Universitetlərdə təhsil ənənəvi, yoxsa distant formada olacaq? – gözlənti
Kamran Əsədov: “Ənənəvi təhsil bərpa olunacaqsa, bir neçə amilə xüsusi diqqət edilməlidir…”
Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqlənib. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, məktəblərdə və universitetlərdə dərslər sentyabrın 15-də başlayacaq. Bununla da pandemiya şəraitinin davam etməsinə baxmayaraq, bu il də tədris ənənəvi vaxtda – 15 sentyabrda başlayacaq.
Lakin xüsusən də universitetlərin ənənəvi yoxsa distant formada təhsilə davam edəcəyi hələlik məlum deyil. Qeyd edək ki, bir çox ölkələr, o cümlədən Türkiyə artıq ötən həftədən 2021-2022-ci tədris ilində universitetlərdə ənənəvi təhsili bərpa edəcəyini açıqlayıb. Bəs Azərbaycan universitetlərində də ənənəvi dərslərin bərpa olunması ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Yeni tədris ilinin ənənəvi başlanması qaçılmazdır. Buna əsas verən kifayət qədər məqamlar var. Xatırladım ki, 2020-ci ilin tədris ili pandemiya səbəbindən onlayn formada başladı və xeyli problemlər yaşandı. Yəni tələbələrin tədrisi mənimsəməsi, təhsilin əlçatımlı olması istiqamətində ciddi problemlərlə üzləşdik. 2020-ci ilin sentyabrın 15-də və 2021-ci ilin martında orta məktəblərdə dərslər bərpa olunsa da, bu ali təhsil müəssisələrinə şamil edilmədi. İndi də düşünürəm ki, ali təhsil müəssisələrinin hansı formada təhsilə başlayacağı ilə bağlı qərarın qəbul edilməsi gecikir. Çünki tələbələr əgər ənənəvi təhsilə başlayacaqlarsa, indidən kirayə məsələsini, digər iqtisadi məsələləri həll etməlidirlər.
Kamran Əsədov
Məndə olan məlumata görə, artıq bütün ali təhsil ocaqlarında ənənəvi təhsil üçün hazırlıq gedir, pandemiya şəraitinə uyğun tədbirlər görülür. Burada çox ciddi – auditoriyada tələbələrin sayının tənzimlənməsi məsələsi durur. Bildiyiniz kimi, hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi var ki, onlarda da təxminən 180 min tələbə təhsil alır və bununla da müəyyən tələbə sıxlığı müşahidə edilir. Digər tərəfdən, tələbələrin müəyyən qismi kirayələrdə yaşayacaq, hansı ki, bəziləri kirayədə ev sahibləri ilə birgə olacaq. Ola bilər ki, bu zaman potensial yoluxma riski olsun. Lakin gedişat onu göstərir ki, ölkədə yoluxma sayının artması təhsilin ənənəvi formada başlamasına mane ola bilməyəcək. Çünki artıq ölkədə 6 milyondan çox insan vaksinasiya olunub, həmçinin pandemiya qaydalarına uyğun yaşama şəraitinə yiyələnmişik”.
Təhsil eksperti yeni tədris ili ilə bağlı öz tövsiyələrini də qeyd edib: “Universitetlərdə ənənəvi təhsil bərpa olunacaqsa, bir neçə amilə xüsusi diqqət etmək lazımdır. Dərsləri ənənəvi qaydada yalnız ixtisaslar üzrə keçmək lazımdır, qeyri-ixtisaslar, yəni ixtisaslar üçün ikinci dərəcəli fənlər keçirilməməlidir. Məsləhətdir ki, həmin fənlər onlayn olsun”.
Xalidə GƏRAY,
Musavat.com