiz qalan Avropa, bu dəfə YUNESKO-da Azərbaycanın irəli sürdüyü qətnamənin qəbul edilməsi ilə, ermənilərə öz yerini göstərib. Lakin 215-ci sessiyada qəbul edilən sənəddə bölgəyə qurumun missiya göndərməsi haqda hər hansı bir qeyd edilməyib və ya hər hansı təqvim müəyyən olunmayıb. Ümid edək ki, YUNESKO bundan sonra öz beynəlxalq hüquqla müəyyən olunan vəzifəsini layiqincə yerinə yetirərək, yəni münaqişədə tərəfsiz mövqe tutaraq, erməni vəhşiliklərini ifşa edəcək və real hesabatları təqdim edəcək fakt-araşdırma qrupu ilə bölgəyə gələcək”.

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı bu təşkilatın prosesləri uzatmağa yenə də cəhd edə biləcəyindən narahatdır: “YUNESKO-nun Azərbaycanın təklifini qəbul etməsinin əsas səbəbi fikrimcə, Bakı Prosesinin effektivliyidir. Bunun işğaldan azad edilmiş ərazilərdə maddi-mədəni irsimizə qarşı törədilən vandallığın, o cümlədən, Ermənistan ərazisində qalan Azərbaycan abidələrinə qarşı edilənlərin beynəlxalq təşkilat tərəfindən rəsmiləşəcəyi ilə birbaşa əlaqəsi yoxdur. Azərbaycan YUNESKO ilə daim əməkdaşlıq edib və təşkilatda müsbət təşəbbüsləri ilə seçilən ölkədir. Bu təşəbbüslərdən biri olan Bakı Prosesi də beynəlxalq səviyyədə mühüm addımlardan biridir. Biz YUNESKO-nun həm də maddi-mədəni irsimizə qarşı törədilən erməni vandallığını araşdırmasını, o cümlədən, bunun da rəsmiləşdirməsini istəyərdik. Azərbaycan bu istiqamətdə fəal işləyir. Əslində işğal dövründə məsələni dəfələrlə qaldırmasına baxmayaraq, faktaraşdırıcı missiyasının göndərilməsi reallaşmırdı. Müharibədən sonra isə erməni vandallığı gerçəkliyi ilə ortaya çıxdı və belə demək mümkünsə, beynəlxalq ictimaiyyət fakt qarşısında qaldı. İndi növbə YUNESKO-dadır, lakin təşkilatın hələ də hərəkətə keçmədiyini, tələsmədiyini görünür. Fikrimcə, təşkilat maksimum prosesi uzatmağa çalışa bilər, eyni zamanda, daha çox ”erməni abidələri”, “xristian irsi” üzərində fokuslanır. Amma bu da gerçəkdir ki, işğaldan azad edilən ərazilərdə erməni vandallığı tam çılpaqlığı ilə ortaya çıxıb və bu faktdan qaçmaq çətin olacaq”.

Bayden “Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq-

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva YUNESKO-nun gec də olsa susqunluğunu pozmasını önəmli hadisə sayır: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, üstəlik işğal dövründə maddi-mədəniyyət nümunələrinin dağıdılması, təhrif olunması, tarixin saxtalaşdırılmasına yönəlik addımları yalnız Azərbaycanı maraqlandıran hadisə deyil, beynəlxalq təşkilatların da diqqət mərkəzində olmalı və cəza tədbirlərinin görülməsi istiqamətində düşünülməlidir. Cəza tədbirlərindən öncə əlbəttə ki, işğal prosesi davam etdiyi müddətdə adıçəkilən addımların qarşısının alınması məqsədilə preventiv addımlar atılmalı idi. Xüsusən mədəniyyət sahəsində ixtisaslaşmış qurum olan YUNESKO bu cür addımlardan məsul olan təşkilatdır. Müvafiq dönəmdə Azərbaycan tərəfindən bir neçə dəfə həmin təşkilata bölgəyə faktaraşdırıcı missiyanın göndərilməsi təklifi edilsə də, BMT-nin alt qurumu siyasi məsələlərə müdaxilə etmədiyini bildirib. Bu gün Azərbaycan torpaqlarını azad edib – özü də BMT-nin qətnamələrindən kənarda. Postmünaqişə dövründə müxtəlif platformalarda, müxtəlif səfərlər çərçivəsində bölgənin hansı vandal siyasətə məruz qaldığı dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BMT Nizamnaməsi, Helsinki yekun aktı, Cenevrə konvensiyaları və əlavə protokolları, eləcə də maddi mədəniyyət abidələrinin qorunması, ekologiyanın zərər görməməsini özündə ehtiva edən bütün hüquqi konsepsiyaları əlində əsas götürərək Azərbaycan tərəfi beynəlxalq məhkəmələrə müraciətlər edib. YUNESKO-nun gec də olsa indi müəyyən reaksiyalar göstərməsi əlbəttə ki, heç yoxdan yaxşıdır prinsipiylə qiymətləndirsək, önəmli hadisədir. Lakin dediyim kimi, önəmli olan ciddi cəza tədbirlərinin görülməsidir. Buzun yerindən tərpənməsi haqda o halda danışa bilərik”.

Cavanşir ABBASLI