23 Dekabr 2024

Təhsildə uğur qazanmağın sirri: -mövzu Zövqiyyə Əsədovanın təqdimatında

Təhsildə uğur qazanılmasına görə, pedaqoji idarəetmənin düzgün qurulması mühüm rol oynayır.

Son illər Azərbaycanda təhsil keyfiyyətcə dəyişərək yeni dövrün beynəlxalq tələblərinə uyğunlaşdırılır, bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsi tətbiq edilir.

Artıq 10 ildən çoxdur ki, respublikamızda yeni təhsil sisteminə keçilib. Təhsil sistemində aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqini tələb edir. İnteraktiv təlim metodlarından istifadə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Kurikulum islahatları zamanı köhnə sovet təhsil sistemindən fərqli olaraq müəllim öyrədən yox, öyrənməyi öyrədən rolunda çıxış edir. İnkişaf etmiş dünya ölkələri bu sistemi çoxdan tətbiq edirlər.

Artıq neçə illərdir ki, nəinki müəllimlər, direktorlar da işə imtahan yolu ilə qəbul olunurlar. Bu da sonda sözsüz ki, təhsildə keyfiyyətin yaxşılaşdırılmasına gətirib çıxarır.

Təhsildə uğur qazanılmasında pedaqoji idarəetməyə düzgün yanaşma mühüm rol oynayır. Təhsildə idarəetmə prinsiplərinə əməl olunarsa, məktəbdə istənilən sahəsində nailiyyət əldə etmək olar. Birinci növbədə idarəedənlər innovasiyalara geniş yer verməli, islahatçı olmalıdırlar. Məktəb direktoru intellektli, işgüzar, müasirliyə can atan, təşəbbüskar olmalıdır. Direktorlar nəinki uşaqları, onların valideyinlərini belə yaxından tanımalı, geniş təhlil aparmalı və bu sahədə özünə fəaliyyət planı qurmaldır. O, eyni zamanda rəhbərlik etdiyi kollektivdən də bunu tələb etməli və buna müntəzəm nəzarət etməlidir.

Hər tədris ilinin müəyyən dövrlərində pedaqoji kollektivin iştirakı ilə təhsilin vəziyyəti geniş təhlil olunmalı, nöqsan və çatışmazlıqlar aşkarlanmalı, onların aradan qaldırılması təmin edilməlidir. Məktəbdə intizam qaydalarına riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Vəzifə bölgüsü aparılmalıdır. Təhsil sahəsində qüvvədə olan qanunvericiliyə ciddi riayət olunmalıdır. Pedaqoji Şura iclasları plana əsasən vaxtı-vaxtında keçirilməli, içlaslarda aktual və cari məsələlər müzakirə edilməli, düzgün qərarlar qəbul olunmalıdlr. Rayonun və mümkün olsa Respublikanın öndə olan təhsil ocaqlarının iş təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Mütəmadi olaraq həvəsləndirmə tədbirləri həyata keçirilməli, eyni zamanda qanunvericiliyə uyğun olaraq cəza tədbirləri də tətbiq edilməlidir. Çünki həvəsləndirmə yaxşı işləmək üçün stimul yaratdığı kimi, cəzasızlıq da iş prosesinin pozulmasına gətirib çıxarır.

Məktəbdə vətənpərvərlik mövzusunda tədbirlər sıx-sıx keçirilməlidir. Həmin tədbirlərə müharibə iştirakçıları, əlillər və şəhid ailələri dəvət edilməlidir. Şagirdlər yaxşı oxumaqla yanaşı mütləq vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Şagirdlər bilməlidir ki, İkinci Qarabağ müharibəsində yüzlərlə müəllim, onlarla məktəb direktoru da iştirak edib, Vətən uğrunda ölüm-dirim savaşına qatılıb.

Müharibə zamanı 20 nəfər təhsil işçisi şəhid olub. Bütün bunlar göstərir ki, təhsilimiz sözün həqiqi mənasında Vətən uğrunda canından keçməyi bacaran əsl qəhrəmanlar yetişdirib. Bu dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq.

Zövqiyyə Əsədova: Qazaxlar kənd tam orta məktəbin direktor əvəzi– Media1.az üçün xüsusi olaraq.