“Yaraların” sağalır, Vətən!
Həyata keçirilən bərpa-quruculuq layihələri Qarabağı və Şərqi Zəngəzuru yenidən cənnətə çevirəcək
Azərbaycan işğaldan azad edilən ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməklə qırx dörd günlük Vətən müharibəsi dövründə olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpasında da gücünü nümayiş etdirərək bir daha bu torpaqların əsl sahibi olduğunu dünyaya göstərir.
Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri istifadəyə verilmiş obyektlərin açılış mərasimlərinin keçirilməsi, yeni infrastruktur layihələrinin icrasına başlanılması, təməlqoyma, ayrı-ayrı şəhərlərin Baş planlarının təsdiq, yeni innovativ layihələrin icra olunması ilə yadda qalıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa, Füzuli, Zəngilan, Ağdam, Laçın, Kəlbəcər və Cəbrayıl rayonlarında olmaları, Horadiz – Zəngilan –Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının açılışı, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinə start verilməsi, yaşıllıqların salınması, yeni əkin sahələri ilə tanışlıq göstərir ki, erməni faşistləri tərəfindən darmadağın edilmiş, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz Prezidentimizin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar.
Bu ilin sonunadək Zəngilan Beynəlxalq Hava Limanı da işə salınacaq. Bu, azad edilən torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası isə orada işlərin həcminin çox böyük olması səbəbindən 2024-cü ildə reallaşdırılacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin həyata keçirilməsində son bir ildə mühüm uğurlar əldə edilib. Bu məsələdə ərazilərin minalardan təmizlənməsinə xüsusi diqqətlə yanaşılıb. Bunun üçün təkcə cari ilin mart ayında 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Ümumiyyətlə, bugünədək yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərini əhatə edən 14600 hektaradək ərazidə bu proses başa çatdırılıb.
Qarabağın dirçəlişinə aparan Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biri yol infrastrukturunun qurulmasıdır. Göygöl-Toğanalı-Kəlbəcər yolunda olacaq 11,6 kilometrlik tunelin tikintisi çərçivəsində 25 faiz işlər artıq yerinə yetirilib. Bu tunelin inşasının 2024-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Bundan əlavə, 6-4 hərəkət zolaqlı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi çərçivəsində işlərin 70 faizi yerinə yetirilib. Yolun tikintisinin 2023-cü ilin sonunadək bitəcəyi planlaşdırılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 16 yol layihəsi yerinə yetirilir və rayondaxili yolların tikintisi aparılır, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan ərazilərində 780 kilometr uzunluğunda daxili yolların inşası sürətlə davam etdirilir. Yol tikintisi ilə bərabər, dəmiryol xətlərinin salınması da uğurla reallaşdırılır. Bərdə-Ağdam (47,1 kilometr) və Horadiz-Ağbənd dəmir yolu xətlərinin (110,4 kilometr) tikintisi sürətlə həyata keçirilir.
Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda, Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında. Keçən il bu stansiyaların bərpasına başlanılıb. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Qeyd edilənlərlə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su elektrik stansiyası inşa edilərək işə salınıb. Günəş, eləcə də külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla reallaşdırılması diqqət mərkəzində saxlanılıb. Məsələn, BP şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi qərara alınıb.
Sonsuz qürur və fəxr hissi ilə onu da qeyd etməliyik ki, cari il Azərbaycan tarixinə həm də Böyük Qayıdışın başlanğıc ili kimi daxil olacaq. Prezident İlham Əliyevin dediyi kimi, ilk məskunlaşma Zəngilanın “ağıllı kənd”ində reallaşacaq.
Hazırda Füzulinin Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in layihələndirilməsi aparılır. Bu “ağıllı kənd”də də vacib infrastruktur qurulacağı planlaşdırılır. Bu infrastrukturun 1500-ə yaxın evi əhatə edəcəyi gözlənilir.
Prezident İlham Əliyevin Böyük Qayıdış strategiyasında başlıca prioritetlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda sosial şəraitin ən yüksək səviyyədə yaradılmasıdır. Məqsəd keçmiş məcburi köçkünlərin bu ərazilərdə yaşayışının mütərəqqi beynəlxalq təcrübəyə və innovativ yanaşmaya əsaslanan çevik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq prinsiplərinin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsidir. Bu baxımdan düşməndən təmizlənən ərazilərdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yerli qurumlarının təşkili də mühüm önəm daşıyır. Bu konsepsiyanın gerçəkləşdirilməsi məqsədilə azad edilmiş ərazilərdə “DOST” mərkəzlərinin təşkili planının hazırlanması bunun parlaq ifadəsidir.
Xatırladaq ki, cari ilin sonuna qədər Şuşa şəhərində Qarabağ regionunda ilk “DOST” mərkəzinin fəaliyyətə başlayacağı nəzərdə tutulur. Hazırda bununla əlaqədar layihə işləri gedir. Eyni zamanda, Cəbrayılda regional “DOST” mərkəzinin, Zəngilanın Ağalı kəndində “Ağıllı DOST”, “SMART DOST” prinsipi ilə layihənin reallaşdırılacağı nəzərdə tutulur. Kəlbəcər, Laçın, Ağdam, Hadrut, Zəngilan, Füzuli və Qubadlıda da “DOST” filiallarının yaradılması, “ağıllı” kəndlərimizdə “SMART DOST” məntəqələrinin quraşdırılması planlaşdırılır.
İşğaldan azad olunan ərazilərimizdə turizm infrastrukturunun yaradılması, oradakı mədəni, tarixi abidələrin tanıdılması ilə bağlı layihələrin icrası da diqqətdə saxlanılır. Həmçinin turizm potensialının öyrənilməsinə, qiymətləndirilməsinə və turizm inkişaf konsepsiyalarının hazırlanmasına da xüsusi önəm verilir. Qarabağ regionunda turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Xocavəndin Hadrut qəsəbəsi, Tuğ, Ağbulaq, Şəkər yaşayış məntəqələri, Kəlbəcərin İstisu qəsəbəsi, Şuşanın Daşaltı, Zülfüqarlı, Lex və Qamışlı, Qubadlının Bərgüşad və Zəngilanın Qaragöl kəndlərinin müəyyən əraziləri turizm və rekreasiya zonaları üçün müəyyənləşdirilib. Bu ərazilərə dair ilkin təqdimat sənədi hazırlanıb və aidiyyəti dövlət qurumlarına ərazilərin inkişaf planlarında nəzərə alınması üçün təqdim olunub. Tərtər rayonunun Suqovuşan qəsəbəsinin region üzrə rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərinin yaradılması məqsədilə konseptual inkişaf planı hazırlanıb.
Bir sözlə, hazırda Qarabağda və Şərqi Zəngəzurda başlanan bərpa–quruculuq işləri dünyanın diqqət mərkəzindədir. Bu gün Türkiyə, İtaliya, İngiltərə, Çin, İsrail, Macarıstan və Cənubi Koreya kimi dövlətlərin şirkətləri bu bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edirlər. Pakistan, Səudiyyə Ərəbistanı, İran, ABŞ kimi ölkələrin şirkətləri yenidənqurma işlərində iştirak etməyə maraq göstərirlər. Həm müharibə, həm də postmüharibə dönəmində Azərbaycana dəstəyini hər zaman nümayiş etdirən Türkiyəyə məxsus olan şirkətlər ilk gündən Qarabağda görülən işlərdə fəallıq nümayiş etdirirlər.
Bütün bu deyilənlər əsasında bu qənaətə gəlirik ki, Böyük Qayıdış strategiyası vətəndaşlarımızın işğalçıdan təmizlənən ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin torpaqların ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq. Tezliklə Qarabağda uzun illərdən sonra həyat qaynayacaq, yaşayış üçün şərait əvvəlkindən də gözəl olacaq.