21 Noyabr 2024

Şuşa-Xankəndi yolundakı aksiya milli iradənin, birliyin rəmzidir

12 dekabr 2022-ci il tarixində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır” devizi ilə Xankəndi-Laçın yolunun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə başlayıb, bu günə qədər davam edir. Aksiya iştirakçılarının ilk başda əsas məqsədi Azərbaycan dövlətinə məxsus mədənlərin qanunsuz istismar olunmasının qarşısını almaq olmuşdur.

Şuşa-Xankəndi yolunda baş tutan aksiya sərvətlərinə sahib çıxan  Azərbaycan xalqının qətiyyətinin, milli iradəsinin yüksələn səsidir.  Vurğulamaq lazımdır ki, aksiyanın başlanmasına səbəb 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin tarixi Azərbaycan torpaqlarında monitorinq keçirmək hüququndan məhrum buraxılmasıdır. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinqlərin  sülhməramlıların sülhə təhlükə yaradan fəaliyyəti ucbatından baş tutmayıb.

Bəs sülhməramlı missiya nədir,  necə fəaliyyət göstərməlidir, hansı beynəlxalq sənədlərə istinad etməlidir?

BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər. Ümumilikdə  isə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur. Əlavə olaraq daha 7 sülhməramlı missiya vardır, hansı ki,  BMT mandatı altında fəaliyyət göstərmirlər

Sülhməramlıların missiyası situasiyadan asılı olaraq fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar.

Beynəlxalq sənədlərdə sülhməramlıların qarşısına qoyulan əsas tələblərdən biri və hətta birincisi, mövcud olduqları ərazi üzərində suveren hüququ olan dövlətin qanunvericiliyinə əməl etmələridir. Bu aspektdən də Azərbaycan ərazilərinə qanunsuz şəkildə xarici vətəndaşların buraxılması, silah-sursatın ötürülməsi, Azərbaycan vətəndaşlarının və dövlət qurumları təmsilçilərinin öz torpaqlarına buraxılmaması sülhməramlı fəaliyyətin prinsiplərinə ziddir.

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:

– Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;

– Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

– Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

– Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

– Keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında  əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;

– BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;

Hazırda  Qarabağa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə Bəyanatdır.

Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.  Sülhməramlı missiya Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib; dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.

Buna görə də Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə  dinc aksiya ilə etirazını bildirir və adekvat reaksiya göstərərək bəyan edir ki, Azərbaycan heç vaxt qanuni ərazilərinin üzərində yad ünsürlərin hökm sürməsinə və onların müvafiq qanunazidd qərarlar qəbul etməsinə imkan verməyəcək. Qarabağda yerləşən faydalı qazıntı yataqlarımızın qanunsuz istismar edilməsi, talanması, ekologiyaya vurulan zərbə yolverilməzdir.

Digər tərəfdən Laçın yolu ancaq humanitar məqsədlər üçün istifadə edilə bilər. Bu yoldan təyinatından kənar – qeyri-humanitar məqsəd üçün istifadə edilməsi faktdır. Bunu gizlətmək mümkün deyil. 2021-ci ildə Ermənistanda istehsalı olan minalar Azərbaycan ərazisinə neçə daşına bilərdi?  Digər tərəfdən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qeyri-qanuni buraxılması, hərbi yüklərin daşınması, son olaraq  Azərbaycanın təbii sərvətlərinin talanaraq Ermənistana aparılması təkzibi mümkün olmayan faktlardır. Tələblər yerinə yetirilənə kimi aksiya davam edəcək.

Əslində Şuşa-Xankəndi yolunda baş verənlər Ermənistanın Üçtərəfli Bəyanatdan boyun qaçırmasının nəticələridir. Ermənistan öz yalanları ilə beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi açıq mətnlə bildirir ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir  və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan haqlıdır və tələbləri beynəlxalq hüquq normalarına uyğundur.

Müzəffər Ali Baş Komandanın dediyi kimi: “Müharibə bitib, mübarizə davam edir”

Nazlı Yaqubova,
Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi,
Siyasi elmlər üzrə dissertant