23 Dekabr 2024

Xaricilər Azərbaycana gələndə niyə media, QHT və müxalifətlə görüşmür – rəylər

Son illərdə Azərbaycana səfər edən beynəlxalq missiyaların nümayəndələri media, QHT rəhbərləri ilə, eləcə də müxalifət liderləri ilə görüşmürlər. Hansı ki, əvvəllər belə deyildi. Ötənlərdə bu sahələrin təmsilçiləri ilə də görüşlər ənənəvi hala çevrilmişdi. Ümumiyyətlə, xaricilərin səfərlərinin sayında da kəskin azalma müşahidə olunur.

Son olaraq, ölkəmizə ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden ayaq basıb. Amma onun media, QHT, müxalifət təmsilçiləri ilə görüşü nəzərdə tutulmur.

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bunun səbəbləri barədə deyib ki, ümumiyyətlə, hakimiyyət beynəlxalq təşkilatların Azərbaycan müxalifəti ilə əlaqələrini hər zaman narahatlıqla qarşılayıb: “Haradasa bu anlaşılandır. Hakimiyyət rəqibi olan siyasi partiyaların beynəlxalq təşkilatlarla hər hansı bir fikir mübadiləsi aparmasında maraqlı deyil. Buna görə də bir çox hallarda beynəlxalq təşkilatlara şərtlər irəli sürürlər. Məsələn, ”əgər bizimlə görüşəcəksinizsə, müxalifətlə görüşməyin, bu olacaqsa, sizinlə əməkdaşlıq etməyəcəyik”. Bu, rəsmi olmasa da, qeyri-rəsmi şəkildə həmin təşkilatlara çatdırılıb. Əvvəlcədən belə ünsiyyətlər onsuz da simvolik xarakter daşıyırdı. Görüşlər o qədər də əhəmiyyət daşımayan beynəlxalq təşkilatların nümayəndələri ilə olurdu. Rəhbərlər deyil, müavinləri, yaxud ondan sonra gələn şəxslərlə baş tuturdu. İndi həmin qurumlarda belə fikirlər formalaşıb ki, hakimiyyətlə görüşürüksə, müxalifətlə görüşməməliyik. İki kəsim arasında seçim edəndə daha çox iqtidar seçilir. Doğrudur, əvvəllər daha çox indikinə nisbətən kontaktlar olurdu. Son zamanlar isə ümumiyyətlə, belə ünsiyyətlər yox dərəcəsinə enib. Cəmiyyətin beynəlxalq qurumlara və arenaya ümidinin ölməsi, bunun fonunda partiyaların əlaqələrinin də zəifləməsi belə münasibətlərin zəifləməsinə gətirib çıxarıb. Biz AĞ Partiya olaraq, cəmiyyətimizin həmin təşkilatlara inamının öldüyünü görürük.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Onlar burada görüşdükləri siyasi qurumlara məlumat ötürən təşkilatlar kimi baxmamalıdır”

Zatən biz həmin qurumlarla əlaqələr qurmağa heç zaman can atmamışıq. Onlar istəsələr belə, görüşəcəkləri partiya qalmayıb. Əvvəllər görüşdükləri partiyalar onsuz da sıradan çıxıb və onlar cəmiyyətdə təsir imkanlarına malik deyillər. Yeniləri ilə də kontaktlar qurulmayıb. Amma belə əlaqələrin olması həm beynəlxalq təşkilatlara, həm müxalifətə, həm də iqtidarın özünə lazımdır. Çünki biz II Qarabağ müharibəsində müxalifətin beynəlxalq qurumlarla əlaqələrinin olmamasının haqlı mövqeyimizi dünya ictimaiyyətinə çatdırmağımızda maneələr yaratdığını gördük. İqtidar bu aspektdə tək çıxış etdi. Azərbaycanın xarici siyasətində bu nüans özünü neqativ tərəfdən göstərdi. Düşünürəm ki, bu istiqamətdə hər şey sivil səviyyədə tənzimlənməlidir. Beynəlxalq təşkilatlar ölkəmizə gələndə iqtidarla yanaşı, müxalifətlə də görüşməlidir. Bu, protokola salınmalıdır. İqtidar bunun marağında olmalıdır və öz müxalifətini də dünyaya təqdim etməyi bacarmalıdır. Müxalifətin üzərinə düşən iş də odur ki, ölkənin milli maraqları çərçivəsində bu təşkilatlarla əməkdaşlıq etsinlər, müzakirələr aparsınlar. Amma bir daha deyirəm ki, Azərbaycanın milli maraqları öndə tutulmalıdır. Beynəlxalq təşkilatlar burada görüşdükləri siyasi qurumlara məlumat ötürən təşkilatlar kimi baxmamalıdır. Bərabərhüquqlu tərəf kimi baxmalıdırlar. Bu əməkdaşlıq hər iki tərəfə fayda verməlidir. Belə məsələlər kökündən təhlil olunmalı və bunun həlli istiqamətində addımlar atılmalıdır. Çünki hazırda bu istiqamətdə ciddi boşluqlar var və dövlət olaraq bunun ziyanını çəkməkdəyik”.

Rafail Becanov ittihamlara cavab verdi

Rəfail Becanov: “Hökumət özü də belə görüşlərin beynəlxalq missiyaların proqramına salınmasında maraqlı olmalıdır”

“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov hökumətin belə görüşlərdə maraqlı olmasını vacib sayır: “Uzun müddət bu praktikanın şahidi olmuşuq ki, beynəlxalq missiyaların rəhbərləri Azərbaycana gələndə müxalifət, media, QHT təmsilçiləri ilə görüşüb, müəyyən müzakirələr aparıblar. Lakin bu ənənə uzun illərdir aradan qalxıb. Artıq belə görüşlər çox nadir hallarda baş tutur. Hesab edirəm ki, belə görüşlərin olması, müzakirə aparılması cəmiyyətin inkişafı, demokratik dəyərlərin möhkəmlənməsi, işğaldan azad olunan torpaqlarda erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olardı. Təəssüf ki, bu praktikaya son qoyulub. Əvvəllər belə bir məlumat var idi ki, hakimiyyətin içindəki bəzi qüvvələr buna imkan vermir. Lakin indi o qüvvələr hakimiyyətdən uzaqlaşdırılıblar. Düzü, mən bunun indi hansı səbəbdən belə olması haqqında konkret informasiyaya malik deyiləm. Bilmirəm ki, yenə də hökumət icazə vermir, yaxud həmin missiyalar özləri bu görüşlərdə, müzakirələrdə maraqlı deyillər. Ona görə də hesab edirəm ki, bunun bir neçə səbəbi ola bilər. Birincisi, səfər protokolunda bunun razılaşdırılması, görünür, ciddi müqavimətlə qarşılanır və çətinlik yaradır. Hökumət rəsmiləri bunu qəbul etmədiyindən bu tip görüşlər də nəticə etibarı ilə alınmır və beynəlxalq missiyalar da məcburiyyət qarşısında görüşlərdən imtina edir. Belə görüşlərdə ən çox ölkədaxili demokratiya, söz və mətbuat azadlığı kimi məsələlər müzakirə olunardı. Yaxud beynəlxalq missiyalar hesab edir ki, Azərbaycanda müxalifətin fəaliyyətinə şərait var, siyasi təşkilatlar arasında dialoq mühiti formalaşıb, internet azadlığı mövcuddur, söz və mətbuat azadlığına hər hansı təhlükə yoxdur, ona görə də bu görüşlərdə maraqlı olmurlar və proqrama salınmasına maraq göstərmirlər. Amma hesab edirəm ki, belə görüşlər təkcə ölkədaxili məsələlərlə yekunlaşmamalıdır. Çünki biz işğala məruz qalmış ölkə olmuşuq. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında olmazın vəhşiliklər törədib. Bu görüşlər bərpa olunarsa, biz Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 illik işğalı, onların törətdikləri cinayətlərlə bağlı yetərli faktları onlara təqdim edə bilərik. Bəlkə də bu faktlarla qarşılaşmamaq üçün özləri belə görüşlərin protokolda əks olunmasına maraqlı deyillər. Hər halda, bu görüşlərin bərpa olunmasında fayda var. Hesab edirəm ki, hökumət özü də belə görüşlərin beynəlxalq missiyaların proqramına salınmasında maraqlı olmalıdır”.

Mirvari Qəhrəmanlı: Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı yeni  mərhələdədir

Mirvari Qəhrəmanlı: “Bu, çox təhlükəli amildir”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı: “Mənim 2 dəfə beynəlxalq təşkilatlarla videogörüşüm olub. Bəzi QHT rəhbərləri ilə də azsaylı görüşlər olsa da, əvvəlki formatdan tam fərqlidir. Səbəb isə QHT-nin, xüsusən hüquq müdafiəçilərinin tədricən fəaliyyətlərinin müxtəlif üsullarla məhdudlaşdırılması, onların tədricən GONGO-na çevrilməsidir. Və bu çox təhlükəli amildir. Müstəqil vətəndaş cəmiyyəti olmayan ölkədə demokratiyadan, insan hüquqlarına hörmətdən, ictimai nəzarətdən söhbət gedə bilməz. Bir sözlə ölkənin müstəqil vətəndaş cəmiyyəti tədricən tarixin arxivinə göndərilir, hökumətin tam nəzarətində olan GONGO-la əvəzlənir. Beynəlxalq təşkilatlar isə müstəqil QHT-lərlə görüşməyə daha çox üstünlük verir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat