21 Noyabr 2024

Yanvarda xarici ticarət: İxrac idxalı yarım milyard dollara yaxın üstələyib

Ötən ay Azərbaycanın ixracının məbləği idxalını yarım milyard dollara yaxın üstələyib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 289 milyon 529 min ABŞ dolları təşkil edib. Bunun 1 milyard 876 milyon 84 min ABŞ dolları ixracın, 1 milyard 412 milyon 687 min ABŞ dolları isə idxalın payına düşüb. İxrac idxalı 464 milyon 156 min ABŞ dolları üstələyib. 

2022-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 4 milyard 61 milyoyn 547 min ABŞ dolları, o cümlədən ixracı 3 milyard 86 milyon 682 min ABŞ dolları, idxalı 974 milyon 865 min ABŞ dollar olmuşdu. Beləliklə, ötən ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi 19 faiz, o cümlədən ixrac 39,2 faiz azalıb, idxal isə 44,9 faiz artıb. İxracın azalması neft-qaz sektoru ilə bağlı olub. Bununla belə, neft məhsullarının ixracının dəyəri 2,7 dəfə artıb. Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə ixrac isə 22,55 faiz artaraq 284 milyon 532 min dollar təşkil edib. Ötən ilin ilk ayı ilə müqayisədə yanvarda bu sektorun ümumi ixracda payı 7,52 faizdən 15,16 faizə yüksəlib.    

Yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub. Meyvə-tərəvəz ixracının ümumi  dəyəri 14,7 faiz azalsa da alma ixracı 2 dəfə, nar 3,6 dəfə artıb. Həmçinin spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə  artıb. Tərəvəz və meyvələrin emal məhsullarında isə 2,2 dəfə artım qeydə alınıb.

Ümumilikdə, aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. İxrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94 faizini təşkil edib.

Kimya sənayesi məhsullarının ixracı isə 11,3 faiz artıb. Həmçinin qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1,9 dəfə, sement 55 faiz artıb.  

Qeyri neft-qaz sektoru üzrə ixracı ən çox artan elektrik enerjisi olub. Belə ki, yanvarda 72 milyon 397 min dollar dəyərində elektrik enerjisi ixrac edilməklə sektorda birinci olub. Hərçənd ki, ötən ilin bu dövründə elektrik ixracının dəyəri bundan 972 dəfə az – 74,5 min dollar olmuşdu. Bununla da yanvar ayında qeyri neft-qaz ixracının 25,4 faizi elektrik enerjisinin payına düşüb. Başqa sözlə, ötən ay qeyri neft-qaz ixracından əldə olunan gəlirin hər 4 dollarından 1 dolları elektrik enerjisinə aid olub.