17 İyul 2025

Türk Dövlətləri Təşkilatı Avrasiyada mühüm güc məzkəzinə çevrilməkdədir

Göründüyü kimi, Türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha da güclənir və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Qeyd edək ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafında önəmli rol oynayır. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Macarıstana səfəri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birinin Türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsinin daha bir göstəricisidir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu il isə ikinci qeyri-rəsmi Zirvə görüşü Macarıstanda təşkil edilmişdir.

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamənin imzalanması tarixi hadisəyə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir. Bəyannamədə qeyd olunur ki, Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar. Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmindədirlər. Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır və təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləmiş olublar.

Bəyannamədə Türk Yaşıl Baxış prinsipləri rəhbər tutularaq, iqlim dəyişikliyinə və ətraf mühitin mühafizəsində davamlı yaşıl inkişafa sadiqlik bir daha təsdiqlənir, yaşıl enerji avadanlığının və texnologiyalarının inkişafının, iqlimədavamlı infrastrukturun, enerji səmərəliliyinin və tullantıların səmərəli idarə olunmasının təşviqinin vacibliyi qeyd edilir. Bildiyimiz kimi, Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur. Qeyd etmək lazımdır ki, Türk dünyası çağdaş geosiyasi reallıqlar fonunda ortaq maraq və gələcək hədəflərlə birləşir.

Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatına münasibətlərin möhkəmləndirilməsi, Türk dünyasının inkişafının dəstəklənməsi və onun gücləndirilməsi prioritetdir. Ölkəmiz illərdir birliyin siyasi, iqtisadi və hərbi gücünün artması, beynəlxalq aləmdə nüfuzlu aktora çevrilməsi üçün ardıcıl və prinsipial siyasət yürüdür.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı