11 Avqust 2025

Toplum ana dilinə sayğını azaldanda… – Ziyalılardan SOS siqnalı

Sabir Rüstəmxanlı: “Milli Məclisdə dil komitəsi yaradılmalıdır”

219 ziyalı, alim və filoloq Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb. Onlar ölkədə “Dövlət dili haqqında” Qanunun pozuntusundan narahatlığını belə ifadə ediblər.

Müraciətdə deyilir: “Xalqımızın mənəvi sərvəti, dövlət müstəqilliyinin başlıca rəmzlərindən olan Azərbaycan dilinin öz ana yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur. Bakının küçə və prospektləri əcnəbi dillər tərəfindən ”işğal olunub”. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin keçirdiyi monitorinq zamanı məlum olub ki, paytaxtın mərkəzi küçə və prospektlərində ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilmir. Bəzi yerlərdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib. Ötən illərdə məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilib. Belə görünür, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər.

Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması təsbit edilib. Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmalıdır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu da dövlət dilində olmalıdır”.

Qeyd edək ki, bu problem zaman-zaman qaldırılır. Əfsus ki, real nəticə yoxdur. Bəzi ekspertlər hətta “Dövlət dili haqqında” Qanunun daha da sərtləşdirilməsini təklif edirlər. İllərdir davam edən bu problemin həlli istiqamətində daha hansı addımlar atılmalıdır? 

Millət vəkili, publisist Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Əgər ziyalılarımız bu cür şəkildə müraciət ediblərsə, onlara təşəkkürümü bildirirəm. Amma mərkəzi küçədə 70 faiz Azərbaycan dilindən istifadə olunmur” deyilməsi düzgün deyil. Çünki Azərbaycanca müraciət etdiyin dükanda, ya da mağazada ola bilməz ki, sənə ana dilində cavab verməsinlər. O ayrı məsələdir ki, Bakının mərkəzində “brend” mağazaların adlarının çoxu xarici dildədir. Azərbaycan dilinin hər hansı restoranda işlənməsi qadağa deyil, istənilən adamdan tələb edə bilərsən ki, mənə öz dilimdə cavab ver. Bu keçilmiş mərhələdir, indi belə bir hal yoxdur.

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti sərt tənqid etdi - AÇIQLAMA  (VİDEO) - Unikal.org

Sabir Rüstəmxanlı

Amma ümumilikdə Azərbaycan dilinin taleyi narahatlıq doğurur. Bununla bağlı bir neçə dəfə ölkə başçısı sərəncam imzalayıb. Müəyyən komissiyalar yaradılıb. Azərbaycan dilinin inkişaf proqramı var. Dil institutunda monitorinq mərkəzi yaradılıb. Onlar monitorinq aparıblar, nəticələri kitab kimi çap ediblər. Kitabda adı keçən müəssisələr gərək oradakı tənqidləri nəzərə alsınlar, öz işlərində düzəliş etsinlər, bir daha o səhvlərə yol verməsinlər. Yəni “dilimiz təhlükə altındadır, heç bir iş görülmür” demək doğru deyil. Dilimiz inkişaf edir, dünya miqyasında, rəsmi məclislərdə səslənən bir dildir. Amma bizi narahat edən dilimizin üstünə gedən bir dil süzgəcinin qoyulmamasıdır. Misal üçün, Kanadada ingilis dilində, onun vilayəti olan Kvebekdə isə fransız dilində danışılır. Fransız dilli vilayətdə polislər kimsə fransız dilindən başqa dildə danışarsa, onlara cərimələr tətbiq edirlər. Qanunla xüsusi bir cəza tətbiq olunur. Bəzən zarafata yazırlar ki, hər sahədə polis var, dilin də polisi olacaq. Almaniyada da dil bütövlüyü var. Burada daxil olan yeni sözlər süzgəcdən keçirilir, hansı söz lazımdırsa, onu salırlar. Yoxsa bizdə tənbəllikdən nə qədər yeni söz varsa, hamısını dilimizə salırlar. Bu məsələ ilə bağlı dəfələrlə müzakirə aparmışıq. Milli Məclisdə də dəfələrlə demişəm, Milli Məclisdə dil komitəsi yaradılmalıdır. Qanunlar gəlib o komissiyadan keçməlidir, oxunmalıdır. Qanunları, dili kifayət qədər mükəmməl bilməyən nazirliklər, qanun yaradıcılığı ilə məşğul olan adamlar xarici ölkələrin qanunlarından istifadə edirlər, dünya praktikasından yararlanırlar. Hazırlanan zaman bir sıra terminlərin qarşılığını tapa bilmirlər. Yaxud axtarmağa tənbəllik edirlər. Mexaniki şəkildə o terminləri qəbul edirlər. Təhsil qanununda da eyni vəziyyətdir. Onlarla söz var idi ki, “Təhsil haqqında” Qanunda olmamalı idi. Məsələn, distant təhsil deyirlər, məsafədən, uzaqdan  təhsil deməkdir. Niyə öz sözümüzü demirik, distant deyirik. Bunların qarşılığı ola-ola dilə yatmayan sözlər niyə dilimizə gəlməlidir?!”

Deputat qeyd edib ki, hazırda əsas problem Bakı küçələrində mağazaların əksəriyyətinə xarici adların verilməsidir: “Heç olmasa, xarici dildə yazılsa da, o yazılar ana dilindən kiçik yazılmalıdır.  Amma bizdə onlarla müəssisə var, heç Azərbaycan dilini saymadan üzərini necə istəyirlər elə yazırlar. İkinci əsas məsələ, bayaq dediyim qanunlarımızda xarici sözlərdən istifadə olunmasıdır. Çünki qanunlar müxtəlif müəssisələrə göndərilir. Ölkə Prezidenti səviyyəsində dəfələrlə dil ilə bağlı proqramlar hazırlanıb. Amma əsas məsələ odur ki, yerinə yetirilmir. Eyni zamanda, kütləvi savadsızlıq da dilin korlanmasına səbəb olur. Bu gün feysbukda da status paylaşdım, Azərbaycan xalqı müsəlmandır və 1400 ilə yaxındır oruc tutur. İki halal sözümüz də var: ”obaşdan” və “orucaçılan”. Kəndlərimizdə indi də belə deyirlər. Güney Azərbaycanda da belə işlədilir. Ancaq nədənsə, son dönəmlərdə yazılı dilimizdə “obaşdan” əvəzinə “imsak”, “orucaçılan” yerinə “iftar” demək dəbə minib. Köhnədən arada iftar vaxtı deyilirdi, lakin “imsak” deyən yox idi. Təkcə söz məsələsi deyil, yabançılara vurğunluq, xaricilərə sitayiş bizim köhnə xəstəliyimizdir, sağalmır ki, sağalmır…”

Rüstəmxanlı Azərbaycan dili ilə bağlı daha mühüm bir problemə toxunub: “Azərbaycan dilinin sıxışdırılmasının, dilin lazımsız sözlərlə zibillənməsinin əsas qaynaqlarından biri rus məktəbləridir. Bu qədər rus məktəbi olan bir şəhərdə – rəsmi məlumatlarda 20-30 min məktəblinin rus bölməsində oxuduğu bildirilir. Onlar Azərbaycan dilini pis bilirlər. Əgər ailədə tələbkarlıq varsa, uşağına ana dilini öyrədirsə, uşaq öyrənir. Rus dilli məktəblərin əksəriyyətində Azərbaycan dilinə ikinci, üçüncü dərəcəli dərs, fənn kimi baxılır. Mütəxəssislər də yaxşı öytərmirlər, uşaqların günahı yoxdur. Niyə öz ana dilinizdə danışmırsınız soruşduqda deyirlər, ”bizi körpəlikdən rus bölməsində təhsilə cəlb ediblər, nə edək”.

Bu dəfələrlə deyilib, heç bir yerdə Azərbaycandakı kimi qonşu dövlətə qarşı bu qədər heyranlıq yoxdur. Amma biz bu qədər institutlar, məktəblər açırıqsa, sabah daha pis olacaq. Rusiyada yaşayan azərbaycanlılar da qayıdanda burada rusca oxuyur. Azərbaycanda tədricən rus dilinin meydanı genişlənir. Müstəqil dövlətdə tədris, xüsusilə ibtidai siniflərdə ana dilində olmalıdır. Sonra isə yuxarı siniflərdə, orta məktəbi qurtarandan sonra rusca da oxuya bilərlər, ingilis, italyan, türk dilində də universitetlər açmaq olar. Hansı dildə istəyir oxusunlar. Amma əsas təhsil ana dilində olmalıdır”.