23 Dekabr 2024

Ukrayna hazır deyil: Donbas savaşı başlasa, ağır məğlubiyyətlə üzləşə bilər

Rusiya-Ukrayna qarşıdurması dərinləşsə də, yalnız öz maraqlarını düşünən ABŞ və NATO-dan umulan hərbi-siyasi dəstək hələlik müşahidə olunmur; Üstəlik, “Bayraktar TB2” qalmaqalı Türkiyəni narazı saldı, fəallaşan Fransaya isə siyasi gərginliyi artırmaq imkanı verdi…

Rusiya-Ukrayna qarşıdurması yenidən dərinləşir. Bəzi Qərb siyasi dairələri Bu iki ölkə arasında növbəti dəfə savaş ehtimalının artdığını iddia edirlər. Və tezliklə ilk hərbi toqquşmanın baş verə biləcəyini vurğulayırlar.

Ancaq indiki situasiyada Ukraynanın öz ərazi bütövlüyünü bərpa edə biləcəyi də bir qədər inandırıcı görünmür. Hər halda, rəsmi Kiyevin hərbi-siyasi cəhətdən Donbasın azad edilməsi əməliyyatına başlamağa tam hazır olduğu şübhə doğurur. Və bu baxımdan, hərbi əməliyyatların Ukraynaya birməmalı şəkildə qələbə vəd etdiyini iddia etmək çətindir.

Düzdür, rəsmi Kiyev yeni Donbas savaşı üçün əsasən, Azərbaycan örnəyini ön planda tutur. Açıq-aşkar nəzərə çarpır ki, Ukraynanın hərbi-siyasi rəhbərliyində Azərbaycanın tarixi uğurunu təkrarlamağın mümkünlüyü ilə bağlı müəyyən qənaətlər mövcuddur. Halbuki, Azərbaycanın tarixi hərbi qələbəsində xüsusi rol oynamış önəmli faktorlar hələlik Ukraynaya münasibətdə müşahidə edilmir.

NATO-EUBlog-1320x881.jpg (246 KB)

Birincisi, Azərbaycanın NATO üzvü olan Türkiyə kimi güclü strateji müttəfiqi var. Rəsmi Ankara Azərbaycana öz dəstəyi ilə həm Rusiyanı, həm də digər ermənipərəst beynəlxalq siyasi dairələri neytrallaşdıra bilmişdi. Və bu, Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri ilə kənar təsirlər olmadan birbaşa hərbi təmasını təmin etmişdi.

Halbuki Ukrayna hələlik belə güclü və qətiyyətli strateji müttəfiqdən məhrumdur. ABŞ və NATO-nun eləcə də dünyanın digər nüfuzlu dövlətlərinin Ukraynaya verdiyi hərbi-siyasi dəstək yetərli deyil. Çünki həm ABŞ, həm də NATO Ukraynaya yönəlik mövqeyində birmənalı şəkildə öz hərbi-strateji maraqlarından çıxış edir. Yəni, Ukrayna ucbatından Rusiya ilə hərbi toqquşma ehtimalı ABŞ və NATO-nu qətiyyən qane etmir.

Əksinə, belə təhlükənin yarandığı ilk real hərbi toqquşma ehtimalında ABŞ və NATO dərhal böyük sürətlə geri çəkilir. Son Rusiya-Ukrayna hərbi qarşıdurmasında bu, birmənalı şəkildə təsdiqlənmişdi. Belə ki, ABŞ və NATO Ukrayna ətrafına hərbi qüvvə cəmləşdirmişdi. Rusiya da buna cavab olaraq, Donbas istiqamətindən Ukrayna sərhədlərinə qoşun yığdı. Nəticədə ən taleyüklü məqamda ABŞ və NATO Rusiya ilə hərbi toqquşma təhlükəsinin ciddiliyini nəzərə alaraq, dərhal geri çəkildi. Və Ukraynanı daha güclü Rusiya qarşısında tək və köməksiz buraxdı.

Ona görə də, rəsmi Kiyevin ABŞ və NATO-dan gələn yeni dəstək vədlərinə güvənərək, savaş planları qurması böyük səhv olardı. Hər halda, ABŞ və NATO-nun Ukrayna ucbatından Rusiya ilə savaşa həvəs göstərəcəyinə inanmaq sadəlövhlük olardı. Ağ Ev Ukraynanın Rusiya ilə savaşa girməsindən tamamilə məmnun olardı. Ancaq Ukraynada ağır məğlubiyyətə uğrasa belə, ABŞ və NATO Rusiya ilə savaşa bulaşmağa həvəs göstərməzlər.

bayrak-images.jpg (7 KB)

Bu baxımdan, rəsmi Kiyevin yalnız Ukraynanın hərbi potensialına əmin olduğu halda, Donbas uğrunda savaşa başlaması daha məntiqli olardı. Belə bir əminliyi isə ilk növbədə Ukrayna ordusunun döyüş qabiliyyətinin maksimum həddə qədər yüksəldilməsi yarada bilər. Halbuki, əksər hərbi ekspertlər Ukrayna ordusunun modernləşdirilməyə böyük ehtiyacı olduğunu vurğulayırlar.

İkincisi, rəsmi Kiyev Türkiyədən alınmış “Bayraktar TB2” PUA-larına da güvənir. Ukraynada hesab edirlər ki, “Bayraktar TB2” Azərbaycanın II Qarabağ savaşında cəmisi 44 gün ərzində qalib gəlməsində əsas faktor olub. Əlbəttə, “Bayraktar TB2” PUA-larının II Qarabağ savaşının taleyinin həll olunmasında oynadığı önəmli rolu inkar etmək qətiyyən mümkün deyil. Ancaq bu tarixi qələbədə modernləşdirilmiş Azərbaycan ordusunun yüksək döyüş qabiliyyəti və digər strateji hərbi texnikanın rolunu da nəzərə almaq lazımdır.

Üçüncüsü, hətta rəsmi Kiyev yalnız “Bayraktar TB2” PUA-ları sayəsində qalib gələcəyi qənaətində olsa belə, Ukrayna ordusu hələlik belə bir savaşa tam hazır deyil. Çünki bəzi qeyri-rəsmi məlumatlara görə, Azərbaycan ordusunun arsenalında II Qarabağ savaşı ərəfəsində 250-yə yaxın “Bayraktar TB2” PUA-ları olduğu iddia edilir. Ukrayna isə hazırda yalnız cəmisi 6 “Bayraktar TB2”-yə sahibdir. Hərbi ekspertlərin qənaətinə görə isə Ukrayna Donbas savaşında hərbi üstünlüyü təmin etmək üçün yüksək döyüş qabiliyyətli ordu ilə yanaşı, ən azı 50 “Bayraktar TB2”-yə sahib olmalıdır.

Göründüyü kimi, Ukraynanın Donbas savaşında qələbə potensialı o qədər də yüksək deyil. İndiki məqamda rəsmi Kiyevin “Bayraktar TB2” PUA-ları üzərindən hərbi xof yaratmaq siyasəti isə Ukrayna üçün daha təhlükəlidir. Çünki Ukrayna Silahlı Qüvvələri Komandanlığının “Türkiyənin “Bayraktar TB2” PUA-ları ilə Donbas separatçılarının artelleriya qurğularını sıradan çıxartması” barədə açıqlaması siyasi qalmaqal yaratmaqdan və Rusiyanı hərəkətə gətirməkdən başqa heç nəyə yaramadı.

1635835927_nocomment_505c7c15dedca2db0305ed6e12114fb7_wqsn26xagey54ukr01tm-e1601749849183.jpg (102 KB)

Məsələ ondadır ki, Rusiyanın yenidən Ukrayna sərhədlərinə bir tank diviziyası və digər strateji hücum hərbi texnikası yerləşdirdiyi barədə məlumatlar mövcuddur. Belə vəziyyətdə yeni savaşdan bəhs etmək kifayət qədər ciddi təhlükə vəd edir. Və nə ABŞ-dan, nə də NATO-dan hələlik umulan hərbi-siyasi dəstək müşahidə olunmur.

Digər tərəfdən, həmin açıqlama müəyyən qalmaqala da səbəb oldu. Belə ki, rəsmi Ankara açıqlamanın məzmunundan qətiyyən məmnun qalmadı. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Kiyevi verilən açıqlamalarda diqqətli olmağa çağırdı: “Türkiyənin satdığı hərbi texnika və o cümlədən də “Bayraktar TB2” PUA-ları alıcı ölkəyə məxsusdur. Həmin hərbi texnikadan istifadə edərkən Türkiyənin adının hallandırılması yolverilməzdir”.

Belə anlaşılır ki, rəsmi Ankara Ukraynanın “Bayraktar TB2”-dən istifadə etməsinə Türkiyənin adını bulaşdırmağa çalışmasından qətiyyən məmnun deyil. Ona görə də Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri olan Türkiyə rəsmi Kiyevə “silahı satın almısınız, artıq sizə məxsus olduğu üçün məsuliyyətinə də ortaq axtarmayın” mesajını verdi. Nəticədə Ukrayna Müdafiə Nazirliyi “Bayraktar TB2” PUA-larından Donbas separatçılarına qarşı istifadə olunması barədə ilk açıqlamanı təkzib etmək məcburiyyətində qaldı.

Məsələ ondadır ki, Türkiyənin beynəlxalq rəqibləri Ukraynanın ilk bəyanatından öz siyasi məqsədləri üçün istifadə etməyə can atırdılar. Məsələn, Rusiya Ukraynanın “Bayraktar TB2”-dən istifadə etməsi barədə məlumata şübhə ilə yanaşdığını bəyan edirdi. Və bu məsələnin ciddi şəkildə araşdırıldığını vurğulayırdı.

383747_src.jpg (62 KB)

Fransa isə Rusiya-Türkiyə münasibətlərinə kölgə salmaq üçün “odun üstünə yağ tökməyə” can atırdı. Belə ki, Fransa Xarici İşlər Nazirliyi Donbasla bağlı hərbi qarşıdurmada “Bayraktar TB2” PUA-larından istifadə edilməsinin yolverilməz olduğunu bəyan etmişdi. Halbuki, Fransa bu məsələdə yalnız “PUA-larla zərbə”ni qabartmadan sadəcə, rəsmi Kiyevi Donbasla başlı atəşkəs anlaşmasını pozmaqda suçlamaqla, kifayətlənə də bilərdi. Bu isə rəsmi Parisin Rusiya-Türkiyə münasibətlərini zədələmək cəhdindən xəbər verir.

Ümumiyyətlə, əsas qənaət ondan ibarətdir ki, Ukrayna indiki situasiyada hərbi-siyasi cəhətdən yeni Donbas savaşına hələ tam hazır deyil. Rəsmi Kiyevin beynəlxalq siyasi dəstəyi qətiyyən ümidverici keyfiyyət daşımır. Eyni zamanda, Ukrayna ordusu da genişmiqyaslı hərbi əməliyyatlara tab gətirmək imkanlarından bir qədər uzaqdır.

Bu baxımdan, rəsmi Kiyev belə vəziyyətdə Donbas uğrunda savaş qərarı verərsə, Ukraynanın ağır hərbi məğlubiyyətə düçar olma ehtimalı kifayət qədər yüksəkdir. Və ona görə də, rəsmi Kiyevin Ukraynanın ərazi bütövlüyünün bərpası üçün uyğun situasiya yaranana qədər daha səbrli və təmkinli davranmağa üstünlük verəcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu