23 Dekabr 2024

Universitetlərdə ilk: Rektor İctimai Şura qarşısında hesabat verdi

UNEC rektoru, professor Ədalət Muradov İctimai Şura qarşısında universitetdə görülən işlər barədə hesabatla çıxış edib.

Hesabat tədbirində UNEC nəzdində İctimai Nəzarət Şurasının üzvləri millət vəkilləri Etibar Əliyev, Hikmət Məmmədov, Arzu Nağıyev, professor Şahlar Əsgərov, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri  İlqar Orucov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva, Elm və Təhsil Nazirliyi nəzdində İctimai Şuranın sədri Günel Səfərova, media nümayəndələri və universitetin struktur rəhbərləri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılmış Memorial Abidə Kompleksi qarşısında şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra 24/7 kitabxana, Ekstern Mərkəzi, Bloomberg laboratoriyası ilə, eləcə də yenidən təmirdən çıxmış Karyera Mərkəzi və Kiçik akt zalında yaradılmış şəraitlə tanış olublar.

Millət vəkili, UNEC nəzdində İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev rektorun ictimaiyyət qarşısında hesabat verməsini ölkədə yenilik adlandıraraq, bu yeniliyin yeni çağırışlara vəsilə olacağını bildirib. İctimai şuraların fəaliyyətinin qurumlarda  işlərin daha yaxşı təşkilinə dəstək olduğunu deyən Şura sədri, UNEC-in son dövrlərdə ciddi uğurlara imza atdığını və inkişaf edən universitet statusunda olduğunu  diqqətə çatdırıb.

Sonra rektor Ədalət Muradov hesabatla çıxış edib. Bildirib ki, UNEC-in 2030-cu ildə əsas hədəfi dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmaqdır.

Hesabatda qeyd olunub ki, 4 dildə təhsil verən UNEC-də bakalavriatura üzrə 22, magistratura üzrə 20 ixtisas, MBA poqramı üzrə 29 ixtisaslaşmaya qəbul aparılır. MBA proqramı üzrə 8 yeni ixtisaslaşma 2022-ci ildə yaradılmışdır.

2013/2014-cü illə müqayisədə bakalavriatura üzrə tələbə sayı 4,01 faiz, magistratura üzrə 7,1 faiz, MBA proqramı üzrə 54,08 faiz artıb. Qəbul planı müvafiq təhsil səviyyələri üzrə 3,57 faiz, 62,8 faiz, 84,8 faiz yüksəlib.

Bildirilib ki, UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb. Tədrisin təşkilində EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi kağız daşıyıcılar üzərindən deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır.

Tədrisin demokratikləşdirilməsi və humanistləşdirilməsi məqsədilə 100 hibrid auditoriya yaradılıb. Tələbələr 53 ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə mühazirələr yalnız distant formada aparılır.

Tələbələrin təhsil sənədlərini daha rahat və operativ şəkildə əldə etmələri üçün 2019-cu ildən “Bir Pəncərə Xidməti” fəalliyyətə başlayıb. Təkcə 2022/2023-cü ildə Bir Pəncərə Xidmətinə 17.000  tələbə müraciəti olunub.

UNEC-də təkrar ali təhsil və əcnəbilərin qəbulu da tamamilə elektronlaşdırılaraq, onlayn qaydada həyata keçirilir.

Regionda ilk dəfə olaraq, yeni tədris ilindən UNEC-də müasir tədris metodunu kökündən dəyişən “Çevrilmiş təhsil” (Flipped Education)  metodu tətbiq olunur. Dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi dərs zamanı biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formada ötürülməsidir.

Qeyd olunub ki, dünya təcrübəsində də tətbiq olunan sessiya imtahanlarının mərhələli şəkildə ləğvi strateji hədəflərdəndir. Tələbə biliyinin qiymətləndirilməsi ona verilən layihə əsasında aparıla bilər.

UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində də mühüm uğurlara nail olunub. Belə ki, Web of Science indeksli jurnallarda ümumilikdə çap olunan UNEC-ə mənsub 755 məqalənin 88 faizi, Scopus indeksli jurnallarda isə çap olunan 703 məqalənin 96 faiz məhz 2014/2022-ci illərin payına düşür.

