23 Dekabr 2024

Ukrayna ABŞ və Rusiyanı necə məğluba çevirdi…

Xarici rəqibə qalib gələ bilməyən ABŞ və Rusiyanın bundan sonra daxili sosial-siyasi müqavimət enerjisi ilə üzləşmək təhlükəsi olduğundan həm Ağ Ev, həm də Kreml indi ya savaş, ya da iflas seçimi ilə üzləşib; Bu, hər iki tərəfi ciddi şəkildə əldən salaraq, zəiflədəcəyindən dünya hegemonluğuna üçüncü iddiaçının – Çinin yaxın perspektivdə həm ABŞ-ın, həm də Rusiyanın ortaq rəqibinə çevrilə biləcəyi tamamilə realdır…

Ukrayna böhranı ətrafında situasiya hələ də gərgin olaraq, qalmaqdadır. Ancaq bu gərginliyin bundan sonra daha da yüksəlməsi artıq o qədər də inandırıcı görünmür. Və böyük ehtimalla yaxın vaxtlarda qarşıduran tərəflər hərbi-psixoloji təzyiq faktorlarını nisbətən arxa plana keçirtməklə, daha çox siyasi-diplomatik təmaslara üstünlük verməli olacaq.

Məsələ ondadır ki, ABŞ və Qərbin Rusiya ilə hərbi-siyasi qarşıdurması real qalib müəyyən edilmədən yekunlaşma mərhələsinə keçməkdədir. Aylarla davam edən bu hərbi-siyasi qarşıdurma qüvvələr nisbətində tarazlığın olduğunu göstərdi. Və hər iki tərəf məğlubiyyətlə üzləşmədən geri çəkilməyi üstün tutdu.

Məlum oldu ki, Rusiya ABŞ və Qərblə silahlı toqquşma təhlükəsi vəd edən hərbi-siyasi qarşıdurmanı daha da inkişaf etdirməyə hazır deyil. Hətta Kremlin bu situasiyanın davam etdirilməsi üçün belə, yetərli resurslara sahib olmadığı nəzərə çarpdı. Yəni, Rusiya ABŞ və Qərblə hərbi-siyasi rəqabət səhnəsində öz potensial limitini böyük ölçüdə tükətdi.

59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB)

Nəzərə almaq lazımdır ki, ABŞ və Qərblə intensiv hərbi qarşıdurma Rusiyaya külli miqdarda maliyyə xərcləri hesabına başa gəlirdi. 150 minə yaxın canlı qüvvəni və çoxlu sayda müxtəlif təyinatlı bahalı hərbi texnikanı Ukrayna sərhədləri ətrafında dolaşdırmaq külli miqdarda maliyyə vəsaitinin boşuna havaya sovrulması hesabına başa gələn məşğuliyyət idi. Və Rusiyanın maliyyə-iqtisadi resursları buna uzun müddət davam gətirə bilməzdi.

Ona görə də, hazırda Rusiyanın öz qoşunlarını tədricən Ukrayna sərhədlərindən geri çəkməyə, daimi dislokasiya yerlərinə daşımağa başladığı müşahidə olunur. Bunun belə olacağı prezident Vladimir Putinin bir neçə gün öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov ilə görüşməsindən aydınlaşmağa başlamışdı. Çünki həmin görüşdə Kreml sahibi Rusiya xarici işlər nazirindən mövcud situasiyanın siyasi-diplomatik həlli imkanlarının qalıb-qalmadığını soruşmuşdu. S.Lavrov isə “Siyasi-diplomatik çıxış yolları həmişə var” cavabını vermişdi.

Təbii ki, bundan dərhal sonra Kreml Ukrayna sərhədləri ətrafındakı Rusiya qoşunlarının hərbi təlim prosesini yekunlaşdırdığını və daimi dislokasiya yerlərinə qaytarılacağını bəyan etdi. Halbuki, Rusiyanın 150 minlik hərbi kontingenti qonşu ölkənin sərhədlərinə sadəcə, təlim xatirinə topladığına yalnız sadəlövhlər inana bilər. Kreml ABŞ və Qərbə hərbi güc nümayiş etdirmək niyyətində idi və buna da müəyyən mənada, nail ola bildi. Hətta ən son mərhələdə Rusiyanın Ukraynanı işğal planını işə salacağı da qətiyyən şübhə doğurmurdu.

Ancaq ABŞ və Qərbin Rusiyaya qarşı total beynəlxalq informasiya savaşı Kremli “qırmızı cizgilər” daxilində qalmağa məcbur buraxdı. Eyni zamanda, Ukraynanı sürətlə ən müasir hərbi texnika ilə silahlandıran ABŞ və Qərb Rusiya əleyhinə qeyri-rəsmi hərbi-siyasi koalisiyanın qurulmasına da nail olmuşdu. Yəni, Kreml Ukraynaya qoşun yeridəcəyi təqdirdə, Rusiya ağır beynəlxalq sanksiyalara məruz qoyulacaqdı.

Bütün bunlara baxmayaraq, ABŞ və Qərb də Rusiya ilə bu hərbi-siyasi qarşıdurmadan qələbə qazanmadan ayrıldı. Hər halda, ABŞ prezident Co Bayden və bəzi Qərb dövlətlərinin liderləri Rusiyanın bütün tələblərini yerinə yetirməsələr də, Kremli məmnun edə biləcək bir sıra vədlər verməli oldular. Xüsusilə də, Ukrayna ərazisində strateji hücum sistemlərinin yerləşdirilməyəcəyi barədə bəyanat Kremldə böyük məmnunluqla qarşılanmış olmalıdır. Ukraynanın NATO-ya üzvlüyündən yaxın perspektiv üçün dolayısı ilə imtina olunması da Rusiyaya edilən güzəştlərin sırasındadır.

Belə anlaşılır ki, ABŞ və NATO da Rusiya ilə hərbi toqquşma təhlükəsini ciddiyə aldı. Hətta Ukraynaya hərbi müdaxilə ediləcəyi təqdirdə, bu ölkəyə silahlı birləşmələr göndərilməyəcəyinin birməmalı şəkildə bəyan edilməsi ABŞ və NATO-nun yeni dünya savaşı təhlükəsindən yayınmaq niyyəti ilə izah olundu. Bu baxımdan, ABŞ və Qərbin də Rusiyanın hərbi potensialı qarşısında nisbətən geri çəkildiyini düşünmək olar.

Təbii ki, belə vəziyyət dünyanın yenidən bölüşdürülməsi prosesinin yarımçıq qaldığını düşünməyə əsas verir. Çünki hərbi-siyasi qüvvələr nisbəti öz tarazlığını qoruyub, saxlayıb. Qarşıduran tərəflərdən heç birisi öz hədəfinə tam olaraq, çata bilməyib. Və bu, hər iki tərəfin ortaq məğlubiyyəti deməkdir.

Belə anlaşılır ki, ABŞ və Qərb ilə Rusiya arasındakı son iki hərbi-siyasi qarşıdurmanın yekun nəticəsi qeyri-müəyyən xarakter daşıyır. Halbuki, belə qeyri-müəyyənliyin qorunub, saxlanması da böyük ehtimalla mümkün olmayacaq. Çünki indiki situasiya dəyişməzsə, qüvvələr nisbətindəki tarazlıq hər iki tərəfi tədricən zəiflətməyə başlaya bilər.

Ona görə də, ehtimal etmək olar ki, tezliklə ABŞ və Qərb Rusiya ilə hərbi-siyasi qarşıdurmanın növbəti mərhələsini ssenariləşdirməyə çalışacaq. Eynilə Kremlin də ABŞ və Qərbin “qırmızı cizgilər”inə vaxtaşırı preventiv zərbələr endirə bilər. Hər halda, indiki situasiya ABŞ və Qərb kimi, elə Rusiyaya da qətiyyən sərfəli deyil.

Məsələ ondadır ki, belə vəziyyətdə hər iki tərəf üstünlük qazanmadığından müvəqqəti maraq sərhədləri içərisində qalmağa məcburdurlar. Nəticədə hər iki tərəfin ətrafında mərkəzdənqaçma prosesi başlaya və onların iflasını sürətləndirə bilər.

Üstəlik, xarici rəqibə üstün gələ bilməyən tərəflərin iç problemlərdən qaynaqlanan və hazırda nisbətən arxa planda qalan daxili müqavimət enerjisi ilə üzələşmək təhlükəsi də var. Bu, hər iki tərəfi ciddi şəkildə əldən salaraq, zəiflədəcəyindən üçüncü iddiaçının beynəlxalq məkanda təşəbbüsü ala biləcəyi də qətiyyən istisna deyil. Ona görə də hesab etmək olar ki, yaxın vaxtlarda Çinin həm ABŞ və Qərbin, həm də Rusiyanın ortaq rəqibinə çevriləcəyi tamamilə realdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu