23 Dekabr 2024

Ukrayna müharibəsi 2035-ci ilə qədər uzana bilər – döyüşlərin 7-ci həftəsi…

Zelenskinin müşaviri baş verənləri İsraillə ərəblərin savaşına  bənzədib, müharibənin 13 il uzanmasını istisna etməyib və buna hazır olmayanları ölkədən getməyə çağırıb, Kadırov isə Kiyevə yenidən hücum edəcəklərini açıqlayıb – şərh

Rusiya – Ukrayna müharibəsinin 7-ci həftəsi başlayıb. Artıq 48 gündür ki, “Z” ordusu şəhərləri cəhənnəmə çevirməkdədir. “Yeni Müsavat” xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq rus qüvvələrinin Donetsk vilayətində fosforlu sursatlardan əvvəl istifadə etməsini, şəhər uğrunda döyüşlər şiddətləndiyi üçün onların gələcəkdə Mariupolda yenidən işə salınacağının ehtimal olunduğunu açıqlayıb.

Rusiya Donetsk və Luqansk vilayətlərini atəşə tutmaqda davam edir…

Ruslar marşrutlara nəzarəti qismən ələ keçirməyə nail olub -

“Rusiya ilə müharibə 2035-ci ilə qədər davam edə və bu müddət ərzində müntəzəm hərbi toqquşmalar ola bilər”. Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. O, hazırkı vəziyyəti İsraillə ərəblər arasındakı müharibə ilə müqayisə edib: “Bu, bizimlə də olacaq. Beş toqquşmaya ehtiyac olub-olmayacağını bilmirəm, amma 2035-ci ilə qədər bizdə bir neçə hərbi toqquşma olacaq. Bu, hər iki və bəlkə də beş ildən bir toqquşma deməkdir. Və hər yeddi-səkkiz ildən bir böyük toqquşmalar ola bilər”.

Belə bir ssenariyə hazır olmayan vətəndaşlara Arestoviç Ukraynanı müvəqqəti tərk etməyi məsləhət görüb.

İstanbuldakı görüşdən sonra rus qüvvələri Kiyev ətrafından geri çəkilərək, Ukraynanın şərqində cəmləşməyə başlayıb. Rus rəsmiləri də Kiyev ətrafından çəkildiyini, Luqansk və Donetsk vilayətlərində əməliyyatların davam edəcəyini təsdiqləyiblər.

Rusiya Ukraynanın şərqinə hücum hazırlayır - Ukrayna Silahlı Qüvvələrinin  Baş Qərargahı

Amma Çeçenistan lideri Ramzan Kadırov ziddiyyətli açıqlama verib. O, Rusiyanın yaxın günlərdə Kiyev və Ukraynanın digər şəhərlərində hərbi əməliyyatlara başlayacağını bildirib: “Əvvəlcə Luqansk və Donetsk vilayətləri tam azad ediləcək. Sonra isə Kiyevi və digər şəhərləri ələ keçirməyə başlayacağıq. Sizi əmin edirəm ki, Rusiya bir addım belə geri çəkilməyəcək. Hücumlar təkcə Mariupolda deyil, digər şəhər və kəndlərdə də davam edəcək”.

“Rusiya İmperatoru I Pyotr Ukraynanın son üç onillikdə nə vəziyyətə düşdüyünü görsəydi, indi məzarında çevrilərdi”. Bunu isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin bildirib. “Ən möhtəşəm hərbi qələbələrdən birini I Pyotr Poltava döyüşündə qazandı. Düşünürəm ki, o, şanlı kazaklar nəslinin son üç onillikdə bu torpaqları nə hala gətirdiyini görsəydi, məzarında çevrilərdi”,- deyə Narışkin Moskvada “I Pyotr və onun dövrü” tarixi-sənədli sərgisinin açılışında deyib.

Qeyd edək ki, fevralın 24-dək Putinin Ukraynaya hücum əmri verəcəyinə çoxu inanmırdı. Lakin hücum başladı və bu dəfə də deyildi ki, az müddət sonra rus qoşunu Kiyevi tutacaq, müharibə bitəcək. Amma belə olmadı. Ukraynanın müqaviməti və kollektiv Qərbin Rusiyaya sanksiyaları, həmçinin Ukraynaya böyük dəstəyin fonunda bildirildi ki, Putin savaşı dayandıracaq. Lakin heç biri reallaşmadı. İndi də deyilir ki, Rusiya neftinə tam qadağa müharibəni dayandıra bilər. Görünən budur ki, müharibə tezliklə başa çatmayacaq və Zelenskinin müşavirinin açıqlaması da, Qərbdən Ukraynaya hərbi yardımlar da, o cümlədən Britaniya baş nazirinin Kiyevə gəlməsi, yeni silahlar veriləcəyi anonsu deməyə əsas yaradır ki, müharibənin ömrü uzana bilər. Çünki bunda Qərbin maraqlı olduğu iddia edilir. Bəs Rusiya neftinə tam qadağa qoyulması savaşı sonlandıra, Putini kapitulyasiya sənədinə imza atmağa vadar edə bilərmi?

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, sanksiyalar Rusiyaya ağır və batman təsir edir. Onun fikrincə, hazırkı təzyiqlər rus ordusunu tam çəkindirə və resurslarını tükədə bilməsə də, Kreml müharibənin uzanmasının əhəmiyyətsiz olduğunu artıq dərk etməkdədir: “Rusiyadan olsa atəşkəs bağlayar və indi dayanar. Çünki hər gün itki verir, maliyyə baxımdan zərbələr alır, nəticə etibarı ilə böyük nailiyyəti də yoxdur. Amma bu vəziyyətdə dayanmaq ona heç nə qazandırmır. Güman ki, Donbasdan çıxmayacaq və neytral status barədə təminatı Ukraynadan aldıqdan sonra razılaşacaq. Ehtimal edirəm ki, Ukrayna NATO-ya üzv olmayacağı haqda öhdəlik götürməli olacaq”.

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop

Siyasi təhlilçi Şahin Cəfərli qeyd edir ki, Britaniyanın Ukraynaya gəmi əleyhinə raket sistemləri – “Harpoon”ların təqdim olunacağını açıqlaması yeni mərhələdir: “Bu, artıq Rusiyanın Odessaya desant çıxarma xəyalının tamamilə dəfn olunması və həmin raketin atəş mənzilinə girən istənilən Rusiya hərbi gəmisinin məhv ediləcəyi anlamına gəlir. Digər tərəfdən, bu qərar onu göstərir ki, artıq Ukraynaya NATO ölkələri istehsalı olan modern ağır silah sistemlərinin verilməsi barədə Qərbdə prinsipial qərar var”.

Ş.Cəfərli əlavə edir ki, Avropa Birliyi, Avstriya və Britaniya liderlərinin Kiyevə səfəri həm Ukrayna rəhbərliyi və xalqına ciddi mənəvi-psixoloji dəstək, həm də Kiyev üçün bir növ qeyri-rəsmi təhlükəsizlik təminatıdır: “Rusiya nə qədər tez müharibəni dayandırıb, 24 fevraldan əvvəlki vəziyyəti bərpa etsə, o qədər özü üçün yaxşı olar. Sanksiyalar anakonda taktikası ilə tətbiq olunur və Rusiyanın boğazını getdikcə daha çox sıxmağa başlayır. Rusiya əvvəl hava blokadasına alınmışdı, indi isə onun quru və dəniz ticarəti məhdudlaşdırılır. Rusiyanın enerji sahəsində ən böyük strateji tərəfdaşı olan Avropa Birliyi bu ölkədən kömür idxalına qadağa qoymaqla enerji sahəsində sanksiyalara da start vermiş oldu. Növbədə neft embarqosudur. Qaz idxalı da bu ilin sonuna qədər azaldılacaq. Şübhəsiz ki, bunkerdə daldalanan tiran müharibə əmri verərkən qarşısında bu qədər güclü və yekdil anti-Putin koalisiyası görəcəyini gözləmirdi və bunu hesablamamışdı. Putin rejiminin onurğasını qıracaqlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”