26 Dekabr 2024

“Ukrayna bir həftəyə qalib gələ bilər” – ABŞ ayıldı, Kiyevə elə bir kömək gəlir ki…

“ABŞ Prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı yürütdüyü siyasət yalnız Kiyevin məğlubiyyətini gecikdirir”.

Bunu isə ABŞ-ın eks-prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton “The Wall Street Journal”ın saytında dərc olunmuş müəllif məqaləsində verib. Onun fikrincə, Rusiya qoşunlarının Ukraynanın hücum və uğurlu müdafiə hərəkətlərindəki uğursuzluqlarının səbəbi digər məsələlərlə yanaşı, Qərbin Kiyevə “ləng, qətiyyətsiz və qeyri-strateji hərbi yardımı”dır.

Müəllif qeyd edir ki, müəyyən silahların tədarükü ilə bağlı mübahisələr, eskalasiya qorxusu və Moskvanın yeritdiyi siyasət Qərb ölkələrinin rəhbərliyini “iflicedici ehtiyatlılıq” göstərməyə vadar edib, NATO isə Ukraynanın tam suverenliyi və ərazi bütövlüyünü bərpa etmək üzrə öhdəliklərə əməl etmək istəmədiyini nümayiş etdirir. Bolton deyib: “Bu tərəddüd Amerikanın strateji zərurətindən deyil, Kremlin Qərbi uğurla qorxutması ilə bağlıdır”.

Onun fikrincə, ukraynalıların əhəmiyyətli irəliləyiş əldə edə bilməməsi ABŞ-ın yalnız Rusiyanın qələbəsini gecikdirməyə yönəlmiş strategiyasının təbii nəticəsidir: “Ukraynanın hücumunun dayanmasına görə Baydenin qətiyyətsizliyi ittiham olunmalıdır. Bu, Vaşinqtonun silah tədarükü və sanksiya təzyiqi məsələsində öz strategiyasına yenidən baxmalı olduğuna işarə olmalıdır”.

Öz növbəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu iddia edib ki, Ukraynanın hərbi resursu demək olar, tükənib. “Hərbi əməliyyatların ilkin nəticələri göstərir ki, Ukraynanın hərbi resursu, demək olar ki, qurtarıb”, – deyə Şoyqu qeyd edib.

ABŞ dövlət katibi Entoni Blinken isə ABŞ Konqresini Ukraynaya az öncə prezident Baydenin tələb etdiyi əlavə maliyyəni (24 milyard dollar!) mümkün qədər tez təsdiq etməyə çağırıb. Blinken qeyd edib ki, ABŞ və digər müttəfiqlərin köməyi Ukraynaya öz suverenliyini qoruyub saxlamağa imkan verir.

Jurnalist Səxavət Məmmədin həbs səbəbi bilindi - Unikal.az

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd deyir ki, Rusiya-Ukrayna müharibəsi hazırda sürünən fazada gedir: “Heç bir tərəf starteji üstünlük əldə edə bilmir. Tərəflər yalnız taktiki uğurlara sevinə bilirlər. Bu, Qarabağ müharibəsinin birinci fazasına bənzəyir. Ermənistan tərəfinin hücum edib daha çox ərazilər işğal etməyə, Azərbaycan tərəfinin də əks-hücum edib işğal altındakı torpaqları geri qaytarmağa gücü yox idi. Bu məqamda atəşkəs müqaviləsi imzalanmışdı. Ukrayna tərəfi artıq xeyli vaxtdır ki, Qərbdən “F-16” qırıcıları tələb edir. Qərb isə ya bilərəkdən ləngidir, ya da Ukraynaya “F-16″ları heç verməyəcək. Ukrayna hazırda əks-hücum əməliyyatları keçirir. Məsələ ondadır ki, hava dəstəyi olmadan bu əks-hücumlar istənilən effekti vermir, verməməsi də normal haldır. Müharibənin ilk günlərinə baxdıqda görürük ki, Rusiyanın sürətli hücum planı demək olar ki, baş tutmuşdu. Ruslar hətta paytaxt Kiyevin bir addımlığına qədər gedib çıxmışdılar. Ancaq böyük şəhərlərdə əhalinin ruslara gözlənilməyən müqaviməti onları geri çəkilməyə məcbur etdi. Niyə gözlənilməyən? Çünki Rusiya xüsusi xidmət orqanları elə düşünürdü ki, əhali onları gül-çiçəklə qarışlayacaq, yaxud müqavimət olmayacaq. Şəhərlərdə Rusiya ordusu ilə Ukraynanın qüvvələr nisbəti birin ona və daha artığına gəlib çıxırdı.

Belə olan halda rusların qalmaq şansı sıfıra bərabər idi. Ruslar geri oturdulandan sonra hazırkı hədlərdə mühəndis istehkam işləri görməyə başladılar. Dolayısı ilə Rusiyanın taktiki uğuru sayıla biləcək hədlər strateji uğura çevrilmiş oldu. Ruslar məlum hədlərdə təkcə ordu ilə yox, şirkətləri də əraziyə cəlb edərək keçilməz istehkamlar qurmağa başladı. Kilometrlərlə minalanmış sahələr, beton bunkerlər, texnikaların hərəkət edə bilməyəcəyi xəndəklər qazdı. Beləcə Ukrayna ordusunun hərəkəti məhdudlaşdı. Ukrayna ordusu mobil qruplarla hərəkət edir, yalnız piyadaların yüksək döyüş qabiliyyəti ilə addım-addım irəliləyə bilirlər.

Ukrayna ordusunun ən gözəl tapıntılarından biri ucuz PUA-lara kustar üsulla qumbaraları və minaatan mərmiləri dəqiq hədəflərə vurmasıdır. Ukraynalıların bunu geniş istifadə etməsi rusların baş ağrısına çevrilib”.

Ekspert fikirlərini bu cür davam etdirdi: “Rusiya da bu müharibədən dərslər çıxarmağa başlayıb. Eynilə İkinci Dünya müharibəsində olduğu kimi, ruslar anladı ki, ordu təqdim edildiyi səviyyədə deyil. Rüşvət və korrupsiyaya bulaşmış ordunun döyüş hazırlığı sıfıra yaxındır. Ona görə də, Rusiya da orduda reforma gedib. Ukraynalılar da etiraf edir ki, ruslar müharibənin ilk vaxtlarındakı kimi intizamsız və döyüşə pərakəndə deyillər.

Reallığa baxdıqda görürük ki, Rusiya-Ukrayna müharibəsi bütün proqnozları alt-üst etdi. Rusiyanın ruporu kimi çıxış edənlər anladı ki, hərbi gücünə arxayın olan ölkə əslində təqdim edilən səviyyənin çox altında qalır. Qərbin ruporlarının iddia etdiyi kimi isə Rusiya dağılmadı, parçalanmadı. Əməliyyatlar və hazırda NATO-nun “indiki hədlərdə sülh təklifi”, bir neçə dəfə “sursat anbarları boşalıb” kimi çıxışları onu deməyə əsas verir ki, Şimal Alyansı da təqdim edilən qədər güclü deyilmiş. Qərb ölkələrində yeni böyük silah korporasiyaları yaradılır, silahlanmaya böyük pullar ayrılır. Ukrayna-Rusiya müharibəsi Qərb ölkələrini silkələdi. Onlar anladılar ki, müharibə hər an qapıya dayana bilər. Buna görə də silahlanmaya və təhlükəsizlik məsələsinə diqqət artırılacaq. Yeri gəlmişkən, bütün dünyada bu tendensiyanın şahidi oluruq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”