08 Avqust 2025

Türkiyənin MÜSİAD Azərbaycan təşkilatı Bərdədə 500 nəfərlik iftar süfrəsi təşkil edib

Aprelin 24-ü  Bərdə şəhərində MÜSİAD Azərbaycan təşkilatı tərəfindən şəhid ailələri və qazilər, o cümlədən ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi təşkil edilib.

Media1.az xəbər verir ki, əvvəlcə Bərdənin 93 və 94 saylı seçki dairələrindən seçilmiş millət vəkilləri Zahid Oruc və Fatma Yıldırımın iştirakı ilə qonaqlar Bərdədə İmamzadə türbəsi, Şəhidlər xiyabanı və Allah Allah türbəsini   ziyarət ediblər.

İftar süfrəsində Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk, MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli, Bərdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkilləri  Zahid Oruc və Fatma Yıldırım  çıxış edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.

Onu da qeyd edək ki, çıxış edənlər MÜSİAD Azərbaycanın  rəhbərliyinə Qarabağımızın gözəl guşələrindən biri olan Bərdədə  iftar süfrəsinin təşkilinə görə təşəkkürlərini  bildiriblər.

 Allah tutulan bütün orucları qəbul eləsin!

Media1.az