“TEKNOFEST Azərbaycan” çərçivəsində“Rocket League” üzrə Avropa çempionatına start verildi
Azərbaycan da daxil olmaqla Avropanın 10 ölkəsini təmsil edən kiber atletlər “Rocket League” yarışı üzrə mübarizəyə başladılar.
Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Rocket League” üzrə Avropa çempionatı start götürüb.
“Rocket League” üzrə Azərbaycan, Macarıstan, Lüksemburq, Monako, Niderland, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 30 iştirakçı 10 komandada təmsil olunmaqla mübarizəyə başlayıblar.
Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 21 nümayəndə yarışları izləmək üçün Bakıda rəsmi səfərdədir.
Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.