Xaricdə təhsil almış 500 şəxs kadr bankında qeydiyyatdan keçib
Xarici ali təhsil ixtisasları Azərbaycan ərazisində tanınmış 500 diplom sahibi kadr bankında qeydiyyatdan keçib.
Bu barədə “İki sahil”ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.
Məlum olduğu kimi, bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərmək və eyni zamanda işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə vermək məqsədilə 2021-ci ilin avqust ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resurs – kadr bankı (www.kadr.taninma.az) istifadəyə verilib.
Kadr bankının istifadəyə verildiyi dövrdən bugünə kimi kadr bankında qeydiyyata düşmüş xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin sayı 500 nəfəri ötmüşdür.
Qeyd etməliyik ki, qeydiyyatdan keçmiş şəxslər arasında “Akvakultura mühəndisliyi”, “Texnosfer təhlükəsizlik”, “Təhsilin idarə edilməsi”, “Telekommunikasiya mühəndisliyi”, “Nanotexnologiyalar və mikrosistem texnikası”, “Aqrobiznes”, “Şəhərsalma”, “Kino və mətbuat” və s. kimi müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrlar mövcuddur.
Xatırladaq ki, kadr bankı Agentliyin xarici kvalifikasiyaların tanınması üzrə elektron xidmətlərin keyfiyyətinin və kəmiyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələrdən biridir və işəgötürənlərə təhsil ölkəsi, təhsil müəssisəsi və (ya) ixtisas üzrə axtarış etməklə tələblərinə uyğun namizədləri müəyyən etmək imkanı verir.
Xarici diplomları ölkə ərazisində tanınan, lakin kadr bankına qoşulmamış ərizəçilər bu məqsədlə şəxsi kabinetlərində “Kadr bankına qoşul” düyməsinə sıxmaqla tərcümeyi-hallarını portala əlavə edə bilərlər.