29 Mart 2024

Seysmoloji Mərkəzin direktorunun açıqladığı qorxunc fakt – kim məsuliyyət daşıyır?

Ekspert: “Nərimanov, Yeni Yasamal, Yasamal rayonu ərazisində, ”Xalqlar Dostluğu” metrosunun yaxınlığında binalar o qədər sıx tikilib ki, zəlzələ olarsa…”

“8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır”. Bunu mediaya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, xüsusi dəmir-beton kalonlar var, onların ölçüləri, armaturlar, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır: “Əgər 8 ballıq zonada bina 1 milyona başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər”.

Bakıda tikinti bumu əsasən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Hacıbala Abutalıbovun dövrünə təsadüf edir. Abutalıbovun  dövründə şəhərsalma prinsipləri kobud şəkildə pozulub. Ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib. Bu binalar həm də bir-birinə son dərəcə yaxın inşa edilib. Bir-biri ilə yanaşı olan hündürmərtəbəli binalar və birmərtəbəli evlər indi də Bakının görkəminə xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Tikintinin vüsət almasından sonra yaranan problemlər isə bununla bitmir. Belə ki, tikinti üçün torpaq sahələri ayrılarkən mühəndis-axtarış işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması son dövrlər bu sahədə ortaya çıxan problemlər kimi diqqəti çəkib.

Seysmoloji Mərkəzin direktorunun Türkiyədəki dəhşətli zəlzələdən sonra açıqladığı fakt doğrudan da Bakı üçün ciddi narahatlıq doğurur. Hansı tədbirlər görülməlidir, məsuliyyətsizliyi yalnız tikinti şirkətlərinin “xəsisliyi” ilə izah etmək olarmı?

Ekspert: “Dövlət elə bir şərait qurmaq istəyir ki, geri dönüş də maraqlı  olsun” - 07.02.2021, Sputnik Azərbaycan

Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Bakıda binaların tikintisi ilə bağlı buraxılan səhvlərin bədəlini sadə insanlar ödəməli olur: “Bu gün artıq təkcə Bakı, Abşeronda 150-yə yaxın köhnə çoxmərtəbəli binalar qəzalı kimi qeydə alınıb ki, bunlar da yaxın müddətdə sökülməlidir. 11 minə yaxın köhnə çoxmənzilli yaşayış binaları artıq öz istismar müddətini başa vurub. Biz əvvəlki tikililərə nəzər salsaq, bütün tikililər –  beş-dördmərtəbəli binaların yanındakı həyətyanı sahələr həmin binaların hündürlüyünə və əhalinin sayına uyğun hesablanıb. Lakin pilot layihələr üzərindən söküntü işlərinin aparıldığı zaman köhnə beşmərtəbələr sökülərək onların yerində 15-16-17 mərtəbəli binalar tikilir. Həyət-bacanın genişləndirilməsindən söhbət belə getmir. Bu səbəbdən çox ciddi sıxlıq meydana gəlir. Təbii ki, birmənalı olaraq həmin binalar sökülməli, yeni tikili binalarla əvəzlənməlidir. Lakin ən başlıcası isə bu binaların arasındakı məsafələr və infrastrukturun hesablanmasıdır. Bütün bunlara əsas səbəb Bakının hələ də yeni Baş Planının hazır olmamasıdır ki, bu cür hallar baş verir. Nə vaxtsa Baş Plan hazır olacaqsa, o zaman da ona uyğun yenidən şəhərin qurulması  mümkün olmayacaq. Bu gün biz nəzərə almalıyıq ki, Türkiyədə baş verən zəlzələ səbəbindən artıq çox sayda, 6 mindən artıq binanın uçması həmin binaların keyfiyyətlərinin aşağı olması və bir-birinə yaxın olması ilə bağlıdır. Bu ərazilərdə çox sayda binalar var. Həmin binaların bir neçəsinin keyfiyyəti aşağıdırsa, onlar uçan zaman digər binalara da çox ciddi fəsad verir, həmin binaları da uçurdur. Bakıda da Nərimanov rayonunda, Yeni Yasamal, “Xalqlar Dostluğu” metrosunun yaxınlığı, Yasamal rayonunun ərazilərində binalar çox sıx şəkildə tikilib. Hər hansı bir zəlzələ, təbii fəlakət baş verərsə, o binaların birinin uçması artıq həmin əraziyə bütün girişlərin qapanmasına gətirib çıxarar. Həmin ərazilərdə fəlakətin, ölümün sayı daha böyük olar”.

Ekspert qeyd edib ki, ən təhlükəlisi Bakıda yerləşən qəzalı və istismar müddəti bitmiş binalardır: “Biz köhnə yaşayış binalarına baxsaq, onların bir hissəsinin uzun illərdir ki, zirzəmilərinin çirkab suları ilə dolması, əlavə artırmaların olması həmin binaları daha da qəzalı vəziyyətə gətirib çıxarır. Digər tərəfdən, köhnə binaların bir hissəsinin zirzəmiləri qazılaraq qeyri-yaşayış obyektlərinə çevrilir. Həmin zirzəmilər binanın daşıyıcı təməli olmasına baxmayaraq, əlavə qapılar, pəncərələr açılır. Birinci mərtəbələr qeyri-yaşayış obyektinə çevrilir. Qeyri-yaşayış obyektinə çevrilən zaman ara divarlar sökülərək genişləndirilir. Bu isə həmin binanın ən kiçik tərpəniş nəticəsində uça biləcəyindən xəbər verir. Qəzalı vəziyyətdə olan çox sayda binalar var ki, hansısa tərpəniş nəticəsində onların yerləbir olma ehtimalı daha böyükdür. Köhnə binalar bir zamanlar mənzil istismar idarələrinin nəzarətində olsa da, artıq uzun illərdir ki, MİS-lər   də bu sahəyə nəzarət etmir. Və demək olar ki, başlı-başına, pərakəndə şəkildə qalmışdı. Azərbaycanın daşınmaz əmlak sektorunda baş verən bu cür xoşagəlməz halların bir səbəbi var. Tikintilərin pərakəndə şəkildə tikilməsi,  bir zamanlar torpaq satışına icra hakimiyyətlərinin, bələdiyyələrin və digər qurumların sərəncam verməsi səbəbindən binalar pərakəndə şəkildə tikilib. Bir dövlət qurumunun verdiyi sənədi də digəri tanımır”.

Ekspert əlavə edib ki, Azərbaycanda, xüsusilə də Bakıda tikinti sahəsi bundan sonra başlayacaq: “Çox sayda köhnə tikinti fondunun sökülməsi gözlənilir. Gələcəkdə bu cür halların baş verməməsi üçün bu sahə bir qurum altında birləşməlidir. Tikinti Nazirliyi, yaxud bu tip yeni, səlahiyyətli qurum yaradılmalıdır ki, bütün neqativ, mənfi və müsbət hallardan həmin qurum məsul olsun. Hansısa bir fəsad baş verən zaman binada bir uçqun, ya da sənədləşmədə problem baş verən zaman vətəndaşları müxtəlif qurumlara göndərirlər. Vətəndaşlar aylarla, illərlə süründürməçiliyə məruz qalırlar. Hər bir qurum məsuliyyəti öz üzərindən  atır. Bütün bunların olmaması üçün tikinti ilə bağlı verilən bütün qərarlar, sərəncamlar bir qurum, “bir pəncərə”də birləşməlidir ki, həmin qurum da bununla bağlı məsuliyyət daşısın”.

O ki qaldı indiki binaların tikintisinin keyfiyyətinə, ekspert dedi ki, əvvəlki illərdə binalar pərakəndə şəkildə tikilərdi: “İstifadə olunan sement, beton, armaturun keyfiyyəti aşağı faiz dərəcəsində ola bilirdi. Amma illərdir ki, bu sahəyə nəzarət edən müxtəlif qurumlar var, tikinti işləri gedən zaman binanın bünövrəsi qoyulan zaman nəzarət olunur. Orada istifadə olunan armatur, yaxud betondan analizlər götürülür. Hər mərtəbədə yoxlama işləri aparılır. Bundan sonra icazə verilir ki, tikinti işləri davam etsin. Düşünürəm ki, son 6-7 ildə tikilmiş binaların keyfiyyətində heç bir neqativ hal yoxdur. Bu, istər Bakıda, Abşeronda, istərsə də digər bölgələrdə olsun, fərq etmir, tikintilərlə bağlı qaydalar artıq dəyişib.

O ki qaldı baş verəcək problemlərə, tikinti işləri aparılan zaman müxtəlif qurumlardan sənədlər toplanılır. Həmçinin geologiyadan, torpağın laborator analizi götürülür. Həmin torpaq seysmik zonadadırsa, sürüşməyə meyllidirsə, həmin yerdə qrunt suları axırsa, tikintiyə icazə verilmir. Çünki zamanında belə icazələr verilib. Bu gün Bakıda çox binalar var ki, onların zirzəmiləri su ilə doludur, onların altından qrunt suları axır. Sürüşmə zonasında olan ərazilərdə də ev tikintisinə icazə verilməməlidir. Dünyanın hər yerində zəlzələlər mərhələli şəkildə başlayırsa, burada Yaponiyanın tikinti sahəsinə müraciət etmək olar. Yaponiyada demək olar ki, hər gün zəlzələ baş verir, ən hündür binalar Yaponiyadadır. Onlar bu sahədə nailiyyətlər əldə ediblər, hər gün zəlzələ baş versə də hiss olunmur. Onlar daha çox dəmir konstruksiyalardan istifadə edir, daha seysmik zonalarda dəmir relslərdən, təkərlərdən istifadə edirlər ki, zəlzələ zamanı bina yerindən tərpənsə də heç bir uçmaya səbəb olmasın”.