Ter-Petrosyan: “Bu, Ermənistanın, Qarabağın sonu idi”
Ermənistanın sabir Prezidenti Qarabağ müharibəsindəki məğlubiyyətlərinin səbəblərini açıqlayıb
“23 ildir hakimiyyətdə olanlarımız qumarbaz kimi davrandılar. Sonunda məğlub olduq”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan deyib.
İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyət səbəblərini sadalayan Ter-Petrosyan bunun günahının 23 ildir hakimiyyətdə olanlarda gördüyünü deyib: “23 ildə həyata keçirilən avantürist və məsuliyyətsiz siyasət nəticəsində məğlubiyyətə uğradıq. Məğlubiyyətin təməli 1998-ci ildə status-kvonu qorumaq ehtimalı və bir qarış torpaq verməmək prinsipi ilə bağlı beynimizdə inandığımız yalanla qoyuldu. Məğlubiyyətin sonu isə Nikol Paşinyan tərəfindən təxribat xarakterli “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə bitdi. Və bu, Ermənistanın, Qarabağın sonu idi”.
“23 il ərzində səlahiyyətlilərimiz realist siyasətin ən vacib üç amilini nəzərə almadılar: güclər nisbəti, müttəfiqlərin varlığı və ya yoxluğu, ən əsası zamanın geri dönməzliyi. Həqiqət budur ki, bir şey bu gün mümkündürsə, sabah mümkün olmaya bilər. Bu, hakimiyyətdə olanların başa düşmədiyi çox sadə siyasətdir”, – deyə Ter-Petrosyan əlavə edib.
Sabiq Prezident qeyd edib ki, 23 ildir ki, Ermənistan rəhbərliyi qumarbaz kimi davranır, yeni mərclərə girir, daha çox qazanmağa çalışır və buna görə qazandıqlarını itirirlər.