23 Dekabr 2024

Yaz gəlsə, öz buğdamız yetişsə, çörək ucuzlaşarmı?

Xəbər verildiyi kimi un tədarükçüləri dünya bazarında qıtlıq, qeyri-müəyyənlik və ərzaq məhsullarının bahalaşmasını, o cümlədən Azərbaycanın əsas idxal mənbəyi olan Rusiyanın 2021-ci ilin fevralından ərzaq buğdasına yüksək ixrac rüsumu tətbiq etməsini səbəb gətirərək unun qiymətini artırıblar. Son iki gündə 50 kiloluq un kisəsinin topdansatış qiyməti 10 manat artaraq 36-38 manata çatıb. Unun bahalaşması çörəyin qiymətinə də təsir edib, qiymət çeşiddən asılı olaraq 10-20 qəpik arası artıb.

Dünya bazarında ərzaq buğdasının bahalaşması bir neçə ildir davam edir. Ötən ilin 11 ayında bir ton buğdanın orta idxal qiyməti 30 faizdən çox artaraq  214 dollardan 283 dollaradək yüksəlib. İlin sonlarında isə bu rəqəm daha da artıb.

Rəqəmlər nə deyir…

media1.az virtualaz.org-a istinadən bildirir ki, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkənin buğda ilə özünü təminat səviyyəsi 59-60 faizdir. Azərbaycanda orta hesabla 650 min hektar sahədə buğda əkilir, məhsuldarlıq təxminən 31,4 sentnerə bərabərdir. Son 3 ilin məlumatına görə, ildə 2 milyon tona yaxın buğda istehsal olunur və hər il 1 milyon 300 min-1 milyon 400 min ton həcmində buğda idxalına ehtiyac yaranır. İdxal edilən buğdanın böyük həcmi un istehsalında istifadə edilən ərzaqlıq buğdadır. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr isə Rusiya, Qazaxıstan və Ukraynadır.

Rəsmi statistikaya əsasən Azərbaycana 2020-ci ilin 11 ayı ərzində 262 milyon 497 min dollar dəyərində 1 milyon 225 min 586 ton buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 214 dollar təşkil edib. Ötən ilin  11 ayında isə 287 milyon 557 min dollar dəyərində 1 milyon 17 min 503 ton buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 283 dollar olub. Beləliklə, son bir ildə buğdanın idxal qiyməti təxminən 70 dollar artıb.

Lakin bu orta statistik qiymətdir və ötən ilin sonlarında Rusiya buğdasının ixrac qiyməti son 10 ildə rekord səviyyəyə çatmışdı, bir ton üçün 338 dollar təşkil edirdi. Bu isə o deməkdir ki, hökumətin buğda idxalına tətbiq etdiyi güzəştlər, idxal rüsumunun tutulmaması və subsidiyalar nəzərə alınarsa Rusiya ərzaq buğdasının Azərbaycana idxalı 1 ton üçün ən azı 600 AZN-ə (daşınma xərcləri də nəzərə alınarsa) başa gəlir.

Dövlət ərzaq buğdasının tonunu 400 manatdan alır

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2021-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanı yerli istehsalçılardan qiyməti bir ton üçün 400 manatdan alıb. Fondun yerli istehsalçılardan nə qədər ərzaq buğdası aldığı haqda məlumat dərc edilmir.

Bəs Azərbaycan özü ərzaq buğdası istehsalını artırsa və idxaldan asılılığı azaltsa çörəyin və unun qiymətini aşağı salmaq mümkün ola bilərmi? İndiki halda hər ton üçün 400 manat alış qiyməti ərzaq buğdası yetişdirən fermerlər üçün nə dərəcədə sərfəlidir?

Yerli bazarda qiymətlər

Məlum olub ki, yerli bazarda da buğdanın qiyməti artıb. Fermerlər qiymət artımını maya dəyərinin yüksəlməsi ilə əlaqələndiriblər. Söhbətləşdiyimiz fermerlər deyirlər ki, iqlim dəyişikliyi səbəbindən havanın qeyri-sabit keçməsi, bəzi bölgələrdə suvarma problemi yaradıb və məhsuldarlığı aşağı salıb, o cümlədən yanacağın, gübrənin bahalaşması buğdanın maya dəyərini artırıb. Hazırda yerli bazarda buğdanın kiloqramı 50-60 qəpiyədir və bu, son illərin ən yüksək göstəricisi hesab edilə bilər. Yəni Azərbaycanın özündə istehsal edilən ərzaq buğdasının tonu az qala Rusiyadan idxal edilən ərzaq buğdasının qiymətinə bərabərdir.

Nəzərə alaq ki, Azərbaycanın torpaq resurslarının həcmi geniş deyil, üstəlik iqlim dəyişikliyi, suvarma suyu ilə bağlı getdikcə özünü daha çox göstərən problemlər keyfiyyətli buğda istehsalına imkan vermir. Belə ki, buğdanın yetişmə dövründə kəskin istilərin düşməsi məhsuldarlığı azaltmaqla, həm də keyfiyyətə təsir edir. Bununla yanaşı, suvarma problemləri də var. Ekspertlər hesab edirlər ki, Azərbaycanda taxıl sahələrinin təxminən 60 faizindən çoxu suvarma problemləri olan ərazilərdə əkilib.   

Saatlıdan olan fermer Gəray Qəniyev deyir ki,  ötən il 150 hektara yaxın ərazidə taxıl əkib. Mövsümdə onun sahəsində suvarma problemi olmayıb. Buna görə də məhsuldarlıq yüksək – 45 sentnerə yaxın olub.

“Həm toxumluq, həm ərzaqlıq buğdamız var. Toxumluq buğdanı 60-65 qəpikdən satdıq. Maya dəyəri yüksək olsa da, qiymətləri çox qaldırmaq olmaz, başqalarını da nəzərə almaq lazımdır”, – fermer deyib. Əlavə edib ki, bazarda hazırda ərzaqlıq buğda 60 qəpiyədir. Birdəfəyə tonlarla satılmasa da, alıcı var.

Fermerlərin problemləri: xərclərin artması, suvarma, iqlimin dəyişməsi…

G.Qəniyevin sözlərinə görə, 1996-cı ildən toxumçuluqla məşğuldur. Taxılçılıqla məşğul olanlara dövlət tərəfindən güzəştlər edilir, subsidiya verilir. Bununla belə müəyyən problemlər də var. Məsələn, ötən il azotu vaxtlı-vaxtında ala bilməyiblər: “Ortaya çıxan çatışmazlıq vaxtında aradan qaldırılmalıdır ki, məhsuldarlıq yüksək olsun, əlavə xərclər yaranmasın. Məsələn, taxıla iki dəfə azot vermək lazımdır. Mən subsidiya alana qədər azotu nisyə götürdüm, sonra pulunu ödədim”.

Fermer onu da deyib ki, texnika problemi olmasa da, suvarılmadan tutmuş, toxumadək xərclər artıb. Bununla belə, hazırki satış qiyməti onun üçün sərfəli hesab edilə bilər.

Ağdaşlı fermer isə adının mətbuatda hallanmasını istəmir, amma  deyir ki, ötən il bir hektar əkin sahəsini becərmək ona 360-370 manata başa gəlib. O, hazırda ərzaq buğdasını 50-55 qəpikdən təklif edir.

“Bir neçə ildir Ağdaşda suvarma ilə bağlı problem olmur. Çünki taxıl sahələrinə xüsusi diqqət ayrılıb. Buna baxmayaraq hava şəraitinə görə ötən il məhsuldarlıq təxminən 30 sentner oldu”,-fermer deyib. O əlavə edib ki, hazırda rayon bazarında yem üçün yarayan buğdanın topdansatış qiyməti 40-45 qəpikdəndir. Halbuki ötən il ərzaq  buğdası bu qiymətə satılırdı.

“Şumlama, səpin, biçin, toxum, suvarmanın qiyməti artıb. 1 hektara 200 kiloqram toxum səpirik, toxum isə 70-80 qəpiyədək yüksəlib. Doğrudur, taxılçılıq elə sahədir ki, istənilən halda xərci borcunu ödəyir, məhsul əldə qalmır. Amma məhsuldarlıq yüksək olanda qazanc da yaxşı olur. Buna görə də son vaxtlar bu sahəyə maraq artıb, indi çoxları taxıl əkir”, – fermer deyib.

Ekspert nə deyir…

İqtisadçı-ekspert Cəfər İbrahimli isə bildirib ki, son illər dünya əmtəə birjalarında buğdanın qiyməti artıb.

“Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə, ötən ilin noyabrınadək dünyada qida məhsulları 34 faiz bahalaşıb. Hələ dekabrın nəticələri bəlli olmasa da, bu son 10 ilin ən yüksək göstəricisidir. Xüsusilə taxıl və paxlalı qidaların qiyməti həddən çox yüksəlib. Hərçənd ki, istehsalda qlobal dəyişiklik müşahidə edilməyib”, – İbrahimli deyib.

Dünyada qiymət artımı pandemiyanın yaratdığı problemlər və sosial-psixoloji amillərlə izah edilir. İqtisadçı deyib ki, Çinin stoklarını artırması, Rusiyada ixracla bağlı məhdudiyyətlərin qoyulması, o cümlədən daşınmada yaranmış müəyyən məhdudiyyətlər, taxıla təlabatın artması da təsirsiz ötüşməyib: “Nəticədə taxılın qiyməti artıb. Azərbaycana son iki ildə bir kiloqram buğdanın qiyməti 36-37 qəpiyə idxal olunurdusa, bu gün bir kiloqram  buğdanın topdansatış qiyməti 46-48 qəpiyə çatıb. İdxal olunan məhsulda ciddi qiymət artımı görünür və bu da dünya bazarındakı qiymətlərlə bağlıdır”.

Azərbaycan ildə 1 milyon tondan artıq buğda idxal edir. İdxal olunan məhsul baha başa gəldiyinə görə, Azərbaycanda da qiymətlərin artması qaçılmaz olub.

C.İbrahimli deyib ki, Azərbaycanda da buğdanın qiyməti artıb. “Azərbaycan tarixində buğda indiyədək bu qiymətə olmayıb, hazırda buğda təxminən 55 qəpikdir. İdxalda çətinlik olduğu üçün daxili bazarda qiymətlər yüksəlib. Bundan əlavə, taxıla çəkilən xərclərin artdığını da nəzərə almaq lazımdır. Məsələn, biçinin qiyməti ötən il 50 manat olub, indiyədək belə qiymət olmayıb. Məhsula tələb var, məhsulun bazardakı qiyməti də bununla tənzimlənib”, – o bildirir.

Ekspert əlavə edib ki, Azərbaycanda taxıl istehsalı ildən-ilə artır və yaxın gələcəkdə də daxili istehsal imkanlarımızın artacağı gözlənilir. Qarabağ torpaqlarında əkiləcək ərazilərin hesabına taxıl istehsalımız artacaq və idxaldan asılılığımız bir az azalacaq.

Amma idxaldan asılılıq azalsa un və çörək ucuzlaşacaqmı, bu böyük sualdır. Çünki görünən odur ki, yerli istehsalçıların da xərcləri bir çox səbəblərdən artmaqdadır və onlar hətta daxili tələbata bəs edəcək qədər keyfiyyətli buğda istehsal edə bilsələr də (nə vaxtsa) məhsulu ucuz satmayacaqlar. Yəni yerli istehsalı artırmaq hesabına çörəyin və unun qiymətini aşağı salmağa ümid bəsləmək tezdir.

Amma digər tərəfdən ərzaq buğdası kimi strateji məhsulda idxaldan asılılığın azaldılması hökmən lazımdır, çünki dünya bazarlarında proseslərin necə cərəyan edəcəyi məlum deyil və  Rusiya buğdasının daha da bahalaşmayacağına heç bir təminat yoxdur.