22 Dekabr 2024

Ümummilli Lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənirdi

Möhtərəm prezidentimiz İlham Əliyevin müvafiq  sərəncamı ilə ümummilli liderin 100 illiyi münasibətilə 2023-cü ilin Heydər Əliyev ili elan olunması xalqımız tərəfindən rəğbətlə qarşılanıb. Ölkəmizin hər yerində maraqlı tədbirlər təşkil edilir, ümummilli liderin irsi geniş təbliğ olunur.

Buradan da göründüyü kimi xalqın qəlbində əbədi olaraq ümummilli liderə qarşı  böyük məhəbbət mövcuddur.100 ilin tarixində böyük şəxsiyyətin adı elə fenomenallaşıb ki, bunu yüzillər sonra da, nə qədər ki, Azərbaycan var, xalqımız beləcə sevgi ilə xatırlamalı olacaq.

Heydər Əliyev dühası 100 il əvvəl Azərbaycanın ən qədim, müqəddəs torpağı Naxçıvanda dünyaya gəlişi ilə Azərbaycan xalqının taleyüklü tarixində tanrının lütfü olaraq qəbul olunmalıdır. Hansıki həmin dövrdə Azərbaycan ən çətin tarixini yaşayırdı. Müstəqil dövlət qurmaq istəyən bir xalqın qurduğu dövlət yıxılmış,yadellilərin hökmranlığı altında milli müqəddaratını qoruyub saxlamaq uğrunda fədəkarcasını çarpışırdı.Belə bir çətin dövrdə  Heydər Əliyevin dünyaya gəlişi xilasımızın başlanğıcı demək oldu.

Tarix maraqlı təsadüflərlə dolu olur, adətən. Təsadüflərin zərurətə çevrilməsi böyük hadisələrin baş verməsinə rəvac verir. Bu anlamda tariximizin yeni dövrünü Heydər Əliyevin anadan olduğu tarixə bağlamaq bəlkədə ən doğru yanaşma olardı.

Tarixi şəxsiyyətlər arasında paralellər aparmaq , onların oxşar və fərqli cəhətlərindən danışmaq maraqlı fikirlərin ortaya çıxması deməkdir. Dünyada çoxlu sayda tarixi şəxsiyyətlər olub ki, onların dövlət quruculuğu, ideoloji, fəlsəfi fikirləri həmişə örnək olaraq qəbul olunur. Ümmummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına nəzər yetirəndə bu amil xüsusilə insanı heyran edir.

10 may 1923-cü ildə Azərbaycanın Naxçıvan şəhərində dünyaya göz açan Heydər Əliyev türk dünyasının parlaq şəxsiyyətlərindən biri kimi  Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrini qoruyan fenomenal şəxsiyyətdir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Ümummilli lider Heydər Əliyevi müasir dünya tarixində yeganə olaraq Atatürklə  müqayisə etmək olar. Anadolu türkləri üçün Atatürk necə bir lider olubsa, Heydər Əliyev də Azərbaycan türkləri üçün elə bir liderdir. Ata adlarında belə yaxınlıq maraqlı nüans, mistik görüşümüzdə xalaskarlıq obrazının formasını yaradır. Onların gözlərindəki parlaqlıq , mavi işıq qaranlıqları aydınlığa çevirmənin simvoludur. İki şəxsiyyət siyasətə xalqı qorumaq, xilas etmək məqsədilə gəlib. Generallıqdan dövlətin başına gəlməklə qətiyyət, hünər sayəsində dövləti möcüzələr sayəsində xilas etməyi bacarmışdılar.

Ümummilli Lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənirdi. Vətənə, torpağa bağlılığını atdığı addımları ilə təsdiqləyən Ulu Öndərin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib. Dahi şəxsiyyət hər kəsə Vətəni sevməyi öyrətdi. Belə bir çağırışı da etdi ki, Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq.

Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən əhəmiyyətli addımlar atmışdır. Ümummilli Liderin  xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız  qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Azərbaycanın hər bir uğuru Ulu Öndərin adı ilə bağlıdır. Möhkəm təməl davamlı uğurların əsasıdır. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradılıb. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsini, təbliğini fəaliyyətinin önündə saxlayıb.

Bu gün Azərbaycan bütün sahələrdə uğurlar əldə etməkdədir. Ən çətin taleyüklü Qarabağ problemi belə möhtərəm prezidentimiz İlham Əliyevin komandanlığı ilə həll edilmiş oldu. İndi Qarabağ sözün həqiqi mənasında döyüş meydanından, abadlıq-quruculuq meydanına çevrilib. Dağılan, düşmənin xarabazara çevirdiyi yurd yerlərimiz bərpa olunur. Soydaşlarımız uzun illərdən sonra həsrətində olduqları torpaqlarımıza qayıdırlar. Nə gözəl ki, bu günləri görmək bizə nəsib oldu. Bütün bu uğurları bizə bəxş edən heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsi, həyata keçirilməsi ilə mümkün olmuşdur.Bütün bunlara görə Azərbaycan xalqı daim özünün xilaskarı, ümummilli liderini daim məmnunluq hissi ilə xatırlaycaq.

Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu