23 Dekabr 2024

YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib

23 avqust 2024-cü il tarixdə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı “Ağstafa DAİM” və “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatlarının iştirakı ilə 26 avqust “Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının nümayəndələri, “Ağstafa DAİM”, və “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəalları iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Canpolad Yusifov bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə yenidən qürur hissi yaşadıq. Çünki Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Tədbirdə çıxış edən digər natiqlər – “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatının sədri Şəfayət Bağırov, partiya fəalları Səbinə Pirquliyeva və Raqif Qurbanov bildiriblər ki,  26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür. Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq iki ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.