“Vətən”imin yelpiklənən yarpağı – Ramiz Qusarçaylı

Ramiz Qusarçaylı… “Azərbaycan bayrağı” kimi poeziya aləmində sözün həqiqi mənasında dalğalanan, öz “Vətən”ində ölkəmizin tarixini böyük bir məharətlə oxuculara təqdim edən bu şəxsin adının qarşısına müxtəlif epitetlər yazıb onu sizə təqdim edə bilərdim. Amma buna ehtiyac duymadım. Niyə? Bu günlərdə onun yeni çap olunmuş “Vətən”ini bir daha vərəqləyəndə başa düşdüm ki, Ramiz Qusarçaylı hələ də layiq olduğu rəsmi titula layiq görülməyib. Halbuki heç bir təmənna ummadan öz yaradıcılığı ilə xalqına xidmət edən Ramiz Qusarçaylı ədəbi yaradıcılığının bütün parametləri ilə Xalq şairi fəxri adına layiqdir. Çünki o həqiqətən, şair, tarix elmləri doktoru, professor Şahin Fazilin təbirincə desək, Vətən aşiqi, Vətən vurğunu, Vətən munisi, Vətən şairi, Vətən dəlisidir. Şübhəsiz, Vətəni xalqsız təsəvvür etmək mümkün deyil. Yəni Vətən demək, xalq deməkdir. Bu mənada bu “Vətən dəlisi”nin Vətən sevgisi ilə xalq sevgisi vəhdət təşkil edir.
Bu günlərdə Ramiz Qusarçaylının poema janrında yazdığı “Vətən” ədəbi mühitdə sözün həqiqi mənasında, bir ədəbi-poetik hadisəyə çevrilib. Artıq bunu tarixçilərimiz də, ədəbiyyatşünaslarımız da birmənalı şəkildə vurğulayırlar. Hətta Ramiz Qusarçaylı öz “Vətən”i ilə bir neçə institutun işini görüb deyirlər. Bu prosesdə ona özünün dediyi kimi, poeziyada eşqin dilini Füzulidən, inadın dilini Nəsimidən, Qılıncın dilini Şah İsmayıldan, satiranın dilini Seyid Əzimdən, Sabirdən, təfəkkürün dilini Caviddən, bayrağın dilini Əhməd Cavaddan, dilin dilini Səməd Vurğundan, Mikayıl Müşfiqdən, Osman Sarıvəllidən, fəlsəfənin dilini Bəxtiyar Vahabzadədən, obrazın dilini Məmməd Arazdan, təbiətin dilini Musa Yaqubdan öyrənməsi də öz sözünü deyib.
Gəlin, etiraf edək ki, indiyədək ölkəmizin tarixi ilə bağlı çox kitablar oxumuşuq. Amma tarixi proseslərdəki əksər mətləbləri başa düşməkdə, dərk etməkdə çətinlik çəkmişik. Amma “Vətən”də bütün tariximiz – Azərbaycanın keçdiyi bütün tarixi mərhələlər, baş verən ən mühüm hadisələr, yadelli müdaxilələrə və iç savaşlara qarşı mübarizə səhnələri oxucuya poetik dildə elə çatdırılır ki, əlavə heç bir izaha ehtiyac duyulmur. Başqa sözlə desək, Ramiz Qusarçaylı tariximizi özünün poeziya xəlbirindən, ələyindən elə səliqə ilə keçirib ki, bir daha onu xəlbirləməyə, ələməyə ehtiyac yoxdur. Firkimi “Vətən”dəki bir parça ilə əsaslandırsam, məncə, yerinə düşər:
Böldü məmləkəti,
böldü min yerə,
Böldü,
parçaladı müqavilələr, –
Kürəkçay, –
kələk çay müqaviləsi.
Türkmənçay, –
türkmən-vay müqaviləsi.
Gülüstan, –
külüstan müqaviləsi.
Tarixi faktları bu şəkildə poetikləşdirmək isə hər şairə nəsib olmur.
Yeri gəlmişkən, bəzən deyirlər ki, Vətən sevgisi sərhəddən başlayır. Şəxsən mən bu fikirlə əsla razı deyiləm. Fikrimcə, Vətən sevgisi milli düşüncəmizdən, türkçülüyümüzdən başlayır. Bütün bunları isə artıq mənim də, sənin də “Vətən”i olan Ramiz Qusarçaylının “Vətən”indən əxz etmək mümkündür. Bu mənada deyirdim ki, Vətən Ramiz müəllimin “Vətən”indən başlayır
Aprelin 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Ramiz Qusarçaylının “Vətən” kitabının təqdimatında bütün bunlar və digər mətləblər haqqında bir daha ətraflı danışıldı. Belə ki, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, tanınmış şair Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Elçin Hüseynbəyli, Milli Məclisin deputatı, əməkdar elm xadimi, akademik Nizami Çəfərov, ədəbi tənqidçi Əsəd Cahangir, Azərbaycan Pedaqoju Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə diktoru Yeganə Qəhrəmanova, şair, tarix elmləri doktoru, professor Şahin Fazil, AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunin icraçı direktoru, Fövqaladə və Səlahiyyətli səfir, tarix elmləri doktoru, professor Eynulla Mədətli, Xalq şairi Vahid Əziz və digərləri bildirdilər ki, Səməd Vurğun məqamına yüksəlmiş Ramiz Qusarçaylı həqiqətən bu gün poeziyamızın ən aparıcı simasıdır. O bunu “Vətən”i ilə bir daha təsdiq edib. Demək olar ki, çıxış edənlərin hər biri indiyədək Ramiz Qusarçaylının Xalq şairi adına layiq görülməməsini təəssüflə vurğuladılar. Buna rəğmən, bu istiqamətdə müəyyən addımlar atacaqlarını, üstəlik, “Vətən”in orta məktəblərdə rəsmi olaraq sinifdənkənar oxu kimi tədris proqramına salınması üçün Təhsil Nazirliyinə müraciət olunacağını qeyd etdilər.
Bu yazıya belə sərlövhə seçməyim təsadüfi deyil. Bu gün həqiqətən də Ramiz Qusarçaylı Vətən dalğalı poeziyamızın yelpiklənən yarpağıdır. Yarpaq isə bildiyiniz kimi, bitkinin həyatında fotosintez, tənəffüs, buxarlanma kimi funksiyaları yerinə yetirir. Hətta bioloqların fikrincə, heç bir bitki orqanı, yarpaq qədər çox vəzifə daşımır.
Yazımı isə Abbas Səhhətin “Vətən” şeirinin motivləri əsasında “Vətən”ə həsr etdiyim bu misralarımla tamamlamaq istərdim:
“Könlümün sevgili məhbubu mənim”,-
“Vətən”imdir, “Vətən”imdir, “Vətən”im.
O, Azərbaycanımın dastanıdır,
Dünəni, həm bu günü – hər anıdır.
O, Vətən tariximin tablosudur,
Məkkəsi, Kəbəsi, həm qibləsidir.
Hər sözü, hər sətiri çox uludur,
Hərəsi bir yeni dastan qoludur.
O kitab məndə masaüstü olub.
Deməli, hər kitabdan üstün olub.
Qvami Məhəbbətoğlu