24 Dekabr 2024

Tarixi ədalət bərpa olundu

Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. İmzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.

Azərbaycanın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir.Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi mineral yataqları daha böyük ehtiyatlara malikdir.

Şiş qayalarının yerləşdiyi yaylaqlardan Qaçaq Nəbinin hənirtisi hələ də getməyən Laçınımız! Doğma torpağımız! Artıq sən azadsan. Şükür olsun ki, illərin həsrəti sona çatdı, biz yenidən səninlə qovuşduq. Əldə etdiyimiz bu Qələbə qədim tarixə malik qüdrətli bir xalqın dünya ölkələri və millətləri arasında möhtəşəm uğuru, əvəzolunmaz sonsuz sevincidir. Laçının azad edilməsi xüsusilə önəmlidir. Çünki Laçının azad olunması ilə biz bütövləşdik.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı