09 Avqust 2025

Televiziya geniş auditoriyaya təsir edən qüvvədir

Televiziya sözünün hərfi mənası yunancadan tərcümədə “uzağıgörmə” kimi izah olunur. Adının yunanca olmasına baxmayaraq tarixi heç də qədim Yunanıstana yox, cəmi 98 il öncəyə, yəni 1924-cü ilə, İngiltərəyə gedib çıxır. Belə ki, ilk televiziya nümunəsi 1924-cü ildə şotlandiyalı Con Loqi Beird tərəfindən ortaya qoyulmuşdu və o öz ixtirasını “televizor” adlandırmışdı. Bəlkə də , Con öz ixtirasının gələcəkdə çox böyük populyarlıq qazanacağını, hətta insanların həyatının ayrılmaz tərkib hissəsinə çevriləcəyini, dünyanın qloballşmasında, informasiya sahəsində əsas təsir gücünə və çox böyük çəkiyə sahib olacağını təsəvvür etməmişdi və bəlkə də etmişdi, nə bilmək olar. Con özünün bu ixtirası ilə o zaman radio kanalı kimi fəaliyyət göstərən BBC ilə əməkdaşlıq etmiş və ilk yayım 1930-cu ildə baş tutmuşdu. Öz xələfləri olan radio və qəzetə nisbətən bir qədər gec meydana çıxmasına baxmayaraq, kütləvi informasiya vasitəsi kimi qısa müddətdə özündən əvvəlkiləri kölgədə qoymağı bacarmışdı. Çünki televiziya  qəzetlərdə olan şəkillərdən daha mükəmməl olan videonu,  radiolardan daha mükəmməl səsli informasiyanı öz izləyicilərinə eyni anda çatdırırdı, yəni hər şeyi olduğu kimi göstərirdi, öz gözlərinizlə görürmüş və öz qulaqlarınızla eşidirmiş kimi. İnformasiyanı əldə etmək və ya əylənmək üçün daha təkmil bir vasitə  var ikən niyə digərlərinə maraq olsun ki? Elə bu səbəbdən artıq radiolar və qəzetlər arxa plana keçmişdi.

İlk yayımın baş tutduğu 1930-cu ildən bu günümüzə qədər keçən 92 il ərzində televiziya yetərincə təkamül yolu keçərək günümüzdə çox böyük təsir gücünə sahib kütləvi informasiya vasitəsinə çevrilmişdir. İlkin mərhələdə bu sahədə ixtisaslı mütəxəssis olmadığı üçün radio və qəzetlərdən, teatrlardan əməkdaşlar dəvət olunurdusa, artıq bu gün sözügedən sahə üzrə dünyanın hər yerində saysız-hesabsız ixtisaslı mütəxəssislər, jurnalistlər ordusu yetişmişdir.

Demək olar ki, 21-ci əsrin başlanğıcına, yəni komputerlərin və internetin hər kəs üçün əlçatan olduğu dönəmə  və sosial şəbəkələrin meydana çıxmasına qədər televiziya əvəzsiz olaraq qalırdı. Ancaq bu gün də öz təsir gücünə görə yenə zirvədə dayanmaqda davam edir. Televiziyalar digər informasiya vasitələrinə nisbətdə birbaşa təsir gücünə malikdir və informasiyanı çox böyük izləyici kütləsinə eyni anda çatdırır. Onun izləyən hər bir tamaşaçı asan və rahat bir şəkildə, heç yerə getmədən, öz evində dünyanın istənilən nöqtəsindən məlumat alır, müxtəlif mövzularda veriliş, proqram, xəbər və məlumatlarla tanış olur.

Televiziyanın cəmiyyətdəki roluna diqqət çəkən Edvard Moreu belə bir fikir söyləmişdir: ” O, öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq sürətdə istifadə edə bilsinlər”.  Bu müsbət fikirlə yanaşı Artur Çarlz Klark televizyanı tənqid edərək, ” əgər birinə pislik etmək istəsəniz, ona televizor alın”  ifadəsini işlətmişdir. Təbii ki, televiziya öz imkanlarına, təsir gücünə, çəkisinə görə doğru informasiya çatdırdığı halda çox böyük bir nemətə çevrilir, ancaq bunun əksi baş vermiş olarsa, yəni yalnış bir informasiya isə istər bilərəkdən, istərsə də səhvən  televiziya kanallarında yayımlanan proqramlar, filmlər və tamaşalar vasitəsilə insanlara çatdırılarsa çox böyük mənfi təsirlər yaratmış olar.

Bu səbəbdən unutmaq olmaz ki, televiziyaların məhsulu olan verilişlərə ağıl və idrak səviyyəsi müxtəlif olan, o cümlədən fərqli yaş qruplarına məxsus insanlar baxırlar. Bu səbəbdən hər bir ölkə televiziya və radio yayımını tənzimləyən xüsusi qanunlar qəbul etməklə bu sahədə mövcud standart və qaydaları müəyyən edir, tənzimləmələri həyata keçirir.

Televiziyanın təsir gücünün böyüklüyü danılmazdır, ancaq son zamanlar sosial şəbəkələrə nisbətdə bir qədər gerilədiyi hiss olunur. Bunun səbəbi isə aydındır, yəni  televiziyalar və orada özünü ifadə etmək hər kəs üçün əlçatan deyil, ancaq sosial şəbəkələrdə hər kəs öz fikirlərini istənilən formada-istər videogörüntü, istərsə də yazı şəklində  çatdırmaqda  sərbəstdir. Ancaq sosial şəbəkələr televiziyalar qədər birbaşa və daha geniş izləyici kütləsinə təsir gücünə malik deyil. Televiziyada çalışan şəxslər ilk növbədə öz işinin peşəkarı olduqları üçün təqdim etdiyi hər bir materialın məsuliyyətini yaxşı başa düşür. Məhz buna görə də  verilişləri daha geniş izləyici kütləsinə çatmaq üçün böyük vaxt və enerji sərf etməli olurlar. Bütün bunların fövqündə  isə televiziya hələ bundan sonra da uzun müddət geniş auditoriyaya öz təsiri ilə  gündəmdə qalacaq.

Zeynəb Xəlilova, 
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi