07 Avqust 2025

Turizm inkişafı indeksi açıqlandı – niyə Qafqazda sonuncuyuq?

Ekspert: “117 ölkə içərisində 63-cü yerdə qərar tutmağımız pis nəticə deyil”

Dünya İqtisadi Forumu (WEF) Səyahət və Turizmin İnkişafı İndeksini açıqlayıb. İndeksində Azərbaycan 117 ölkə içində 63-cü yerdədir.

Bu indeks Davosda Dünya İqtisadi Forumunun keçirildiyi vaxtda açıqlanır. Dünyanın bir sıra yerlərində turizm sektoru COVİD-19 pandemiyasının vurduğu zərbədən dirçəlməkdədir. Reytinqdə ilk beşliyi Yaponiya, Birləşmiş Ştatlar, İspaniya, Fransa və Almaniya tutub. İndeks 117 iqtisadiyyatı səyahət və turizm sənayesinin inkişafı, davamlılığı və möhkəmliyinə təsir göstərən faktorlar üzrə dəyərləndirir. Bu sənaye öz növbəsində iqtisadi və sosial inkişafa töhfə verir. Hesabatda deyilir ki, Ukraynada gedən müharibə, işğalın Rusiyaya sanksiyalara və səyahət qadağalarına səbəb olması turizm sektorunun dirçəlməsinə təzyiqi artırıb. Dünyanın bir sıra aviaşirkətləri əməliyyatlarının marşrutlarını dəyişiblər ki, bu da səyahətin vaxtını və xərcini artırıb. Ümumilikdə Rusiya və Ukrayna beynəlxalq turizm xərcləmələrinin 3 faizini təşkil edir. Rusiyalı turistlər əsasən Azərbaycana, Gürcüstana, Türkiyəyə, İsrailə, BƏƏ-yə və Tailanda gedir. Ümumilikdə, 2021-ci ilin yanvarı ilə bu ilin yanvarı üzrə beynəlxalq turist səyahətlərinin fərqi 2021-ci il üzrə ümumi artımdan böyük olub.

İndeksdə diqqəti çəkən məqam odur ki, Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsindən geridə qalır. Belə ki, qonşulardan Ermənistan 61, Gürcüstan 44-cü yerdə olduğu halda, Azərbaycan 63-cü yerdədir. Gürcüstanda turizmin yetərincə yaxşı inkişaf etməsi məlumdur. Ancaq turizm indeksi üzrə Azərbaycanın Ermənistandan belə geridə qalması təəccüblü görünür.

Müzəffər Ağakərimov: Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu  qədər diqqət və qayğı göstərilmir - AZƏRTAC

Müzəffər Ağakərimov

Turizm üzrə ekspert Müzəffər Ağakərimov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Birincisi, kimin harada yer  tutması bizim üçün əsas deyil. Bizə əsas odur ki, öz işimizi yaxşı quraq. İlk növbədə təbliğat, təşviqat məsələsi  zəif aparılır. Konkret faktlarla deyə bilərəm ki, Azərbaycanın turizm potensialı nəinki Cənubi Qafqazda,  eləcə də bütün Qafqazda çox yüksəkdir. Lakin onun təbliğatı çox zəifdir. Nə xaricdəki diplomatik nümayəndəliklərimizdə, nə də diaspor təşkilatlarımızda Azərbaycanın turizm potensialını təbliğ və təşviq edən çap məhsulları qənaətbəxş deyil. Həmin çap məhsulları olduğu ölkənin dilində olmalıdır. Həmçinin ölkəmizlə bağlı videoçarxlar hazırlanmalıdır.  Hamıya məlumdur ki, Azərbaycanın uçuş biletləri çox bahadır. Bunu millət vəkilləri də, adi vətəndaşlar da deyir. Neçə illərdir ki, bu barədə söhbətlər, müzakirələr gedir, lakin ortada nəticə yoxdur.

Üçüncü məsələ, ölkəmizdə xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün xüsusi monitorinq aparmaq lazımdır. Monitorinqlər xidməti zəif olan məkanlarda aparılmalıdır ki, həmin yerlərdə xidmət məsələsi yüksəlsin. Daha sonra hotellərin sayı, tipləri  az olduğuna görə qiymətləri bahadır. Ona görə hotellərin qiymətlərində mütləq güzəştlər olmalı, bu məsələ də öz həllini tapmalıdır.

Beşinci səbəb isə pandemiyanın göstərdiyi təsirlərdir.

Altıncı amil, əgər qiymətlə xidmət bir-birinə uyğun olarsa, turizmin inkişafında mühüm rol oynaya bilər. Təsəvvür edin, Azərbaycanın  regionlarında demək olar ki, bir-iki turizm şirkəti var, ya da yoxdur. Turizm şirkətləri əsasən paytaxt Bakıda cəmləşir. Biz regionlarda turizmin inkişafı üçün güzəştlər və şərait yaratmalıyıq ki, onlar da turizmin təbliği ilə məşğul olsunlar”.

Müzəffər Ağakərimov ölkədə hazırda turizm sahəsində vəziyyətin qənaətbəxş olduğunu bildirdi: “Lakin daha çox inkişaf üçün turizm növlərinin inkişafı getməlidir. Məlum olduğu kimi, Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqədar turistlər Türkiyəyə və digər mümkün olan ölkələrə axın etməyə başlayıb. Biz də həmin turistləri qazanmağa çalışmalıyıq. Bunun üçün də çimərlik turizmini inkişaf etdirməliyik. İllərdir ki, bu barədə yazır, deyirik, çimərliklərimizin sanitar-epidemiyası qaydaya salınmalıdır.  Ümumiyyətlə, çox uzağa getməyək, turizm siyasəti ilə bağlı qardaş Türkiyədən çox məsələləri öyrənməliyik. Bunun üçün də turizm mütəxəssisləri olmalıdır. Lakin bu sahədə yüksək səviyyəli turizm mütəxəssislərinin potensialından demək olar ki, istifadə olunmur. Doğrudur, yeni kadrlar gəlir, lakin həmin kadrlar təcrübəli deyillər, bunun üçün də mütləq onların yanında təcrübəli ekspertlər, mütəxəssislər olmalıdır. Bu zaman həmin gənc kadrlar daha sürətli və yaxşı inkişaf edər”.

Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq  yeni bir istiqamət kimi tanınır

 Ruslan Quliyev

Turizm eksperti Ruslan Quliyev isə bunları dedi: “Dünya İqtisadi Forumunun Səyahət və Turizmin İnkişafı İndeksi ilə bağlı açıqlaması göz önündədir. Bəzən olur ki, digər indekslərdə öndə oluruq, bəzilərində isə əksinə və bu da bir çox hallarda narazılıq doğurur. Yəni bu ilk dəfə deyil. Əminliklə deyə bilərik ki, Dünya Bankının indikatorları üzrə Azərbaycanda çox sayda islahatlar aparılır. Bu baxımdan düşünürəm ki, indeksə görə 63 və yaxud 61-ci yerdə qərarlaşmağımız o qədər də önəm  kəsb etmir. 117 ölkə içərisində 63-cü yerdə qərar tutmağımız pis nəticə deyil və bu, turizm sahəsində aparılan islahatların nəticəsidir”.

Ekspert bildirdi ki, bu məsələdə dövlətin ən böyük rolu bölgələr də daxil olmaqla, infrastruktur layihələrdə uğurlu iştirak etməkdir: “Bu, birbaşa turizmin inkişafını şərtləndirən amillər içərisindədir. Əlbəttə ki, dövlət bu gün təşviq siyasətini daha da  genişləndirməlidir. Artıq pandemiyanı geridə qoymuşuq, bu baxımdan hava dəhlizləri açılır. Həmçinin Azərbaycan bu gün Cənubi Qafqazda ən uğurlu oyunçudur. İpək Yolu marşrutu üzərində müxtəlif dəhlizlərin də açılması birbaşa gələcəkdə bu indekslər üzrə daha irəlidə olmağımıza münbit şərait yaradacaq”.