10 Avqust 2025

Tərtərdə fermerlər üçün müxtəlif sort yem bitkilərinin nümayiş əkinləri həyata keçirildi.

Martın 24-də tərtərli fermerlər üçün növbəti maarifləndirmə tədbiri təşkil olunub. Əkinçilik Elmi Tədqiqat İnstitutu və Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi birgə olaraq  yem bitkilərinin (yonca və xaşa) yerli və introduksiya olunmuş sort nümunələrinin səpinini nümayiş etdiriblər. Celtic, Central, Premariacco, Claudio, Marmilla, Qarışıq (yonca), Saatlı, Ağstafa-1,Yemçilik-16, Abşeron,Aran, Xaşa (AZNİKLP-495) yerli və xarici yem bitki sortlarının səpini təşkil edilmişdir.

Fermerelər üçün maarifləndirmə tədbirinin məqsədi barədə Media1.az-a danışan Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov bildirib ki, bu kimi tədbirlər sayəsində keyfiyyət göstəricilərinə görə fərqlənən sort və nümunəli toxumçuluğun təşkil edilməsinə nail olmaq mümkündür.

“Məqsədimiz  bölgədə fəaliyyət göstərən fermerləri qeyd olunan yem bitkiləri ilə tanış etməklə bərabər,  yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinə görə fərqlənən sort və nümunələrin gələcəkdə toxumçuluğunun təşkil edilməsidir. Gələcəkdə həm yerli, həm də xaricdən introduksiya olunmuş bu sortların fermerlər üçün nümayişinin həyata keçirilməsi nəzərdə tutulur. Burada da əsas məqsəd fermerlərimizə xidmətdir, onlar üçün şərait yaradılacaq ki, özləri üçün maraqlı olan sortlarla əyani şəkildə tanış olsunlar, təsərrüfatlarında əkmək üçün seçim etsinlər.”-deyə Bəhruz Nəzərov vurğulayıb.

Onu da qeyd edək ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərovun bildirdiyinə görə, səpin zamanına uyğun olaraq digər yem bitkilərinin əkini də müvafiq olaraq aprel ayının II və III ongünlüyündə davam etdiriləcəkdir.