22 Dekabr 2024

“Xarici donorlar Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsi üçün çalışmırlar”

– ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan prezidentinə zəng edib. Bu telefon danışığını necə şərh edərsiniz?
– Telefon danışığı barədə rəsmi məlumatı böyük məmnunluqla oxudum. Hər zaman deyirik ki, Azərbaycanın dövlət fəhmi, ağlı, iradəsi çoxdan və tam formalaşıb. Bu, milli müstəqillik institutumuzun dövlət kimi özünü təsdiq etməsinin nəticəsidir. Prezident İlham Əliyev telefon danışığında özünün və dövlətimizin xarakterini bir daha nümayiş etdirib. Bu, olduqca qürurvericidir. Birmənalı şəkildə demək lazımdır ki, ABŞ-la Azərbaycan arasında yaranan son gərginliyin səbəbkarı biz deyilik. ABŞ, əlbəttə, dünyanın ən böyük gücüdür və bu nəzərə alınan məsələdir. Ancaq dünyanın ən böyük gücü olması ABŞ-a əsas vermir ki, Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə sayğısız yanaşsın, ayrı-ayrı məmurları və erməni diasporunun təsirində olan siyasiləri ölkəmizin əleyhinə qeyri-ciddi bəyanatlar versin. Bu cür davranışlar, heç şübhəsiz, bizim cəmiyyətimizdə etirazla qarşılanır. Odur ki, ABŞ rəsmiləri ciddi-ciddi düşünməlidirlər ki, Azərbaycan kimi islam aləmində iki model dövlətdən biri olan respublikada dayanıqlı anti-amerikanizm dalğasının formalaşması ona sərf edirmi? Zənnimcə, etmir. Ona görə də, Ağ ev rasional addımlar atmalı, Ermənistan təəssübkeşliyindən əl çəkməlidir. Cənubi Qafqazın yeni münaqişələrə deyil, yeni fürsətlərə ehtiyacı var.
– Ancaq ABŞ da daxil olmaqla “kollektiv Qərb” Ermənistana verdiyi dəstəyin onu Azərbaycanın təcavüzündən qorumaq məqsədi güddüyünü iddia edir. Məgər biz Ermənistana təcavüz etməyə hazırlaşırıq?
– Problem də elə bundadır. Bu iddialar olduqca gülüncdür. Azərbaycan 44 günlük müharibədən dərhal sonra Ermənistana sülh təkliflərini göndərib və həmin təkliflər beynəlxalq hüquqa əsaslanır. Ancaq Ermənistan hər vəchlə sülh danışıqlarından yayınır, rəsmi Bakının təkliflərinə cavabları aylarla gecikdirir, yaxud bir bəhanə tapıb prosesi tormozlayır. Azərbaycan Xankəndidə suvenliyini bərpa etməzdən öncə bütün Qərb xorla qışqırırdı ki, Üçtərəfli Bəyanatın şərtləri yerinə yetirilməli, Laçın dəhlizi açıq olmalıdır. İndi bəs niyə demirlər ki, həmin bəyanatda Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında yolların açılmasından- biz bunu Zəngəzur dəhlizi adlandırırıq- da söhbət gedir. Üçtərəfli Bəyanata əsasən yolun Ermənistana keçən hissəsinə Rusiya FTX-nin nəzarət etməsi ilk növbədə İrəvanla Moskvanın problemidir. Biz bu məsələdə ilk növbədə kommunikasiyanın açılmasında maraqlıyıq. Ermənistanın Rusiya ilə bağlı nə problemi varsa, özləri bilər. Bu məsələyə görə, Qərbin Azərbaycanı nədəsə günahlandırması üçün heç bir əsası, faktı, dəlili yoxdur.
– Bəs, Qərbin Azərbaycana qarşı aqressiyası nə ilə bağlıdır?
– Onunla bağlıdır ki, Azərbaycan dünyanın irili-xırdalı xeyli güc mərkəzini qarşısına alıb və öz torpaqlarını işğaldan azad edib. Konfliktlər dünyanın idarə olunmasında böyük güclər üçün əsas alətlərdən biridir. İndi biz bu alətlərdən birini sıradan çıxarmışıq. İri dövlətlər hər zaman şablonlarla idarə olunur, ləng bürokratik aparata malikdirlər. Azərbaycanın regionda yaratdığı yeni reallığa çevik reaksiya verə bilmirlər. Üstəlik, idarəetmə mexanizmlərinə çox sayda təsir də var- maliyyə, elektoral, diasporal təsirlər və s. USAİD-in rəhbəri Samanta Poueri götürək. Onun erməni mənşəli çirkli milyarder, hazırda Bakıda DTX-da saxlanılan Ruben Vardanyanla əlaqələri ictimai rəyə bəllidir. Samanta və onun kimiləri hər zaman Vardanyanın çirkli pullarından bəhrələnib. İndi isə Ruben Azərbaycan məhkəməsinə çıxmaq ərəfəsindədir. Samanta kimilər bu fakta maliyyə dəstəyinin itməsi kimi yanaşır və çalışırlar ki, Azərbaycana qarşı təzyiq formalaşdırsınlar. Çox təəssüf ki, onlara maşalıq etmək istəyənlər də tapılır.
– Kimləri nəzərdə tutursunuz?
– Məsələn, Sevinc Mirzəyevanı, Əli Kərimlini, Cəmil Həsənlini, Fuad Qəhrəmanlını və başqalarını. Sevinc öz kanalında təbliğat aparır ki, Nikol Paşinyan Azərbaycana sülh üçün yalvarır, ancaq prezident İlham Əliyev yeni müharibəyə hazırlaşdığından Ermənistanla danışıqlardan imtina edir, Bakını sülhə məcbur etmək lazımdır. Bu, Azərbaycana qarşı iftira, qarayaxma kampaniyasında Sevincin üz tutduğu axırıncı yoldan da o tərəfdə olan məsələdir. Özünə hörmət edən heç bir Azərbaycan ziyalısı, siyasətçisi, onun proqramına çıxmamalıdır. Ancaq görünür Əli Kərimli Sevinci himayə edən qüvvələrə qarşı çıxmağa cürət etmir. Mən o gün Cəmil Həsənlinin həmin verilişdə müsahibəsinə baxdım. Təsəvvür edin ki, beynəlxalq konvensiyalar, Ana Yasa, Cinayət və Cinayət Prosessual Məcəllələri baxımından danışdıqlarında heç bir məna yox idi. Sıfır! İndi bu sıfırlar hakimiyyət iddiası ilə vəziyyəti qarışdırmağa çalışırlar, bədəlini başqaları ödəyir.
– Yeri gəlmişkən, “Abzas Media” barədə açılan cinayət işlərini necə qiymətləndirirsiniz?
– Bəribaşdan deyim ki, mən ədalətli adamam, “o tutulsun, bu tutulsun” zehniyyətinə qarşıyam. Heç kimin özünə, balasına, qardaşına, bacısına, valideyninə, doğmasına həbsxana həyatı arzulamıram. Bu, bizim insan olaraq humanizm mövqeyimizdir. Ancaq dövlət üçün məsələ bir qədər fərqlidir. Dövlət ictimai nizamı saxlamaq üçün qanunlar çıxardır, normalar müəyyən edir və vətəndaşlara deyir ki, qanunla cinayət sayılan əməlləri törətsən cəzalanacaqsan. Bu cür cəza mexanizmləri olmadan ictimai nizam davamlı ola bilməz. Odur ki, mən istənilən prosessual məsələyə elə hüququn öz normaları çərçivəsində baxmağın tərəfdarıyam. Bu gün KİV-də yayılan faktlardan bəlli olur ki, Abzas Medianın maliyyələşməsində xarici donorlar iştirak edib. Həmin vəsaitin ölkəyə qanuni yollarla keçirilmədiyi barədə şübhələr var. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır. Əgər barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin əməli məhkəmədə cinayət kimi sübut olunacaqsa, cəza, əks halda bəraət alacaqlar. Bu tip məsələlərdə bizim hüquqa müdaxilə etməyimiz mümkün deyil. Gənclərimizi, həmkarlarımızı, ictimai ona təşviq etməliyik ki, xarici donorların təsirinə düşüb nə qanunları pozsunlar, nə də milli maraqlara qarşı çıxsınlar. Dövlət vətəndaşı ilə, vətəndaş dövləti ilə güclüdür. Dövlət ictimai iştirakçılığı təşviq edir, vətəndaçlarımızı ən müxtəlif qurumların fəaliyyətinə ictimai nəzarət həyata keçirməyə, qərarların qəbulunda fəallıq nümayiş etdirməyə çağırır. Xarici donorlar isə heç də Azərbaycanda müstəqil medianın, vətəndaş cəmiyyətinin güclənməsi üçün çalışmırlar. Onlar külli miqdarda vəsait xərcləyirlər ki, Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı təzyiq rıçaqları yaratsınlar.
– Vətəndaş iştirakçılığından söz düşmüşkən, soruşaq: bu yaxınlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkikər keçiriləcək. Siz ekoloji yönümlü bir təşkilatın- “Pragma” Sosial inkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədrisiniz. İctimai Şurada təmsil olunmağı düşünürsünüzmü?
– Bəli, düşünürəm. Artıq sənədlərimi ETSN-nin yaratdığı komissiyaya göndərmişəm. Bizim QHT QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məsuliyyətli ovçuğun təşviqi” layihəsini başa çatdırdı. Layihə çərçivəsində ictimai dinləmələr keçirdik. Bir daha şahid oldum ki, ölkəmizdə biomüxtəlifliyin qorunması üçün ovçu məsuliyyətinin, ovçuluq mədəniyyətinin güclənməsi nə qədər vacibdirsə, bu sahədə dövlət siyasətinin icra olunmasına ictimai nəzarət də o qədər aktualdır.
– ETSN yanında İctimai Şuranın əvvəlki tərkibinin fəaliyyətindən razısınızmı?
– Qətiyyən razı deyiləm. Ümumiyyətlə, İctimai Şuraların effektivliyini aşağı salan amillərdən biri budur ki, eyni şəxs az qala 10 qurumun İctimai Şurasında təmsil olunur. Bu, qeyri-ciddilikdir. ETSN yanındakı İctimai Şuranın hesabatı isə ortada yoxdur. İctimai Şuranın sosial şəbəkə hesabı var. Orada Şuranın özü deyil, müxtəlif QHT-lərin fəaliyyəti təbliğ olunur. Nə ediblər, necə işləyiblər, bilinmir. Sadəcə bu faktlar bəs edir ki, ortada heç bir fəaliyyətin olmadığını düşünəsən.
– Hansı təklifləriniz var?
– Təkliflərim, ideyalarım çoxdur. Ancaq ən əsası odur ki, ETSN rəhbərliyi yeniliklərə açıq olsun, yaxşı təşəbbüsləri nəzərə almağa hazır olsun və vətəndaş cəmiyyəti ilə dialoq xəttini tutub hesabatsız İctimai Şura modelindən imtina etsin. Onu da deyim ki, ETSN bir neçə dəfə milli qoruqlara media tur təşkil etdi. Nəticə çox müsbət oldu, qarşılıqlı müsbət təəssüratlar formalaşdı.
– Son günlər hakimiyyətin media siyasəti də tənqid olunur. Bu tənqidləri necə qarşılayırsınız?
– Azərbaycanda media institunun köklü problemləri var. Bu problemlər ümumiyyətlə müstəqillik dövrümüzlə bağlı deyil. 19-cu əsrin sonlarına, bütün 20-ci əsrə aiddir və keçdiyimiz tarixi yolun nəticələridir. Çox təəssüflər olsun ki, Azərbaycanda jurnalistikaya kütləvi şəkildə savadsız, uğursuz, problemli insanlar axışıb və indi onun ağrılarını çəkirik. Jurnalistika bütün dünyada ən prestijli peşələrdən biridir, ən azı vəkillik qədər nüfuzlu fəaliyyət sferasıdır. Lap bu yaxınlara qədər Azərbaycanda vəkillik də bihörmət olmuşdu. Anar Bağırovun Vəkillər Kollegiyasına sədr seçilməsindən sonra yaxşı işlər görüldü. İndi hüquq məzunları prokuror, hakim yox, daha çox vəkil olmağa can atır. Eyni proses media sahəsində də gedir. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov media sahəsinə kənardan gətirilib. Bu ona imkan verir ki, hər kəslə eyni məsafadə dayansın və obyektiv meyarlar əsasında qərarlar versin. Bu da müəyyən istisnalar xaric, əsasən jurnalistikanın prestijinə zərbə vuranların və xaricdən maliyyələşən seqmentin xoşuna gəlmir. Bu yaxınlarda məlum oldu ki, media reyestri ilə bağlı məhkəmə işlərinə çıxacaq vəkillər üçün qanunsuz qrantlar alınıb. Bu məlumat bəlkə də kimlərəsə nə isə demir, ancaq şəxsən mənə çox şey deyir. Deməli, Azərbaycanda milli, xarici maliyyədən asılı olmayan medianın inkişafına mane olmaq istəyən qüvvələr, mərkəzlər var. Artıq xeyli müddətdir ki, biz MEDİA ilə əməkdaşlıq edirik və yaranan təəssüratlara əsaslanaraq deyə bilərəm ki, Əhməd İsmayılov ləyaqətli kadrdır. Mətbuat Şurasının sədri Rəşad Məcidin yaxşı bir sözü var. Deyir, sosial şəbəkələrdə elə mühit yaranıb ki, heç kəs heç kəs haqqında xoş söz söyləmək istəmir. Məncə, biz qəsdən formalaşdırılmış bu nihilizm mühitini dəyişməli, yaxşıya “yaxşı” deməyi bacarmalıyıq.
– Günün ən yaxşı xəbəri, heç şübhəsiz, Xankəndidə Qarabağ Universitetinin açılması barədə dövlət başçısının verdiyi sərəncam oldu. Bu sərəncamı necə qarşıladınız?
– Gerçəkdən möhtəşəm xəbər idi. Biz həmişə deyirdik ki, Zəfərdən sonrakı Azərbaycan tam fərqli olacaq. Bax, fərqlərdən biri reallaşacaq. Təsəvvür edin ki, Xankəndidə, bir daha təkrar edirəm Xankəndidə BDU, ADA, BANM, UNEC, ADNSU kimi ciddi bir elm və tədris mərkəzi olacaq. Sərəncamdan anladığım qədər, Qarabağ Universitetində I qrup ixtisaslara üstünlük veriləcək. Mənim oğlum I qrupa hazırlaşır. Çox istərdim ki, məhz Qarabağ Universitetinə qəbul olunsun.
– Laçına köçmək arzunuz yerində qalır?
– Bəli, qalır. Hətta böyük məmnuniyyətlə Xankəndidə yaşayar və çalışaram. Doğrusunu deyim ki, bu məsələyə bir qədər fərqli yanaşıram. Bir neçə ildən sonra işğaldan azad olunan bölgələrdə idealist kadrlara daha çox ehtiyac olacaq. Məskunlaşma tədricən getdiyindən bu ehtiyacı hələ tam hiss etmirik. Vaxtilə Rusiyada “Xalqa doğru” hərəkatı vardı, intellektuallar paytaxtdan əyalətlərə köçür, elmi-mədəni baxımdan inkişaf üçün zəmin hazırlayırdılar. İndi Qarabağı dirçəltmək üçün dövlətlə yanaşı, bizim aydınlarımızın, müəyyən sferada püxtələşmiş insanların da üzərinə ciddi məsuliyyət düşür. Dövlətimizin tövsiyyəsi və qərarı çərçivəsində bu məsuliyyəti daşımağa hazıram.

Xalqcebhesi.az