23 Dekabr 2024

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyev bu barədə açıq şəkildə bildirir: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.” Bu ifadə, Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır. Prezident İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və Azərbaycanın bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi.

TÜRKPA-nın plenar iclasları, Türk dünyasının birliyinin təzahürü olaraq, ölkələrimizin bu birliyə yönəlmiş böyük səylərini əks etdirir. Son illərdə Türk Dövlətləri Təşkilatı xətti ilə həyata keçirilən işlər, birliyimizi daha da gücləndirmişdir. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonar Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşlərin ildə bir dəfə keçirilməsi kifayət etmir; sürətli və davamlı təmaslara ehtiyac var. Hər bir Zirvə görüşü, birliyimizin gücləndirilməsinə yönəlmiş növbəti addım olur. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir və geniş bir coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insane kapitalı və demoqrafik vəziyyətin müsbət olması, bu böyük güc potensialını təşkil edir. Bizim vəzifəmiz, bu potensialı dünya miqyasında böyük bir gücə çevirməkdir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, Türk dünyasının birliyini daha da möhkəmləndirir və gələcəkdə bu birliyin dünya səhnəsində daha da güclənməsinə töhfə verir.

Dünyada və Avrasiya məkanında cərəyan edən proseslər Türk dövlətlərinin maraqları kontekstindədir. Qeyd etmək lazımdır ki, son illlərdə Türk dövlətlərinin bir-birinə inteqrasiyası prosesi sürətlənib. Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirlməsi Türk Dövlətləri Təşkilatının dünyanın siyasi düzənində müstəsna rol oynayacağına böyük ümidlər yaradır. Əsrlər boyu geniş bir ərazidə mövcud olan tarixi, etnik və dini bağlarla sıx əlaqədə olan Türk dövlətlərində 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Azərbaycan Türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib.

Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələr prioritet istiqamət kimi müəyyən olunub. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Əlbəttə ki, hər iki dövləti birləşdirən bir çox amillər var – tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız. Bu birliyin və qardaşlığın sarsılmaz nümunəsinin Vətən müharibəsində bir daha şahidi olduq. “Türkiyə hər zaman Azərbaycanın yanında olub və İkinci Qarabağ müharibəsi başlayarkən cənab Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq və dəqiq sözləri, – “Türkiyə Azərbaycanın yanındadır”, – bizə əlavə güc verdi. Bu siyasi və mənəvi dəstək bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil və Türkiyə 44 gün ərzində bizim yanımızda oldu”. Bu sözləri Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbulunda çıxışı zamanı bildirib.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı