22 Noyabr 2024

Xalqın partiyası

Yeni Azərbaycan Partiyası ölkədə aparıcı siyasi qüvvədir və partiyanın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir

Tarixi şəxsiyyətlər və onların missiyaları haqqında danışmaq nə qədər asandırsa onu dərk etmək, təbliğ etmək o qədər çətindir. Bu gün Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası tarixin amansız küləklərinə sinə gərərək Zəfər qazanmış bir dövlətin partiyasıdır. Zənnimcə, Yeni Azərbaycan Partiyasının bir digər adı isə “HEYDƏR ƏLİYEV PARTİYASI”dır.   Bu partiyanın Azərbaycan xalqına qazandırdığı uğurlar tarix boyu hər zaman yaddaşlarda qalacaq. Əsası ulu öndər Heydər Əliyev tərəfində qoyulan bu partiya Azərbaycanın xöşbəxt gələcəyinin qarantıdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət suverenliyinin möhkəmləndirilməsi üçün qarşıya bir sıra hədəflər qoydu. Amma geosiyasi və geoiqtisadi faktorlar bu vəzifənin öhdəsindən gəlməyə ciddi maneə yaradırdı. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradır, digər tərəfdən isə bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi. Antimilli qüvvələrin tutduğu siyasi xətt xalqda böyük hiddət doğururdu. Qərara gəlindi ki, çətin vəziyyətdə olan xalqı təşkilatlandırmaq lazımdır. Bu təşkilatçılıq işini ancaq dahi Heydər Əliyevin partiyası təşkil edə bilərdi. Bu məqsədlə partiyanın yaranması ideyası ortaya çıxdı.

Yaxınlaşan milli fəlakəti hiss edən 91 nəfər vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Onlar tarixə “91-lər” adı ilə düşdülər.

1992-ci il oktyabrın 24-də Ümummilli Lider “Səs” qəzetində ölkə ziyalılarına cavab verdi. Bu, əslində real vəziyyətin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi.

Nümayəndə heyətləri Naxçıvana, Heydər Əliyevin yanına getdi, müzakirələr aparıldı. Ulu öndər özü də bildirirdi ki, O, nəinki partiya yaratmaq, heç partiya üzvü olmaq da istəmir. O, 1991-ci ildən ərizə yazıb Kommunist Partiyasından çıxmışdı. Həmin vaxt çox ağır durum yaranmışdı. Ölkə çoxsaylı problemlərlə üz-üzə idi. Bütün sahələr dərin böhran içində idi və Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Bunları nəzərə alan Heydər Əliyev partiya yaradılmasına razılıq verdi.

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin məntiqi yekunu və mövcud ictimai-siyasi şəraitin konkret nəticəsi idi.

Sovet rejiminin süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatının gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyəti ələ keçirən qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli vəziyyət yaratmışdılar.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyətinin ətrafında birləşdilər.

1993-cü il iyunun 9-da isə Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıtması, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını həyata keçirməyə başlaması böyük tarixi əhəmiyyətə malikdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq, əbədi etmək  idi. Bu, Ümummilli Liderin qətiyyəti, iradəsi sayəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı.

3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində yuxarıda bəhs olunan reallıqların məntiqi nəticəsi kimi, xalqımız Ümummilli Lider Heydər Əliyevə yüksək etimad göstərdi. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir. İnkaredilməz reallıqdır ki, məhz bundan sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi. Ona olan ümidləri doğruldan böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində  ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ordu quruculuğu prosesinə başlanması, Qarabağ müharibəsində atəşkəs əldə edilməsi və digər strateji əhəmiyyətli addımların atılması Azərbaycanın tərəqqisinə xidmət edən mütərəqqi strateji inkişaf planının həyata keçirilməsinə imkan verdi.

Paralel olaraq hüquqi, demokratik dövlət quruculuğuna xidmət edən addımların atılması müasir müstəqil Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət etdi. Bu kontekstdə ölkədə ilk parlament seçkilərinin keçirilməsi, ümumxalq səsverməsi – referendum vasitəsilə Konstitusiyanın qəbul edilməsi, məhkəmə islahatlarının aparılması, Konstitusiya Məhkəməsinin və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini şərtləndirdi. Eyni zamanda, milli maraqlara əsaslanan, praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, müstəqil milli dövlət kimi dünya birliyinə uğurla inteqrasiya olunması Heydər Əliyevin müstəsna əhəmiyyətə malik olan tarixi xidmətləri sırasında xüsusi yer tutur. Özəlliklə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması Azərbaycanın iqtisadi inkişafına xidmət etdi, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradıldı. Şübhəsiz ki, 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti və səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi. Artıq 27 ildir ki, neft strategiyası uğurla həyata keçirilir. Bu günə qədər Azərbaycanın təşəbbüsü və liderliyi ilə çoxsaylı enerji layihələri reallaşdırılıb. 2017-ci il sentyabrın 14-də isə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması tarixi əhəmiyyətə malikdir. Bu Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli mühüm yer tuturdu. Başqa sözlə, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli strateji prioritet  kimi müəyyənləşdirilmişdi. Bu istiqamətdə reallıqlar, tarixi faktlar beynəlxalq ictimaiyyətin – dünya birliyinin nəzərinə çatdırıldı. Bunun nəticəsində zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi, Ermənistanın isə işğalçılıq siyasətinin pisləndiyi qətnamələr, bəyanatlar qəbul olunmuşdu.

Bir sözlə, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illər sabitlik və inkişaf dövrü kimi yadda qaldı. Bu gün əminliklə və qətiyyətlə “müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” fikrini ifadə etməklə müstəsna tarixi reallığın üzərinə işıq salmış oluruq. Ən əsası, Heydər Əliyevin zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyidir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi müstəsna əhəmiyyətə malikdir. Bu günə qədər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı fundamental tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb və bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir.

Sevindirici haldır ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edərək öz qüdrətini daha da artırır. Ulu Öndərin layiqli varisi və alternativsiz siyasətinin davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır. Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda qətiyyətli addımlayır, intensiv tərəqqi bütün sahələri əhatə edir.

Bu gün Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti Azərbaycan xalqını 30 ildən sonra öz tarixi dədə-baba torpaqlarına qaytardı. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur! ” deyən Ulu Öndər Heydər Əliyevin ən böyük arzuları gerçəyə çevirildi. Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən Azərbaycan xalqı hər kəsi heyrətə gətirən 44 günlük Vətən müharibəsi ilə həm ərazi bütövlüyünü bərpa etdi, həm də dünyaya Azərbaycanın gücünü göstərdi.

Daxili və xarici siyasət strategiyasının aydın konturları YAP-ın cəmiyyətin mütləq əksəriyyətinin inamını qazanmasında müstəsna rol oynayır. Regionda yaranan gərginliklər fonunda Azərbaycan “sabitlik adası” kimi tanınır. Xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir, təminatçı qismində isə Azərbaycan xalqı çıxış edir. Məhz sabitlik faktoru ölkənin iqtisadi inkişafında fundamental rol oynayır.

Yeni Azərbaycan Partiyası ölkədə aparıcı siyasi qüvvədir. Partiyanın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Bunu YAP sıralarının genişlənməsi və 800 minə yaxın partiya üzvünün olması faktı da təsdiqləyir. Yarandığı gündən indiyədək iştirak etdiyi bütün seçkilərdə qalib qələn partiyanın gələcək hədəfləri də aydındır: müstəqilliyin dönməzliyi, davamlı iqtisadi inkişaf, hər bir Azərbaycan vətəndaşının sosial rifahı.

Ruslan Qasımov,

YAP Gənclər birliyinin üzvü, Qərbi Azərbaycan icmasının Gənclər birliyinin sədr müavini, Türkiyədə Atatürkçü düşüncə birliyinin fəxri üzvü