08 Sentyabr 2024

Ulu Öndər xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.

Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı