23 Dekabr 2024

Türkiyəyə yardım üçün əl arabası ilə yorğan-döşək aparan yaşlı qadın KİMDİR? – VİDEO

Borçalı sakini olan ananın Türkiyədə baş vermiş zəlzələyə kömək etməsindən bəhs edən video və fotolar böyük marağa səbəb olub. Laçın rayonundan məcburi köçkün Sərvər Bəşirlinin köhnə avtomobili ilə yardıma tələsdiyini əks etdirən kadrların ardınca Gürcüstanda yaşayan soydaşımızın əl arabası ilə yardım toplanan ünvana yorğan-döşək aparmasını əks etdirən səhnə duyğusal anlar yaşadıb.

Qardaş ölkədə mediada çalışan dostlar da maraqla qarşıladıqları bu foto ilə bağlı detallı məlumat almaq istədiklərini yazırlar.

Musavat.com olaraq məsələ ilə bağlı apardığımız araşdırma zamanı həmin böyük ürək sahibi olan ananın Borçalının Qaraçöp kənd sakini olduğunu öyrəndik. Onu da dəqiqləşdirdik ki, ananın oğlu hazırda Polşada işləyir.

Sözügedən foto-videonun qəhrəmanı Fatma Rəşidovadır.

Oğlu, qeyd etdiyimiz kimi, hazırda Polşada yaşayan Binəli Talıbov Musavat.com-a açıqlama verib. O, anasının yardım apardığı anları əks etdirən kadrların bu qədər əks-səda doğuracağını gözləmirmiş:

“Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi dərindən sarsıdıb. Fərqi yoxdur, harada yaşayırıq, qardaşlarımıza əlimizdən gələn yardımı etməyə borcluyuq. Hadisədən sonra bizim Qaraçöp kəndində də Türkyəyə yardım kampaniyası başladılıb və o an anam tərəddüd etmədən zəruri tələbat mallarını, özünün hazırladığı yorğan-döşəkləri, həmçinin adyalları və digər əşyaları evsiz-eşiksiz qalmış bacı-qardaşlarımız üçün aparıb”.

Binəli Talıbov deyib ki, onların evi yardım kampaniyası toplanan ünvanın təqribən 500 metrliyindədir:

“Mən ay yarımdır işləmək üçün Polşaya gəlmişəm. Anam, həyat yoldaşım və 4 yaşlı övladım kənddədir. Anamın 73 yaşı olsa da, özünə borc bilib ki, bu qarlı-şaxtalı günlərdə çətin vəziyyətlə üz-üzə qalan insanlara kömək etsin. Ona görə də əşyaları əl arabasına yükləyərək aparıb”.

B.Talıbovdan onu da öyrəndik ki, anası evdar qadındır, uzun illər mexanizator işləmiş atası isə vəfat edib.

Fatma ana ilə birbaşa əlaqə saxlamaq istəsək də, mobil telefonu olmadığı üçün bu mümkün olmadı.

Qeyd edək ki, sosial şəbəkədə yayılan kadrlarda Fatma ana yardım aparmasını lentə alan şəxsə çəkilişə ehtiyac olmadığını deyib.

Onu da əlavə edək ki, soydaşlarımız təkcə Qaraçöpdə deyil, Borçalının hər yerində Türkiyəyə yardım kampaniyasına başlayıblar.