Ukraynada müharibə həlledici fazaya keçir
ABŞ Senatı bu gün “nöqtə”ni qoyacaq
“Ukraynaya dəstək artırılmalıdır”. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Ukraynanın sağ qalması ABŞ üçün vacibdir.
Putinə rəğbəti ilə tanınan Donald Tramp Ukraynaya kifayət qədər dəstək vermədiklərinə görə avropalı müttəfiqləri qınayıb. Sabiq dövlət başçısı bildirib ki, Ukraynanın sağ qalması həm ABŞ, həm də Avropa üçün vacibdir.
Maraqlıdır ki, Trampın çağırışı öz işini görüb. Nümayəndələr Palatasında Ukraynaya yardımla bağlı tərəddüd edən respublikaçılar (Tramp bu partiyanın prezidentliyə namizədidir) nəhayət, fikirlərini dəyişib. Konqresin Nümayəndələr Palatası Ukraynaya 61 milyardlıq dəstək paketini təsdiqləyib. Bundan əlavə, aşağı palata Rusiyanın dondurulmuş 6 milyardlıq aktivlərini Ukraynaya vermək barədə də qərar çıxarıb.
Qanun layihəsi artıq ABŞ Senatına çatıb və bu çərşənbə axşamı (aprelin 23-də) yüzdə yüz təsdiqlənəcək. Çünki yuxarı palatada demokratlar (prezident tərəfdarları) üstünlükdədir. Bundan dərhal sonra sənəd prezident Baydenin masasına gedəcək və o, həmin gün onu imzalayacaq.
“ABŞ-ın Ukraynaya yeni yardımı çox tez çatdırılacaq” Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general-mayor Patrik Rayder “The New York Times” qəzetinə bildirib.
“Amerika tərəfi əvvəllər istifadə edilmiş etibarlı logistika şəbəkəsi sayəsində çox tez sursat çatdırmaq imkanına malikdir. Bir neçə gün ərzində transferi həyata keçirə bilərik”, – Rayder qeyd edib.
Bu tarixi dəstək Kiyev üçün hansı anlamdadır, müharibə həlledici fazayamı keçir? Yəqin ki, ən azından Ukrayna ordusunda motivasiya artacaq. Döyüş meydanında isə bu olduqca mühüm sayılır.
Rusiyanın may-iyuna planlaşdırılan əks-hücumu durdurulacaqmı?
Ramin Məmmədli
Hərbi ekspert Ramin Məmmədli düşünür ki, ABŞ-ın son 15 ildə Ukrayna ilə bağlı siyasətinin əsasında Rusiyaya qarşı yeni cəbhənin formalaşdırılması dayanıb: “2022-ci ildən başlayaraq ABŞ Rusiyaya qarşı cəbhəni daha da dərinləşdirərək Avropanı da bu plana bütünlüklə qoşmağa nail oldu. Davamlı olaraq maliyyə dəstəyinin artırılması bu istiqamətdə proseslərin daha da gücləndirilməsinə gətirib çıxardı. Müharibə daha da alovlandı, şiddətləndi”. Hərbi ekspert bildirib ki, hazırkı vəziyyətdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəyanatı seçicilərin ona olan rəğbətinin formalaşdırılması, səsvermədə onu seçməsi ilə bağlıdır: “Donald Tramp yaxşı anlayır ki, indiki vəziyyətdə müharibənin dayandırılması, sülhün bərqərar olması prosesləri Rusiyanın xeyrinə çevirəcək. Bu da onun ABŞ ictimaiyyətində rusiyapərəst siyasətçi kimi möhkəmlənməsinə gətirib çıxaracaq. Odur ki, Donald Trampın bu bəyanatını siyasi gediş hesab edirəm”.
Hərbi ekspert deyir ki, ABŞ-ın Ukraynaya ayırdığı 60 milyardlıq yardım paketi cəbhədə vəziyyəti gərginləşdirsə də, ümumilikdə vəziyyəti Ukraynanın xeyrinə dəyişməyəcək: “Rusiya və onun müttəfiqləri də boş dayanmır, mövqelərinin daha da güclənməsi üçün lazımi addımlar atırlar”.
Hərbi ekspert Rusiyanın yay aylarında əks-hücuma başlayacağı ilə bağlı fikirlərə də münasibət bildirib. Deyib ki, əslində bu əməliyyatlar lokal şəkildə həyata keçirilməkdədir: “ABŞ-ın Ukraynaya yardımları Rusiyanı dayandırmayacaq, Zelenski hakimiyyətinə təzyiqlər davamlı şəkildə artırılacaq. Rusiya da yaxşı anlayır ki, müharibə meydanında vəziyyəti bir qədər də öz xeyrinə dəyişdirməklə Ukraynanı rəsmi Moskvanın istədiyi sülhə və ya atəşkəsə imza atmağa məcbur edəcək. Hər bir halda ABŞ-ın Ukraynaya davamlı maliyyə dəstəyi davam edəcək və yaxın bir ildə Avropanın başını Rusiya problemi ilə bu şəkildə qatacaq. ABŞ Ukraynada müharibə üzərindən Avropanı siyasi, hərbi-siyasi və texniki baxımdan öz nəzarətində saxlamağa nail oldu. Bu prosesi hər ötən gün daha da dərinləşdirir”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com