08 Sentyabr 2024

Türkiyədə iqtidara qarşı süni lirə ajiotajı

Qardaş Türkiyədə iqtisadiyyatı ciddi həyəcanlandıran proses getməkdədir. Ölkənin milli valyutası olan lirə sürətlə dəyərsizləşir, inflyasiya prosesləri güclənir. Dollar, avro və digər valyutalar qarşısında məzənnə itkisi yaşayan Türkiyə valyutası Azərbaycan manatına münasibətdə ucuzlaşmaqdadır. Noyabrın 24-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 10,4 faiz azalaraq 0,1334 manata enib ki, bu da yeni tarixi minimum sayılır. Beləliklə də lirənin manata qarşı məzənnəsi son bir ayda 24,7 faiz, ilin əvvəlindən isə 41,8 faiz azalıb. Hazırda 1 manat 7,500 lirəyə bərabərdir.

Noyabrın 24-də lirənin ABŞ dollarına qarşı məzənnəsi də rekord səviyyədə – 15 faiz azalmaqla 1 dollar 12,7 lirədən baha olub.

Geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsənin yüksəkdilməsi istəklərinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və “iqtisadi müstəqillik müharibəsində” qalib gələcəyinə söz verib. Prezident bəyan edib ki, 2022-ci ilin yanvarından etibarən iqtisadiyyatdakı həyəcanlanma səngiyəcək və hökumətin hazırda yürütdüyü aşağı faiz siyasətinin bəhrəsi hiss olunacaq.

İqtisadçı-ekspert Samir Əliyev Azərbaycanda növbəti devalvasiya ehtimalını  qiymətləndirib

Samir Əliyev: “Türkiyə məzənnə hesabına tədiyə balansını nizama salıb”

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, Türkiyə məzənnə hesabına tədiyə balansını nizama salıb: “2020-ci ilin yanvar-sentyabr ayları ilə 2021-ci ilin müvafiq dövrünü müqayisə etsək görərik ki, cari hesablar balansının kəsirini 28,3 milyard dollardan 11,8 milyard dollara salıb. Buna mal və xidmətlərin ixracını artırması hesabına nail olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal ixracını 58,5 faiz, xidmət ixracını 60,5 faiz artırmağa müvəffəq olub. Bu müddətdə idxal da (uyğun olaraq 22,7 faiz və 34,4 faiz) artıb.

Türkiyənin maliyyə hesabında da vəziyyət yaxşılaşıb. Birbaşa portfel və digər investisiyaların əhəmiyyətli artması hesabına maliyyə hesabındakı 6,5 milyard dollarlıq kəsir 31 milyard dollarlıq profisitlə əvəz olunub. Nəticədə tədiyə balansında müsbət saldo yaranıb. Ötən ilin 9 ayında valyuta ehtiyatı 42,6 milyard dollar əridiyi halda bu ilin müvafiq dövründə 32,6 milyard dollar artıb”.

Ekspertin fikrincə, Türkiyə hökumətini hazırki addımı atmağa həvəsləndirən də bu göstəricilərdir: “Yəni ixracı stimullaşdırmaq və valyuta ehtiyatlarını qorumaq. Ancaq bu addım qısamüddətli effekt verə bilər və orta-uzun müddətli dönəm üçün fəsadlar yarada bilər və yaradır da. Makroiqtisadi sabitliyin olmaması, xüsusilə də yüksək inflyasiya əhalinin sosial vəziyyətini pisləşdirməklə yanaşı, biznes üçün də problemlər yaradır. Nəzərə almaq lazımdır ki, Türkiyənin tekstil sənayesinin xammal idxalından asılılığı var. Ucuz lirə həm də xammalı bahalaşdırır və deməli, ixraca da artım təsiri göstərir. Əgər ölkədə inflyasiya səviyyəsi milli valyutanın ucuzlaşma səviyyəsinə yaxındırsa və ya yüksəkdirsə, bu halda milli vayutanın real effektiv məzənnəsinin aşağı düşmə səviyyəsi zəifləyir və ixracın rəqabət qabiliyyəti aşağı düşür. Bank sektorunun dollarlaşması isə gələcəkdə makroiqtisadi sabitliyi sarsıdır. Pandemiya dövründə qlobal bahalaşma fonunda qiymət artımının minimuma endirilməsi əvəzinə artıma dəstək tədbirlərinin görülməsi Türkiyəni yeni iqtisadi böhrana sürükləyir”.

Ekspert qeyd edir ki, bu arada vəziyyəti gərginləşdirən amillərdən biri də Türkiyə hökuməti və biznesin ilin sonunadək yüksək həcmdə xarici borc qaytarmasıdır: ““Bloomberg”in rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyə hökuməti şirkətlər və banklarla birgə noyabr-dekabr aylarında 13 milyard dollar borc ödəməlidir. Bunun 8 milyardı noyabrın payına düşür:  Təsəvvür edin lirənin 20 faiz ucuzlaşması kifayət etdi ki, məsələn, iki ay ərzində məzənnə fərqinə görə bankların borcu ən azı 1,5 milyard TL, şirkətlərin borcu 0,6 milyard TL artırsın. Hökumət isə əlavə olaraq 0,8 milyard TL ödəməli olacaq. Əlbəttə, əgər lirə indiki mövqedə qalsa”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » YeniSözçü qəzeti

Natiq Cəfərli: “Problemlərin indiki durumda həll yolu ağrılıdır”

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Türkiyə iqtisadiyyatındakı problemlərin indiki durumda həll yolu ağrılıdır və zaman tələb edir: “Çünki populizm zaman itkisinə səbəb oldu. İndiki durumda həll yolu üçün Mərkəzi Bank uçot dərəcəsini birdən-birə 5-6 faiz artırmalıdır. Bu zaman kreditlər çox bahalaşacaq, iş adamları kredit götürüb iş qurmayacaq, iş yerləri azalacaq, bəzi şirkətlər bankrot olacaq, daxildə istehlak azalacaq, deməli, ticarət dövriyyəsi zəifləyəcək, bu isə yenə işsizlik, gəlirlərin azalması deməkdir – bu modellə də seçkini udmaq asan deyil. Amma bu acı ”resept” bir neçə ilə iqtisadiyyatı sağlamlaşdıracaq, daha sağlam təməllər yaradacaq, “çürük almalar” yox olaraq digər “almaları” da çürütməyəcək”.

Nüfuzlu “The Financial Times” qəzeti Türkiyədəki proseslərə dair geniş yazı ilə çıxış edib. Məqalədə bildirilir ki, Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu təşkilatlar bu ilin yekununda Türkiyə iqtisadiyyatında 9 faizlik artım proqnozlaşdırırlar: “Bu, dünyada ən yüksək artım səviyyələrindən biri olacaq. Lakin lirənin sürətli dəyərsizləşməsinə görə analitiklər artım sürətinin səifləyəcəyinə dair xəbərdarlıqlar etməkdədirlər”.

Qəzetin yazdığına görə, Türkiyədə əmanətlərin dollarlaşması prosesi son illərdə sürətlənib. Hazırda ölkə banklarındakı depozitlərin  55 faizi – 260 milyard dolları xarici valyutadadır. Bu göstərici 2018-ci ildə 49 faiz təşkil edirdi.

Türkiyədə ümumi illik inflyasiya 20 faiz, ərzaq inflyasiyası isə 27 faizə yüksəlib. Ölkənin enerjidaşıyıcılarını, sənaye üçün zəruri olan bir sıra xammalı xaricdən alması iqtisadiyyat üçün əlavə problemlər yaradır. “The Financial Times”a danışan ekspertlər yaranmış problemi həll etmək üçün Türkiyə hökumətinin faiz dərəcələrini artırmaq barədə qərar qəbul etməsinin gərəkdiyini bildirirlər.

2018-ci ildə Ankaranın ABŞ-la münasibətləri gərginləşən zaman valyuta problemi yaşanmışdı. Ondan sonra ötən 4 ilə yaxın müddətdə biznes xarici borcunu 74 milyard dollar azaltmağa nail olub. Bu isə indi biznesin yarana biləcək böhrana daha davamlı olması deməkdir. Lakin biznesin xarici borcunun bir hissəsini dövlət qiymətli kağızlar yolu ilə öz üzərinə çəkib. Buna baxmayaraq, ölkənin xarici borcu ÜDM-in 40 faizi civarında olmaqla digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə daha aşağıdır.

Yüksək inflyasiya və lirənin məzənnə itkisi fonunda əhali və biznesin təşvişə düşməsi hiss edilməkdədir. Hətta noyabrın 23-də Türkiyənin paytaxtı Ankarada tələbələrin etiraz aksiyaları da keçirilib. Bu vəziyyətdən Türkiyəni qarışdırmaq istəyən qüvvələr istifadə edə bilərmi? Tələbə etirazlarının ardından siyasi hücum gözlənirmi?

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı: “Türkiyə rəsmiləri baş verənləri iqtisadi sui-qəsd olaraq qiymətləndirirlər və heç də haqsız deyillər”

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Türkiyədə qarışıqlıq yaranmasını istəyən qüvvələrin olduğu sirr deyil: “Türkiyə rəsmiləri baş verənləri iqtisadi sui-qəsd olaraq qiymətləndirirlər və heç də haqsız deyillər. Türk lirəsinin dəyər itirməsinin siyasi manipulyasiyadan qaynaqlandığı bəllidir. Burada iqtisadi və siyasi yollardan istifadə olunur. İqtisadi yollar türk lirəsinə külli miqdarda xarici valyuta alınması ilə edilir. Bu üsuldan ötən ilin əvvəlindən etibarən istifadə etməyə başladılar. Mexanizm belədir ki, xaricdə mənşəyi tam məlum olmayan mərkəzlər, yaxud təşkilatlar türk lirəsini kütləvi şəkildə dollara dəyişdirirlər. Türkiyə dövləti bunun qarşısını almaq üçün bank sektorunda ciddi addımlar atdı, lakin proses dayanmadı və növbəti addım kimi Türkiyədəki şirkətlər vasitəsilə etdilər. Şirkətlər xarici bank hesablarına lirəni yatırır, daha sonra həmin lirə müəyyən hesablara köçürülür və dollara dəyişdirilir. Bu mexanizm lirənin dəyər itirməsinin əsas təməli oldu”.

Müsahibimizin sözlərinə görə, Türkiyəyə qarşı mübarizədə siyasi yollar Türkiyə rəhbərliyinə qarşı çağırışların edilməsi, münasibətləri pozacaq mövqelərin sərgilənməsidir: “Misal üçün, bir neçə həftə öncə Ərdoğanın ölüm xəbəri sosial şəbəkələrdə tirajlanmağa başladı və buna paralel olaraq, lirənin də dəyər itirməsi müşahidə olundu. Bu cür manipulyativ məlumatlar Türkiyə iqtisadiyyatına ciddi təsir edir və belə bir xəbərin ortaya atılması məhz indiki vəziyyətin yetişdirilməsinə hesablanıb.

Əslində Türkiyə iqtisadiyyatı göstəricilərinə görə pandemiyadan sonrakı dövrdə digər böyük ölkələrdən geridə qalmır. Qardaş ölkənin mütəxəssisləri də Türkiyənin indiyə qədər nağd pul üzərində qurulan iqtisadi modelin istehsala söykənən modelə keçmək istiqamətində irəlilədiyindən bəhs edirlər. Bu keçid baş tutarsa, Türkiyəyə qarşı iqtisadiyyat üzərindən təzyiqlər də minimallaşdırılacaq. Türkiyənin siyasi və iqtisadi müstəqilliyini gücləndirmək addımları hazırda müşahidə edilən hücumlara zəmin yaradır. Hədəfdə Türkiyə iqtisadiyyatı yox, Ərdoğandır və məhz hakimiyyəti dəyişmək məqsədilə ölkə daxilində ictimai narazılığın yaradılması üçün lirə üzərindən təzyiq edilir. Proseslər göstərir ki, Bayden Amerikası AKP Türkiyəsini əvvəlki kimi Vaşinqtona bağlı ölkə vəziyyətinə qaytara bilməyəcəyini anladığı üçün hakimiyyət dəyişikliyi ssenarisini önə çəkib. İki istiqamətdə addım atılır. Birincisi, erkən seçkilərin keçirilməsinə çalışırlar. Mövcud şərtlərdə buna nail olarlarsa, Ərdoğanın liderlik etdiyi Cumhur İttifaqı səs itirəcək. İkincisi, erkən seçkiyə nail olmasalar belə, 2023-cü ilə qədər iqtisadiyyatı çıxılmaz vəziyyətə gətirmək və hakimiyyət dəyişikliyinə bu yolla nail olmaqdır. Dünən keçirilən aksiyalara da bu planlar fonunda baxa bilərik və maraqlıdır ki, etirazlar günün sonunda, Ərdoğanın erkən seçkilər keçirilməyəcək açıqlamasından sonra başlandı. Bu detal prosesi anlamağa imkan verir”.

A.Nərimanlının fikrincə, hadisələrin inkişafı göstərir ki, Türkiyə iqtisadiyyatına qarşı bu cür addımlar atılacaq və maksimum şəkildə kütləvi aksiyalara nail olmağa çalışacaqlar.