Xarici media Azərbaycana atılan “İskəndər”dən nə yazır?
Raketin qalıqlar bir-birindən 780 metr məsafədə olub
Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.
Trend xəbər verir ki, Böyük Britaniyanın “BBC News” televiziya kanalı və saytı bəyan edib ki, Qarabağda “İsgəndər” raketlərinin qalıqları aşkar olunub. Aprelin 2-də raketin qalıqları Bakıda nümayiş etdirilib. Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, “İsgəndər” raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Məlumat verilib ki, raketin qalıqlar bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində “İsgəndər-M” raketi buraxılıb.
Reportajda qeyd olunur ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs barədə Bəyanatın imzalanmasından bir neçə saat əvvəl sosial şəbəkələrdə yayılmış videoda erməni əsgərlərin raketi işəsalma fonunda şəkilləri, həmin qurğudan 41 saniyə fasilə ilə iki raketin uçması görünür. Jurnalistlər vurğulayırlar ki, “İsgəndər-E” Ermənistanın arsenalında bu cür tezliklə raketlər buraxa bilən yeganə sistemdir. Bundan əlavə, hələ noyabr ayında BBC-nin Ermənistan hökumətindəki mənbəyi müharibənin son günlərində “İsgəndər” raketlərindən istifadə olunmasını bildirmişdi. Ermənistan ordusunun general-polkovniki Movses Akopyan da bu operativ-taktiki raketlərin tətbiq edilməsindən danışıb, lakin sübutlar təqdim etməyib. Bu mövzu fevralın sonuna qədər hərbi ekspertlərin maraq dairəsində qalıb, nəhayət, Nikol Paşinyan bəyan edib ki, müharibə dövründə istifadə edilmiş “İsgəndər” raketləri partlamayıb və ya 10 faiz partlayıb.
ABŞ-ın “Azadlıq” radiosu və Litvanın “Slaptai” xəbər saytı məlumat yayıb ki, Azərbaycan hərbçiləri Qarabağda ərazilərin minalardan təmizlənməsi zamanı “İsgəndər” raketinin qalıqlarını aşkar ediblər. Materiallarda qeyd olunub ki, raketin qalıqlarının fotoşəkilləri ölkənin internet resurslarında dərc edilib. Raketin qalıqları martın 15-də Şuşa yaxınlığında tapılıb. 2020-ci ilin payızında Azərbaycan ilə Ermənistan arasında Qarabağ uğrunda ay yarımlıq müharibənin son günlərində bu şəhərdə şiddətli döyüşlər gedib. BBC Azərbaycanın Minatəmizləmə Agentliyinin nümayəndəsinə istinadla xəbər verir ki, raketin qalıqları Ermənistan tərəfindən “İsgəndər” kompleksinin tətbiq olunmasını sübut edir.
Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Jamestown” Qlobal Araşdırma və Analitika Fondunun saytında yayımlanan “İsgəndər” raketləri Qarabağda uğursuzluğa düçar oldu, lakin Ermənistanda böhran yaratdı” sərlövhəli məqalədə 44 günlük müharibənin gedişatı, Ermənistanın məğlubiyyəti, bu səbəbdən ölkədə siyasi elita daxilində çəkişmələr geniş təsvir olunur. Yazıda qeyd edilir ki, Ermənistan “İsgəndər” raket sistemini əldə edən ilk ölkədir və o, Qarabağ müharibəsində bu raketdən istifadə edib. Sayt Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirərək bu faktın həqiqət olduğunu qeyd edib.
Qərb ölkələrinin digər media orqanları, o cümlədən “konflikty.pl”, “eurasiantimes.com”, “Caucasus Watch”, “pl.sputniknews.com” saytları yazırlar ki, 44 günlük müharibə dövründə Ermənistan öz arsenalındakı ən güclü silah sayılan “İsgəndər” raket kompleksindən Azərbaycana qarşı istifadə edib. Xəbərlərdə bildirilir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı fotoşəkillərdə raketin qalıqlarının “İsgəndər” raket kompleksinə aid olduğunu təsdiqləyən seriya nömrələri əksini tapıb.
Qardaş Türkiyə Respublikasının mətbuatı da 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə etməsi barədə çoxsaylı materiallar yayımlayıb. Anadolu Agentliyi yazır ki, Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketi tətbiq etməsi təsdiq olundu. Agentlik qeyd edir ki, bununla bağlı Rusiya və Ermənistan ziddiyyətli açıqlamalar verir. Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı “İsgəndər”in tətbiq olunmadığını iddia etsə də, bu məsələ raketin qalıqları ilə sübut olunur. Mövzu ilə bağlı Türkiyənin “yenisafak.com”, “sabah.com”, “haber7.com” saytları, “Haber türk” telekanalı, “İstikrar” qəzeti və digər KİV-ləri də ətraflı məlumatlar yayımlayıblar.
İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan ərazilərini bir sıra təhlükəli silahlardan, o cümlədən “İsgəndər” raketi ilə atəşə tutması Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Gürcüstanın “info9.ge”, “report.ge”, “24news.ge”, “interpress.ge”, “accentnews.ge”, “4news.ge”, “ghn.ge” informasiya portallarında və 1tv.ge ictimai televiziya kanalında gürcü, Azərbaycan, rus və ingilis dillərində yayılan məlumatlarda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqlarının Şuşa şəhəri istiqamətində aşkarlandığı bildirilir. Məlumatlarda qeyd olunur ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb və məlum olub ki, bu qalıqlar “İsgəndər-M” raketlərinə aiddir.
Ukraynanın “dialog.ua” “İnterfaks-Ukrayna”, “mil.in.ua” saytları da yazırlar ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib. Məlumatlarda qeyd edilir ki, raketin qalıqlarının Bakıda nümayiş etdirilən fotolarından aydınca görünür ki, Ermənistanın Azərbaycanın Şuşa şəhəri istiqamətində atdığı raketlər “İsgəndər” raketinin qalıqlarıdır. Beləliklə, müharibədə “İsgəndər” raketindən istifadə olunmaması barədə yayılan məlumatların yalan olduğu üzə çıxır.
Yaxın Şərqdə geniş oxucu auditoriyasına malik olan “MENAFN” informasiya portalı və İndoneziyanın “international.sindonews” saytı yazırlar ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan ərazisinə “İsgəndər-M” raketi atılıb. Bu raketin qalıqları aprelin 2-də Bakıda nümayiş etdirilib. Xəbərlərdə qeyd olunur ki, raketin qalıqları martın 15-də Şuşa şəhərinin və ətraf ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi zamanı aşkarlanıb.