Volodimir Zelenski: “Rusiya bizi İran PUA-ları ilə vurur”
“Rusiya bizi İranın “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə vurur”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.
O bildirib ki, Ukrayna terrorçularla mübarizə aparır.
V.Zelenski, həmçinin Rusiyanın 2 hədəfinin olduğunu söyləyib: “Qarşı tərəf enerji obyektlərini hədəf almaqla enerji sistemimizi məhv etmək, xaos yaratmaq istəyir. İkinci hədəf isə mümkün qədər çox insanın ölümünə səbəb olmaqdır”.
Dövlət başçısı əhalidən sığınacaqlarda qalmağı xahiş edib: “Hərbçilərimizin köməyi sayəsində hər şey yaxşı olacaq”.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.