Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi
22 sentyabr 1993-cü il tarixdə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında Ulu Öndər deyib: “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”
Eyni zamanda, o, gənclər qarşısında da məsul vəzifələr dayandığını diqqətə çatdırırdı: “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.”
Heydər Əliyev tövsiyə edirdi: “Həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır.”
O bildirirdi: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.”
“Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.”
Ümummilli Lider gənclərə müraciətlə deyirdi: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir.”
O deyirdi: “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.”
Ulu Öndər xatırladırdı: “Milli, mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir.Milli ideologiya konsepsiyası haqqında danışanda gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır.”
O, əminliklə deyirdi: “Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız. Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz.”
Heydər Əliyev bütün uşaqlara qayğı ilə yanaşırdı: “Mən bütün Azərbaycanın uşaqlarını öz uşaqlarım hesab edirəm, övladlarım hesab edirəm, nəvələrim hesab edirəm. Millət üçün, dövlət üçün, ölkə üçün, xalq üçün uşaq, gənclik hər şeydən qiymətlidir. Uşağın dünyaya gəlməsi, onun sağlam böyüməsi, gənc nəslin yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq.”
“Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar,”– deyən Heydər Əliyevin fikirləri bu gün həyatda öz yerini tapır.
Ümummilli Lider deyirdi: “Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır.”
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi