21 Dekabr 2024

“Varvara” Ovçuluq Təsərrüfatının təcrübəsi: Ov turizmi üçün böyük potensial- ARAŞDIRMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Varvara Ovçuluq Təsərrüfatı Azərbaycan təbiətinin qorunması və qanuni ov mədəniyyətinin inkişaf etdirilməsi baxımından nümunəvi bir təsərrüfat kimi diqqət çəkir. Bu təsərrüfatda qanunsuz ovçuluğun qarşısı tamamilə alınıb və nəzarət tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib. Bu tədbirlər nəticəsində yerli əhali qanuni ova alışaraq təbiətin qorunmasına dəstək verir. Bunun nəticəsi olaraq, təsərrüfat ərazisinə qaşqaldaq, ördək, gərəf kimi su quşları yenidən köç etməyə başlayıb və son vaxtlar hətta bataqlıq qunduzu kimi heyvan növlərinin də burada görünməsi bizi sevindirir. Təsərrüfatın suyu və ərazisi təmizdir. Bu da ətraf mühitin sağlam ekosistemini qoruyub saxlayır və gələnlərə unudulmaz təbiət mənzərəsi təqdim edir.

Varvara Ovçuluq Təsərrüfatında qanunsuz ovçuluğun tamamilə dayandırılması məqsədilə ciddi nəzarət tədbirləri görülüb. Bu tədbirlər nəticəsində yerli kənd əhalisi arasında qanuni ov qaydalarına riayət etməklə bağlı maarifləndirmə işləri aparılıb, vətəndaşlar təbiətə zərər vurmadan, qaydalara uyğun şəkildə ov etməyə təşviq edilib. Müfəttiş Səbuhi İsmayılov bu mövzuda fikirlərini bölüşərək vurğulayır: “Biz buradakı qanunsuz halların qarşısını almaq üçün nəzarəti çox ciddi şəkildə gücləndirmişik. Əhalinin qanuni ova adaptasiyası sayəsində təsərrüfat ərazisində qanun pozuntularının qarşısı tam olaraq alınıb. İndi insanlar təbiətə qayğı göstərməyi öyrənib və bura gələn hər kəs üçün ideal şərait yaradılıb.”

Bununla yanaşı, müfəttiş bildirir ki, bu tədbirlərin nəticəsində təsərrüfatda müxtəlif növ quşlar və heyvanlar yenidən görünməyə başlayıb. Ərazi su quşları üçün cəlbedici məkana çevrilib: “Artıq təsərrüfatda qaşqaldaq, ördək, gərəf və bataqlıq tez-tez görülür. Bu, bizim üçün çox dəyərli bir uğurdur, çünki təbii tarazlığın bərpa edilməsi istiqamətində göstərdiyimiz səylərin nəticəsini görürük. Eyni zamanda, təsərrüfata brokonyerlərin və qanunsuz ov edənlərdən girişinin qarşısını alınması burada sağlam ekosistemin qorunmasını dəstəkləyir,” – deyə müfəttiş əlavə edir.

Ekologiya üzrə mütəxəssis, ETSN yanında İctimai Şuranının üzvü Elşad Əsgərov Varvara Ovçuluq Təsərrüfatının potensialının böyük olduğunu və buradakı imkanların daha geniş səviyyədə istifadə edilə biləcəyini bildirir. Onun sözlərinə görə, təsərrüfatın gələcək inkişafı üçün ov turizminin inkişafı zəruridir: “Varvara Ovçuluq Təsərrüfatı xüsusi bir təbii gözəlliyə və zəngin ekosistemə malikdir. Bu imkanlardan daha effektiv istifadə etmək üçün ov turizminin daha geniş şəkildə inkişafı böyük əhəmiyyət kəsb edir. Burada yaradılan şəraitlə həm yerli, həm də xarici turistlər üçün maraqlı bir təcrübə təqdim etmək olar. Eyni zamanda, ov turizminin inkişafı ətraf kəndlərin iqtisadiyyatını gücləndirəcək və Azərbaycanın təbiət gözəlliklərini tanıtmaq üçün yeni imkanlar yaradacaq.”

Vətəndaş Cəmiyyətinin tanınmış nümayəndəsi, hüquqşünas və DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev isə belə hesab edir ki, ölkədə ovçuluq təsərrüfatlarının inkişafı üçün ilk növbədə qanunvericilik təkmilləşdirilməlidir: “Varvara Ovçuluq Təsərrüfatındakı müsbət tendensiyalar təqdirəlayiqdir. Lakin məsələyə kompleks yanaşmaq lazımdır. Bu gün ovçuluq sahəsini tənzimləyən qanunlar təsərrüfatların inkişafına və müstəqil iqtisadi subyekt kimi gəlir gətirməsinə imkan vermir”.

Ekspert əlavə edir ki, qanuni və təhlükəsiz ov fəaliyyəti bura gələnlərə həm təbiətə yaxın olmaq, həm də ovçuluğun etik prinsiplərinə riayət etməyi öyrənmək imkanı verir. Turistlərin və təbiət həvəskarlarının Varvara Ovçuluq Təsərrüfatına daha çox cəlb edilməsi ilə Azərbaycan təbiətinin unikal ekosistemi xarici və yerli səviyyədə tanıdılacaq.

Varvara Ovçuluq Təsərrüfatının təcrübəsi göstərir ki, Azərbaycanda ov mədəniyyətini və turizmini inkişaf etdirmək üçün böyük potensial var. Lakin qeyri-neft sektorunun inkişafı üçün mühüm sektor ola biləcək ovçuluq təsərrüffatlarına strateji baxış yoxdur. Odur ki, bu sahədə xüsusi dövlət proqramının qəbul və icra olunmasına ehtiyac var.

Araşdırma Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarının fəaliyyətinə ictimai nəzarət” layihəsi çərçivəsində hazırlanıb.