Tehrandakı səfirliyimizdə törədilən hadisə dövlət səviyyəsində icra edilən siyasi terrordur
Tarixən şər, terror yuvası olan İran bu günlərdə sözdə dost, müsəlman qardaş adlandırdığı Azərbaycana qarşı öz xəyanətkar, alçaq və iblisanə mövqeyini bir daha ortaya qoydu. Belə ki, yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış Yasin Hüseynzadə Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib. Şübhəsiz, terrorçu tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağı istisna edilmir.
Prezident İlham Əliyev hadisə ilə əlaqədar dərhal “Twitter” hesabında paylaşım edərək bu xain terror aktını şiddətlə qınayıb, hücumun tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Azərbaycan Prezidenti diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu bildirib: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”
Bu vəhşi terror aktı dünya ictimaiyyətinin böyük hiddət və qəzəbinə səbəb olub. Məlum terror aktı törədiləndən bu günə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə, eləcə də bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi barədə bəyanatlar verilib.
Tehran rejimi ilk rəsmi açıqlamalardan hadisənin ailə-məişət zəminində baş verdiyini iddia etsə də, hadisənin terror əməli olduğu və qabaqcadan planlaşdırılaraq həyata keçirildiyi açıq-aşkar ortadadır. Son günlər dünyanın nüfuzlu nəşrlərində İranın xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçu haqqında məlumatlar molla rejiminin yalanlarını təkzibolunmaz faktlarla ifşa edir. “Azad İran” kanalında Yasin Hüseynzadə ilə bağlı dərc edilən məlumatlara görə Mərəndin Yuxarı Yekan kəndində anadan olan 54 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı “SEPAH” sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə “SEPAH” qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. Y.Hüseynzadə 1999-2006-ci illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Məlumatlara görə bu şəxs Təbrizdə “Bəsic” və “SEPAH” qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak edib.
Əslində yanvarın 27-də həyata keçirilən basqında səfirliyin bütün əməkdaşlarının öldürülməsi planlaşdırılıb. İran polisinin odlu silahdan atəş açılmasına baxmayaraq Tehranın ən strateji nöqtəsində yerləşən buəraziyə 30 dəqiqə ərzində gəlməməsi, eləcə də qatilə məxsus avtomobilin bu müddətdə səfirliyin qapısında işlək vəziyyətdə dayanması bir daha sübut edir ki, bu hadisə dövlət səviyyəsində icra edilmiş siyasi terrordur.
Əslində molla rejimi bu dövlət terroru ilə Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətini əngəlləməyə, Azərbaycana guya əzələ nümayiş etdirməyə dair uğursuz həmlə etdi. Məhz bundan sonra bir daha aydın olur ki, Londonda səfirliyimizə qarşı olan hücumun arxasında da molla rejimi dayanırdı. Aparılan araşdırmalar bir daha sübut edir ki, həmin hücumu törədən qruplaşma İran fanatları olan qruplaşma ilə yaxın münasibətlərə malikdir.
Sirr deyil ki, terror yuvası olan İranın fars-molla rejimi bir qayda olaraq düşmənçilik apardığı siyasi hakimiyyətlərə qarşı “narazı kütlə” hazırlamağa çalışır. Bura təkcə dini fanatiklər deyil, həm də narazılığı təşkil etmək üçün digər alətlər də daxil edilir. Nə qədər təəccüblü olsa da, özünü “İslam Dövləti” adlandıran molla rejimi LGTB, radikal feminist qruplarla da sıx əməkdaşlığa, işbirliyinə malikdir.
Riyakar, ikiüzlü İran rəhbərliyi unutmamalıdır ki, Tehrandakı səfirliyimizə silahlı hücum beynəlxalq hüququn kobudcasına pozulmasıdır. Çünki diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. Həmin Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir. Çox təəssüf ki, İran bu istiqamətdə hələ də heç bir addım atmayıb.
Prezident İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısı alınıb. Ölkə başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıraq vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.