23 Dekabr 2024

YAP rəsmisi: “Mediada qeyri-peşəkarlığın olması cəmiyyətə yanlış mesajların ötürülməsinə səbəb olur”

Mediada ordu, şəhid ailələri və müxtəlif qurumlar haqqında yalan məlumatların yayılması, reket jurnalistlərin “fəallığı” ictimaiyyətdə narahatlıq yaradıb. Bununla bağlı YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza öz narahatlığını bildirib. 

Asif Əsgərli son günlər bəzi sosial şəbəkə istifadəçiləri və bəzi media nümayəndələri tərəfindən həm Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən, həm də vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salalan saxta məlumatların yayılmasından təəssüfləndiyini deyib: “Çox yaxşı haldır ki, bununla əlaqədar bir sıra sosial şəbəkə istifadəçiləri, eləcə də media nümayəndələri Baş Prokurorluğa dəvət olunaraq onlara xəbərdarlıq edilib. KİV cəmiyyətin ictimai-siyasi, sosio-mədəni təfəkkür və dünyagörüşünü formalaşdıran güclü bir  mexanizmdir. Bu baxımdan media nümayəndələrinin dövlətimizin əsas inkişaf istiqamətlərini kifayət qədər düzgün bilməmələri, qeyri-peşəkarlığın olması cəmiyyətə yanlış mesajların ötürülməsinə səbəb olur. Görünür, bəzi KİV nümayəndələri dövlətin strategiyası, xüsusən ordu haqqında dərc etdikləri yazıların məsuliyyətini düzgün dərk etmirlər. İstənilən saxta məlumat sonda hər hansı problemin həllinə deyil, əksinə daha da dərinləşməsinə, hətta növbəti bir problemin yaranmasına yol açır. Xüsusən ordu haqqında dərc edilən yazılarda ehtiyatlı olmaq lazımdır. Aidiyyəti rəsmi qurumlara istinad edilməldiir. Ordu haqqında yazılan xəbərlərin qaynağı sosial media ola bilməz. Bu, tam qeyri-peşəkarlıqdır. Nəzərə almaq lazımdır ki, bizim düşmənlərimiz də sosial mediada aktivdir və onlar Azərbaycanla bağlı xəbərləri izləyirlər. Ajiotaj yaradacaq xəbərlərdən düşmənlərmiz ölkəmizə qarşı çirkin informasiya kampaniyalarında istifadə edirlər”. 
YAP İdarə Heyətinin üzvü bildirib ki, Azərbaycan dövləti daimi medianın inkişafına diqqət edib: “Bu il “Media haqqında” qanunun qəbulu KİV sahəsində atılmış yeni bir islahatdır. KİV mənsublarına sosial mediadan istifadənin məsuliyyəti, peşəkarlığın artılması, eləcə də avrointeqrasiyanın mahiyyəti, məqsədi və dövlətimiz üçün prespektivlərindən danışmaq, bu istiqamətlər üzrə maarifləndirici seminarlar keçmək lazımdır. Ən əsası da bu prosesdə Azərbaycanın milli-mənəvi dəyərlərinin aşınmamasına nail olmağa çalışmalıyıq”.