22 Dekabr 2024

Vətən tam, il tamam!

2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.
2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.
Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə qarşı mina terroru davam etdirildi.
Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdir ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır.
Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı.
2023-cü ilin aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.
Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır.
Onu da qeyd edək ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.
Bizim Ordumuz günü-gündən güclənir, antiterror əməliyyatında da bu gücü və peşəkarlığı hər birimiz gördük. Yeni silahlar, hərbi texnikalar alınır, gətirilir, bir çox yeni kontraktlar imzalanır. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.
Bizim beynəlxalq nüfuzumuz günbəgün artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər – COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Əlbəttə ki, COP29 – iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir.
Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırılan Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir.
Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ.

Şəmsiyyə Abbaszadə – Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi