Təkmil dirçəliş modeli
Prezident İlham Əliyevin 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti mühüm məqamları ilə bu gün ölkə mətbuatında geniş müzakirə olunur. 2023-cü ilin hesabatını, 2024-cü ilin hədəflərini özündə ehtiva edən bu müraciət “2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır” çağırışı ilə başlayır.
Üç il əvvəl Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri və çağırışı ilə ayağa qalxıb öz gücünü və iradəsini, nəyə qadir olduğunu 30 ilin işğalına 44 gündə son qoymaqla nümayiş etdirdi. Azərbaycan tarixinin Zəfər səhifəsi yazıldı. 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da haqqın, ədalətin sonda zəfər çalacağını bilirdik. Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradılmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdır. Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyildi. 30 illik işğal dövründə bəzi dünya güclərinin Ermənistana dəstəkləri nəticəsində işğalçı dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüquqa hörmətsizlik etdi. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Ermənistan ona göstərilən diqqətdən daha da ruhlanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladı. 2020-ci il 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaqla bu istəyini aydın şəkildə nümayiş etdirdi. Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdur. Müzəffər Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatları dünyaya səs salan Zəfərimizlə başa çatdı. 30 il işğal dövründə Ermənistana dəstək verən bəzi dünya gücləri ədalətə və beynəlxalq hüquqa önəm verib ona təzyiqlər göstərsəydi münaqişənin həlli prosesi bu qədər uzanmazdı, ən əsası müharibə baş verməzdi. Postmünaqişə dövründə də eyni vəziyyət yaşandı. Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmədi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmadı, əksinə hərbi təxribatlar törətməkdə davam etdi, dünya yenə də susdu. Bütün bunların nəticəsində Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri həyata keçirdi və suverenliyimiz tam bərpa edildi, bununla da ölkəmiz tarixinin yeni dövrünə daxil oldu. Cənab İlham Əliyev müraciətində bu reallıqlara bir daha diqqət yönəldərək bildirdi ki, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır, ya da ki, güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik: “Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm – bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.”
Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. 30 il işğal altında qalmış və erməni vəhşiliklərinin şahidi olmuş bütün ərazilərimizdə hazırda sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Uğurla davam etdirilən qurub-yaratmaq işləri bütün dünyanın gözü qarşısında yeni Azərbaycan möcüzəsinə çevrilməkdədir. Ölkəmiz dünyaya təkmil dirçəliş modelini tətbiq edir. Qısa müddətdə görülən işlərin miqyası Azərbaycan xalqının qurucu xalq, bu torpaqların əsil sahibi olduğunu bir daha təsdiqləyir. 30 ildə ermənilər bu ərazilərimizdə daşı-daş üstünə qoymayaraq bütün tikililəri, tarixi, dini abidələrimizi yerlə-yeksan etmişdir. Dövlət başçısı müraciətində bu məqamı da xüsusi qeyd etdi: “Biz – bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi.”
Azad edilmiş torpaqlarımız mərhələ-mərhələ sakinlərinə qovuşur. 2023-cü ildə Laçın və Füzuli şəhərləri, Talış və Zabux kəndləri sakinlərinin qayıdışının sevincini yaşadılar. Dövlət başçısı İlham Əliyev müraciətində bu müjdəni də çatdırdı ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.
2023-cü ilin mühüm hadisələrinin qısa təhlili bu əminliyə əsas verir ki, 2024-cü il də ölkəmiz üçün daha böyük uğurlarla, zəfərlərlə zəngin olacaq.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri