22 Noyabr 2024

“Xoş gəlmisiniz, uşaqlar!” – İlk dərs günündən REPORTAJ

– Hamı sıraya keçsin! Sıxlıq yaratmayın!

Hər kəs məktəbin həyətinə toplaşıb. Valideynlər uşaqları ilə şəkil çəkdirir. Pedaqoqlar nizam-intizam yaratmağa çalışır.

Məktəbin həyətinə toplaşan izdihamda valideynlər uşaqlarını gözdən qoymamağa, uşaqlar isə ətrafda baş verənləri anlamağa cəhd edir. Ən böyük yük isə müəllimlərin üzərinə düşür. Bu qədər uşağı idarə etmək, əlbəttə ki, asan deyil. Çox sıxlıq yaranmasın deyə, yuxarı siniflərin şagirdləri birbaşa siniflərə göndərilir. Həyətdə yalnız birincilər qalır. Kimi yuxuludur, kimi maraq dolu baxışlarla ətrafı nəzərdən keçirir, kimi də bu qədər uşağı bir arada görüb sevinir. Bəlkə də oyunlar oynayacağı barədə xəyallar qurur…

Balacalar olan yerdə səs-küy olar, əlbəttə.

Himnin səslənməsi ilə izdiham arasında qısa müddətli sükut yarandı.
Himndən dərhal sonra 220 saylı məktəb-liseyin ibtidai siniflər üzrə direktor müavini Könül Hüseynova Zəfər ilinin ilk göyərçinlərini təbrik etdi. Onlara təhsil həyatında uğurlar arzu etdi. Məktəbin direktoru Lətifə Əzimova da əyani təhsilə qədəm qoyan fidanları salamlayaraq, onlara məktəbi qızıl medalla bitirməyi, dünyanın nüfuzlu universitetlərinə qəbul olmağı dilədi.
Növbə balacalara çatdı.

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə hər şəhərdə
Sənin meyvələrin var.
Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.

Kiçik yaşlı məktəblilərdən biri Bəxtiyar Vahabzadənin bu məşhur şeirini deyərkən ona bu şeiri öyrədən müəllimin canfəşanlığı diqqətimizi cəlb etdi.

Və ilk zəng çalındı.

Hamı sıra ilə öz otağına yollandı. Təbii ki, valideynindən ayrılmaq istəməyən uşaqlar üçün içəri daxil olmaq daha çətin idi. Mavi gözlü Heyran sinif otağında da göz yaşlarını saxlaya bilmədi. Parta arxasına keçər-keçməz isə birincilərin baxışları müəllimə yönəldi. Görəsən, indi bizə nə deyəcəklər? Biz necə hərəkət etməliyik? Həyəcan, qorxu, maraq…Bütün duyğular bir-birinə qarışıb.

Növbəti zəngin çalınmağı ilə suallar da başladı… Anam hardadı? Bura haradı?

Səbrsiz Murad dəftərində nəsə yazmağa başladı.

Daha bir zəng . Bu artıq dərsin başlanması demək idi. 1d sinfində dərs deyən Vəfa Məmmədova uşaqların diqqətini çəkməyə çalışır.

Tanışlıq başlayır. İnci, Hüseyn, Banu, Emin…

İlk dərs günü, təhsilin ilk pilləsinə qədəm qoyan birincilərə “Qarabağ Azərbaycandır!” şüarını xatırladır müəllimə. Əsgərlərimizə borclu olduğumuzu, lazım gələndə dəmir yumruq kimi birləşməsi bacardığımızı anladır.

Vəfa müəllimə ara-sıra sual verir:

-Uşaqlar, yorulmamısız?

Onlar “yox” desələr də, vəziyyət əksini göstərirdi.

Bir anda uşaqlar rabitəsiz suallar verməyə başlayırlar, anlaşılmaz sözlər deyirlər:

-Bakı Azərbaycanın paytaxtıdır.

-Bu nə şəkildir?

Təbii ki, ilk gün üçün anlaşılan durumdur. Vəziyyəti belə görən müəllim nizam-intizam qaydalarını aşılamağa başlayır:

-Hamı birdən danışmasın! Bir-birinizin sözünü kəsməyin! Kitabları səliqəli saxlamaq lazımdır!

Xoş gəlmisiniz, uşaqlar! Təhsil yolunuz açıq olsun!

Nigar Həsənli
“Yeni Müsavat”