UNEC-də müəllimlərin tədqiqat fəaliyyətinin stimullaşdırılması məqsədilə  diferensial əmək haqqı sistemi tətbiq olunur ki, bu sistemin 70% faizi elmi-tədqiqata aid edilir. İlk onluqda olan müəllimlərin əmək haqqı 2 dəfə artırılır. Qeyd olunub ki, inzibati işçilərin də xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əmək haqqı sistemi hazırlanıb və qısa zamanda tətbiqinə başlanılacaq.

Rektor bildirib ki, tələbənin biliyi ilə yanaşı, bacarıqlarının da qiymətləndirilməsi məqsədilə akademik transkriptlərlə yanaşı, qeyri-akademik  transkript də veriləcək. Bu, onların gələcək karyeralarında böyük imkanlar yaradacaq. İşəgötürən transkriptdəki QR kodu oxudaraq, tələbənin hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq.

“UNEC tələbələri məzun olduqda ən azı bir xarici dil bilməlidir”- deyə vurğulayan rektor, universitetdə ingilis dilinin 4 bacarıq üzərindən 2 il müddətində tədris olunduğunu diqqətə çatdırıb. Ə.Muradov UNEC-də IELTS tərəfdaşı olan Dil Mərkəzinin fəaliyyətə başladığını və dekabr ayında ilk imtahanların keçirildiyini bildirib.

Qeyd olunub ki, UNEC beynəlxalq reytinqlərdə yer alaraq, ciddi uğurlar qazanıb. QS dünya reytinqində UNEC 1001-1200, QS regional reytinqində 221-230, Times Higher Education Impact Rankings 801+, U-Multirank dünya reytinqində 251-300, Asiya üzrə isə 18 ən yaxşı universitet sırasında yer alıb.

Kitabxanaların fəaliyyətindən danışan rektor, hazırda UNEC Kitabxana İnformasiya Mərkəzində kitab fondunun sayının 85250 nüsxəyə çatdırıldığını, elektron resurs sayının isə bir milyondan çox olduğunu deyib.

UNEC-də daha bir yenilik Assistentlik institutunun yaradılmasıdır. Kafedralarda fəaliyyət göstərən laborantları artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.

Ədalət Muradov UNEC-də Ömürboyu təhsil mərkəzinin fəalliyətə başladığını, kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığının aparıldığını qeyd edib.

Bildirilib ki, UNEC əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə universitetdə orta aylıq əmək haqqı 1,92 dəfə artırılmışdır. Bu, pedaqoji heyət üzrə 1,96 dəfə, inzibati heyət üzrə isə 2 dəfə artım təşkil edir.

Hesabat dinlənildikdən sonra Şura üzvləri fikilərini bölüşüblər.

Elm və Təhsil Nazirliyi nəzdində İctimai Şuranın sədri Günel Səfərova rektorun  İctimai Şura qarşısında hesabat verməsini yeni hərəkatın əsası adlandıraraq, bu təcrübənin digər ali təhsil müəssisələrində də tətbiq olunmasının əhəmiyyətini vurğulayıb.

Millət vəkili Hikmət Məmmədov rektorun hesabatını “Ümid” adlandırıb. Yeni nəsil universitet modelinin formalaşdırılması istiqamətində UNEC təcrübəsini yüksək qiymətləndirən millət vəkili İqtisad Universitetinin ictimaiyyətdə UNEC brendi kimi müsbət imiclə formalaşmasını universitetin böyük uğuru adlandırıb.

Professor Şahlar Əsgərov İctimai Nəzarət Şurasının üzvü kimi universitetdəki yenilkləri yaxından izlədiyini diqqətə çatdıraraq, UNEC-in idarəetmə, təhsilin məzmunu, struktur baxımından yeni çağırışlara cavab verən ali təhsil müəssisəsi modeli yaratdığını deyib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz UNEC-in rəqəmsallaşma və rəqəmsal transformasiyalar sahəsində mühüm yeniliklər tətbiq etdiyi bildirərək, universitetin gələcək fəaliyyətində rektora uğurlar arzulayıb.