10 Avqust 2025

Yevlaxda “Pambıq əkiləcək sahənin hazırlanması, səpinin təşkili və becərmə texnologiyası” mövzusunda təlim keçirilib.

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin daxili təlim planına uyğun olaraq, Mərkəzin təlimçiləri tərəfindən 29 mart 2021-ci il tarixdə, saat 14:00-da Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzində “Pambıq əkiləcək sahənin hazırlanması, səpinin təşkili və becərmə texnologiyası” mövzusunda təlim keçirilmişdir.
Təlimdə hazırkı pandemiya şəraitinin tələblərinə, xüsusi karantin qaydalarına uyğun olaraq 10 nəfərə kimi bitkiçilik üzrə Yevlax rayonundan olan fermerlər iştirak etmişdir, sosial izolyasiya qaydalarına uyğun olaraq ara məsafələri qorunmuş, tibbi maskalardan istifadə edilmişdir.
Tərtər RAEİM-nin direktor müavini Namiq Məmmədov açılış nitqi ilə çıxış etdikdən sonra sözü mütəxəssislərə verdi. Təlimçi Tərtər RAEİM-nin aparıcı mütəxəssisi Bayram Əliyev və baş aqronom Alim Əliyev çıxış edərək bildirdilər ki, pambıq sahəsinin yüksək keyfiyyətlə becərmək üçün quzapayı sahədən çıxarılmalıdır. Sahədə az miqdarda pambıq kolu qalarsa iş vaxtı kotanın, kultivator, dırmığın işçi orqanlarına ilişəcək və şumun, becərmə işlərinin, səpinin düzgün aparılmasına maneçilik edəcəkdir. Quzapayı sahədən tam təmizləndikdən sonra sahəyə hər hektara 20-30 ton üzvü gübrə verilməlidir. Aqrokimya laboratoriyasına hər 5 hektardan nümunə üçün torpaq kəsimləri götürülərək analiz edildikdən sonra torpağa nə qədər mineral gübrə veriləcəyi məlum olduqdan sonra, şum altına veriləcək fosfor və kaliumun 70-80% -i səpildikdən sonra, ön kotancıqlı kotanla 30-35 sm dərinliyində sahənin şumlanması lazımdır. Dondurma şumunun əsas vəzifəsi torpağın üst qatını kipləşdirmədən yumşaq və xırda dənəvərlik yaratmaqla aşağı qata çevirməkdən ibarətdir. Alaq otlarının toxumlarını, bitki qalıqlarını və torpağın üst qatında qışlayan bitkinin zərərvericilərini göbələk xəstəliklərini törədənləri torpağın əkin qatının aşağı hissəsinə çevirdikdə, zərərvericilərə və göbələk xəstəliklərini törədənlərə torpağın aşağı hissəsində oksigen çatmadığı üçün hamısı məhf olur və alaq otları isə tədricən çürüyərək çürüntü əmələ gətirir. Dondurma şumu başa çatdıqdan bir neçə gün keçdikdən sonra sahə daxili suvarma arxları çəkilir. Çəkilən arxların eni 60-70 sm , dərinliyi 14-15 sm olmalıdır. Hər hektara arat üçün 1600-1700 m3 su sərfiyyatı ilə arat olunur. Arat olunduqdan bir neçə gün sonra sahədə ziq-zaq mala ilə dırmıq çəkilir. Sahə malalandıqda sahədə əmələ gəlmiş torpaq çatları dolur və çıxmış alaq otları məhv olur. Sahənin nizam malalanması torpağın nəmlik balansını saxlanılmasına və yaxşı səpin aparılmasına, sahədən yaxşı çıxış alınmasına müsbət təsir göstərir. Səpindən əvvəl alaq otlarına qarşı kimyəvi herbisitlərdən Treflan yüngül torpaqlarda hektara 4 kq , orta və ağır torpaqlarda isə 6-kq hesabı ilə 400 litr işçi məhlulu verilir. Treflan torpaqda tez adsorbsiya olunduğu üçün hətta güclü yağış yağan rayonlarda belə torpağın dərin qatlarına yuyulmur. Onun təsir müddəti 3 aya bərabərdir. Çıxış alınan dövürədək çoxillik alaqlarla mübarizə üçün Prometrin herbisidi tətbiq edilir. Bu preparatı bütün sahə boyu verməklə onu torpağa dırmıq, diskili mala və ya cerella basdırırlar, onun təsir müddəti 3 aya qədərdir. Prometrin yüngül torpaqlarda hektara 4-4,5 kq; ağır torpaqlarda isə 5 kq verilir. Səpin müddəti iqlim şəraitinə görə dəyişə bilir. Yadda saxlamaq lazımdır ki, pambıq isti sevən bitkidir və normal boy və inkişaf etməsi üçün həyatın ilk dövründə 20-25 0C istilik tələb olunur. Səpin norması səpin üsulundan asılı olaraq yəni tüklü, tüksüz toxumlar səpilir, tüklü toxum 70-80 kq, tüksüz toxum isə 20-25 kq səpilir. Cərgə arası 90 sm olan sahələrdə 120-130 min., 60 sm olan cərgələrdə isə 100-110 min bitki olduqda hektardan yaxşı məhsul götürməyin mümkün olduğunu təlimçilər öz çıxışlarında fermerlərə bildirdilər.
Təlim qarşılıqlı müzakirələr şəraitində baş tutmuşdur, fermerlərin çoxsaylı sualları ətraflı şəkildə cavablandırılmışdır.

Bəhruz Nəzərov,Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru