22 Dekabr 2024

Ukraynada müharibənin həlledici dönəmi – İran dronları gedişatı dəyişə bilərmi?

Ekspertlər deyir ki, ABŞ Ukraynanı Rusiyaya qurban verəcək; “Rusiya qış aylarında hərbi gücünü göstərməyi hədəfləyir”

“Ukraynada bir neçə ay ərzində ləng və ağrılı görünən müharibə qış yaxınlaşdıqca yenidən başlayır. Münaqişə yeni mərhələyə doğru irəliləyir”.

Bu barədə CNN ekspertlərinin analizində qeyd olunur. “Bu, müşahidə etdiyimiz üçüncü, dördüncü, bəlkə də beşinci müharibədir”, – “Chatham House”un Rusiya və Avrasiya məsələləri üzrə əməkdaşı Keyr Caylz deyib.

Bildirilib ki, soyuq ayların yaxınlaşması ilə ehtimal ki, quru döyüşləri yavaşlayacaq, müharibənin növbəti həftələri həlledici olacaq: “Ruslar isə qış gəlməmiş cəbhə xəttində çökmənin qarşısını almağa çalışacaqlar. Bir vaxtlar uzaq görünən Ukraynanın qələbəsi indi daha inandırıcıdır”. “Financial Times” isə Qərb hərbi rəsmilərinə istinadən yazıb ki, Ukrayna bu həftə Xersonu geri ala və Dnepr çayının sağ sahilini azad edə bilər. Jurnalistlər bu xüsusda diqqəti Xerson vilayətinin “administrasiyasının rəhbəri” Vladimir Saldonun “atəşlə bağlı” bölgə sakinlərinin Krıma, Krasnodar diyarına təxliyəsinə kömək etmək üçün Moskvaya müraciətinə çəkiblər.

Bəzi analitiklərin fikrincə, bu, Rusiyanın “həlledici döyüşə” hazırlaşmasından xəbər verir. Öz növbəsində Melitopol şəhərinin meri İvan Fedorov deyib ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin işğal olunmuş hissəsini rus işğalçılarından azad etməyə hazırlaşır. Bu arada məlum olub ki, Rusiya İrandan daha uzaq uçuş məsafəsinə malik “Araş-2″ kamikadze dronları sifariş etməyə hazırlaşır. Bu barədə İranın Telegram kanalları məlumat yayıb. Lakin hələlik rəsmi təsdiq yoxdur. Məlumata görə, pilotsuz təyyarələr İranın yeni ixtirasıdır. “Şahid-136” ilə müqayisədə onlar daha güclü döyüş başlığına və 1700 km-lik mənzilə sahibdirlər.

İranın yeni dronları müharibənin gedişinə kardinal təsir göstərə bilərmi? Həlledici həftələr vuruşan tərəflərə nə vəd edir?

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

Kamran Məmmədli 

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri Kamran Məmmədli qış aylarının Ukrayna üçün çox çətin keçəcəyini bildirdi: “Fikrimcə, müharibənin qışa doğru getmə ərəfəsində Ukrayna ordusunun əsas hədəflərindən biri də Zaporojye Atom Elektrik Stansiyasının azad olunması olacaq. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır və hər il təxminən 40 milyard kVt/saat enerji istehsal edərək Ukraynanın elektrik enerjisinə olan tələbatının beşdə birini təmin edir.

Bütün bunları nəzərə alaraq, əgər Zaporojye AES Ukrayna ordusu tərəfindən qısa müddət ərzində azad olunmazsa, qış ayları Ukrayna üçün çox çətin keçəcək və ordunun irəliləməsi dayana bilər .

Bunu başa düşən Zelenski artıq bu gündən həyəcan təbili çalaraq əhalisini elektrik enerjisinə qənaət etməyə çağırıb.

Təbii ki, bütün bunları gözəl anlayan Putin vəziyyəti daha kritik həddə çatdırmaq üçün Ukraynanın əlində olan digər enerji obyektlərinə də intensiv hərbi zərbələr endirməyə davam edir.

Düşünürəm ki, indiki məqamda Rusiyanın əsas hədəfi qışa qədər işğal etdiyi əraziləri maksimum dərəcədə qoruyaraq həm Ukraynanı, həm də Avropanı enerji böhranına salmaq və onları dialoq masasına qaytarmaq olacaq. Hətta son günlərdə Belarus sərhədində artan gərginlik, Lukaşenkonun müharibəyə hazırıq tipli açıqlamaları da Ukraynanın fikrini yayındırmaq və Ukrayna hərbi qüvvələrini say etibarı ilə üstün olduğu qaynar nöqtələrdən Belarusla sərhədə çəkmək məqsədi  daşıyır. Hədəf Ukraynanı bir cəbhədən ikinci cəbhəyə yönləndirərək Ukraynanın qışa qədər irəliləməsinin qarşısını almaqdır. NATO-nun tezliklə Ukraynanı İran dronlarına qarşı yeni avadanlıqlarla təmin etməsi belə Ukraynaya yalnız yeni ərazilərin itirilməməsi üçün müdafiə xarakteri daşıyacaq.

Hesab edirəm ki, Ukrayna qısa zamanda Zaporojye AES və Xerson vilayətini azad etməzsə, qış aylarında üstünlük Rusiya tərəfinə keçəcək”.

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı 

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Ukraynanın “qurbanlıq” olacağını düşünür: “Rusiya Ukraynaya hücum edəndə hər kəs düşünürdü ki, qısa zaman ərzində rus ordusu bütövlükdə Ukraynanı tam işğal edəcək. Əslində Vladimir Putini də Rusiya hərbi generaliteti buna inandırmışdı. Belarus Prezidenti Lukaşenko 3-4 günə Rusiya qalib gələcək bəyanatı vermişdi. Ancaq gözlənilənlərin tam əksi baş verdi. Çünki Ukraynada xalq orduya çevrildi. Artıq 9 aydır ki, müharibə davam edir. Hər iki tərəfin on minlərlə itkisi var. Və yaxın zamanlarda müharibənin bitməsini heç kim proqnozlaşdırmır. Düzdür, Amerika və Avropa Ukraynana hərbi cəhətdən, ən müasir texnika vermir, yüngül silahlar istisna olmaqla. Söhbət ən müasir uzun hədəfləri məhv edən raketlərdən və digər avadanlıqlardan gedir. Əslində hər zaman xüsusi olaraq qeyd edirəm ki, Ukraynanın bu vəziyyətə düşməsində ABŞ-ın böyük məsuliyyəti var. 1994-cü ildə ABŞ Rusiya və İngiltərə ilə birləşərək dünyanın nüvə başlığına görə üçüncü dövləti olan Ukraynanın əlindən nüvə silahını aldı. Sənədə imza atdı ki, Ukraynanın ərazisinə təcavüz olarsa, ABŞ dərhal müdafiə edəcək. Ancaq nə baş verdi? Rusiyaya sanksiyalar tətbiq etməni gördük. İndi sual yaranır: ABŞ o zaman Ukraynanın nüvə başlığını əlindən almasaydı, Rusiya-Ukrayna müharibəsi baş verərdi? Ən azından bu gün Rusiyanın qarşısında nüvə silahına sahib olan Ukrayna var idi. Bəs indi niyə ABŞ Ukraynanın əlindən aldığı nüvə başlıqlarını Ukraynaya qaytarmır? Qaytarmayacaq da. Çünki ABŞ Rusiyanı bu cür zəif salmaqla, özünün mübarizə apardığı Çini də zəif salmaq istəyir. Rusiya ABŞ-Çin mübarizəsində ABŞ-ın yanında deyil. İranın dronlarına gəldikdə isə biz onu müşahidə edirik ki, Qərb mediası və TV-ləri bu məsələni gündəmdə saxlayır. Məqsədli şəkildədir. İran müasir texnologiyaya sahib ölkə deyil. Yəni İsrail, Almaniya və digər ölkələr kimi deyil. Qərb mediası tərəfindən “B” planlı bir iş gedir ki, bu müharibədə İranın da adı Rusiya ilə yanaşı hallansın. Ancaq Rusiya-Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək. Bunun bitməsi üçün ABŞ Ukraynanı Rusiyaya güzəştə getməlidir. Məncə, sonda ABŞ Ukraynanı Rusiyaya qurban verəcək. Bunu öz maraqları naminə edəcək, həmişə olduğu kimi…”

Yazar: Kənan Novruzov

Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İranın Rusiyaya dəstəyində təəccüblü heç nə görmür: “ABŞ Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı şəxsi heyəti rus hərbçilərinə “Şahed-136″ PUA-larından istifadəni öyrətmək üçün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə gətirib. Bildirilib ki, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki hədəflərə pilotsuz təyyarələrin buraxılmasına birbaşa nəzarət edirlər. Təxminən bir ay əvvəl İran istehsallı PUA-ların Ukraynadakı savaşda iştirak etməsinə dair məlumat yayılmışdı və bu, ciddi ajiotaja səbəb olmuşdu. İran XİN indiyədək bunu təkzib edir, Rusiyaya PUA vermədiyini bildirir. Amma fakt ondan ibarətdir ki, İran texniki vasitələri Ukraynadakı savaşda iştirak edir. Və əslində siyasi məntiq də onu deməyə əsas verir ki, Tehran Moskvaya yardım etməlidir. Bu müharibədə Rusiyanın uduzması İran üçün o qədər də arzuolunan deyil. Görünür, İran Rusiyaya dəstəyini artırmaq qərarına gəlib. ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun yaydığı məlumat da məhz bu baxımdan qiymətləndirilməlidir. Əslində İranın Rusiyaya dəstəyini artacağı gözlənilən idi. Hətta istisna deyil ki, müharibə bir az da davam edərsə, İran döyüşlərin birbaşa iştirakçısı olacaq. Bütün hallarda yaxın gələcəkdə Kiyevlə Tehran arasındakı əlaqələrin bir az da gərginləşəcəyi mümkündür. Bu XİN, hətta dövlət başçıları səviyyəsində müşahidə oluna bilər. İranın Rusiyaya artan yardımları, əlbəttə, bir sıra Qərb ölkələrinin, o cümlədən ABŞ-ın ürəyincə deyil. Vaşinqtonla Tehran arasındakı münasibətlər məlumdur. Ağ Evin əsas rəqiblərindən biri də cənub qonşumuzdur. Bu mənada İranın Ukraynada Qərbin maraqlarına zidd hərəkət etməsi, əlbəttə, tərəflər arasında gərginliklə nəticələnə bilər. ABŞ-ın yaxın gələcəkdə İrana əlavə sanksiyalar tətbiq edəcəyi istisna deyil. Yəni İranın Ukraynadakı savaşda iştirakı təkcə regional yox, həm də qlobal xarakter daşıyır. Bu, həm də Rusiyanın tədricən zəiflədiyini göstərir. Ukraynadakı döyüşlər indiyədək lokal xarakter daşıyırdı. Amma bundan sonra müharibənin miqyasının genişlənəcəyi və dünya savaşının elan olunacağı heç də utopiya deyil”.

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr  əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə çox vacib məqama eyham vurdu: “Rusiya qış aylarında hərbi gücünü göstərməyi hədəfləyir. Hətta İkinci Dünya müharibəsində həlledici döyüşlərin qış aylarında baş verməsi Rusiya ordusunun soyuqla bağlı mənəvi və ideoloji müstəvidə daha da möhkəmlənməsini şərtləndirib. Lakin bu gün şərtlər, coğrafiya və alətlər dəyişib. Ukrayna dayanmadan irəliləyir və Rusiyanın nəzarəti altında olan ərazilərin “rəhbərləri” təxliyə ilə bağı çoxsaylı müraciətlər də onu göstərir ki, Ukraynanın irəliləyişi gözlənilir. Lakin Rusiyanın kamikadze dronları ilə Kiyevi vurması fərqli mənzərəni formalaşdırır. Rusiyanın İran istehsalı olan daha uzun uçuş məsafəsinə malik “Araş-2” kamikadze dronları sifariş etməyə hazırlaşması da Moskvanın PUA-ların keyfiyyətindən razılığını büruzə verir. Digər tərəfdən, “Şahid-136″ ilə müqayisədə onlar daha güclü döyüş başlığına və 1700 km-lik mənzilə sahibdirlər. İstənilən halda bu müharibə Rusiyanın silah istehsalına böyük zərbə vurdu və Rusiyanın dünyanın 2-ci hərbi gücü ilə bağlı iddiaları alt-üst etdi. Eyni zamanda düşünürəm ki, İranın PUA-larına da maraq artacaq. İran faktorunun beynəlxalq münasibətlərdə artıq silah müstəvisində aktuallaşması regionumuz üçün yaxşı heç nə vəd etmir. Hətta İsrailin də Ukraynaya hərbi yardım etməsi fərziyyələri Rusiya-Ukrayna müharibəsinin çox tez bir zamanda bitəcəyi proqnozlarının üzərindən xətt çəkir”.

Cavanşir ABBASLI