Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Şahmat üzrə rayon turniri keçirilib.
29.04.2022-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.
Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib. 9-11 və 12-15 yaş qrupları arasında keçirilən Şahmat turnirində ümumilkdə 90 nəfər idmançı iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yevlax şəhər UGİŞM-in direktoru Elman Əlibəyli ölkəmizdə idmanın geniş vüsət almasından söhbət açaraq qeyd etdi ki, şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını dəfələrlə dünyaya nümayiş etdiriblər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün gənclərimizin yüksək nailiyyətlər qazanmasında əsas stimul rolunu oynayır. Şahmat turnirin keçirilməsi məktəblilərin istedad və bacarıqlarının üzə çıxarılması ilə yanaşı, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin edir.
Sonra tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova, Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli qeyd etdilər ki, Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi sahələrdə olduğu kimi, gənclər və idman sahəsindəki tərəqqisi, yüksək nailiyyətləri məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə gənclərin sağlam ruhda yetişməsi üçün vacib olan idmanın yüksək səviyyəli inkişafına mühüm töhfələr verən Ümummilli lider 1993-cü ildə müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni dərin böhrandan xilas edərək dinamik inkişaf yoluna çıxarıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və müdrik siyasət nəticəsində Azərbaycanda idman sahəsində saysız-hesabsız uğurlara imza atılıb. Məhz bu gün gənclərimizin əldə etdiyi böyük nailiyyətlər dahi Heydər Əliyevin həyata keçirdiyi gənclər və idman siyasətinin böyük uğurlarındandır. Azərbaycanın maraqları naminə misilsiz xidmətlər göstərmiş Ulu Öndərin siyasi fəaliyyətindən geniş bəhs edən natiqlər maraqlı idman yarışında iştirak edən idmançılara uğurlar arzuladılar.
Turnirin mükafatlandırma mərasimində 9-11 yaş qrupları arasında 1-ci yerin qalibi Səfərli Kamal Əli oğlu, 2-ci yerin qalibi Quluzadə Ərxan Tural oğlu və 3-cü yerin qalibi Həsənli Nihad Rəşad oğlu, 12-15 yaş qrupları arasında 1-ci yerin qalibi Musayev Amin İntiqam oğlu, 2-ci yerin qalibi Ağayev Elçin Elşən oğlu və 3-cü yerin qalibi Əlibəyli Ziya Ceyhun oğlu fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.