08 Sentyabr 2024

Ulu Öndər gənc nəslə qayğını hər zaman önə çəkib

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin mühüm rolu var. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran dahi şəxsiyyət Heydər Əliyev böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkib, onların hərtərəfli inkişafını, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsini daim diqqət mərkəzində saxlayırdı.

Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı, gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyib, dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Ulu Öndər daim gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. Gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirən Ulu Öndər deyirdi ki, hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Ümummilli Liderin uzaqgörənliklə qeyd etdiyi bu sözlər 44 günlük Vətən müharibəsində bir daha təsdiq edildi. Hər zaman azərbaycançılıq ideyalarına bağlı olan, müstəqilliyimizin möhkəmlənməsinə həmişə özlərinin töhfələrini verən, dövlətçilik ənənələrini daim uca tutan gənclərimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə ölkəmizin tarixinə qızıl hərflərlə “Qələbə”, “Qalib Azərbaycan” sözünü yazdılar. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”

Tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olan gənclərimiz Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açan 44 günlük Vətən müharibəsində, ölkəmizin haqq savaşında milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə aldıqlarını, el-oba, Vətən uğrunda canlarında keçməyə belə hazır olduqlarını və Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə böyük fəallıq göstərərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini təsdiq etdilər.

Bu gün qürurla qeyd edirik ki, Ulu Öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəsil yetişdirib.

Ölkəmizdə Ulu Öndərin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisidir.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri