Şuşa necə dirçəldilir? – FOTOREPORTAJ

Şuşaya gedirəm. Gözəlliyi ilə hər kəsi heyran qoyan, Şərqin elm-incəsənət dünyasına böyük şəxsiyyətlər yetirən, Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan, sonradan erməni vandalizminin qurbanına çevrilən, dağıntılara məruz qalan Şuşaya. İndiyə qədər bu şəhər barədə mənim təsəvvürüm ancaq SSRİ dövründə çəkilmiş kadrlarda gördüklərimdən ibarət olub. İndi isə mən onu canlı görmək, müharibədən sonra burada aparılan təmir-bərpa və quruculuq işləri ilə tanış olmaq üçün yola çıxmışam.
Ermənilərin 28 illik fəaliyyəti bu əsrarəngiz şəhəri gözəllikdən məhrum edə bilməyib. Bir tərəfdə üzərinə mərmi düşən binaların yarımcan görkəmi, bir tərəfdə bərpa edilən, tikilən dövlət və sosial əhəmiyyətli bina və obyektlər, bir tərəfdə Şuşa qalasının əzəməti, qədim şəhərin küçələrindən gələn təbiət qoxusu, Şuşanı ağuşuna alan başıdumanlı dağlar, daxili küçələrdə çay daşlarından çəkilmiş hasarlar, qala divarına paralel uzanan yamyaşıl çəmənlik, Şuşanın xoş havası insanın qəlbində qarışıq, sevincli, bəzən də kövrək duyğular yaradır.
Şuşaya dağların başına dolana-dolana yeni şəkilmiş Zəfər yolu ilə gəlib çıxırıq. İlk mənzilimiz “Güllələnmiş büstlər” olur. Şuşanın işğalı zamanı zədələnmiş və sonralar Azərbaycan dövlətinin ermənilərdən pulla alaraq Bakıya gətirdiyi Üzeyir Hacıbəyov, Bülbül və Xan qızı Natavanın heykəlləri yenidən doğma yurduna geri qaytarılıb. Heykəllərin üzərindəki xəsarətlər, güllə izləri erməni vandalizminin bariz nümunəsidir.
“Güllələnmiş büstlər”in olduğu yerdən şəhərin girişinə doğru bir qədər yuxarıda keçmiş poçt binası yerləşir.
Memarlığı saxlanılmaq şərti ilə əsaslı təmiri nəzərdə tutulan binada “ASAN xidmət” mərkəzi, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək.
Şuşada qala divarlarının bərpası, demək olar, başa çatıb. Qala divarının yaxınlığında, Natavanın evinin arxa hissəsində yaşıllıq bir ərazidə, ağacların əhatəsində bəstəkar Üzeyir Hacıbəyovun yeni heykəli ucaldılıb. Bülbülün isə ev muzeyi də bərpa olunaraq həyətin ortasında Bülbülün yeni heykəli qoyulub. Ondan bir qədər aralıda isə Bülbülün erməni işğalı nəticəsində zədələr alan köhnə heykəli saxlanılır.
Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri aparılıb. Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə, dahi şairin məzarı üzərindədir. Həmçinin “Səfərov qardaşları karvansaray”ının yaxınlığında Vaqifin büstü də ucaldılıb. Hazırda Səməd bəy Mehmandarovun ev muzeyində, “Aşağı Gövhər ağa”, “Yuxarı Gövhər ağa”, “Saatlı” məscidlərində təmir-bərpa işləri aparılır, 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Eyni zamanda şəhərdə yaşayış məhəlləsinin təməli qoyulub və evlərin inşasına start verilib.
Biz şəhərin seyrinə daldıqca yavaş-yavaş qaş qaralmağa başlayır. Geriyə qayıtmaq üçün təqribən beş-altı saatlıq yolumuz var. Odur ki, yola düşürük. Gördüklərimiz ona inanmağa əsas verir ki, biz bu şəhərlə tezliklə onun müasir və daha heyrətamiz bir görkəmində görüşəcəyik. Bərpa işlərindən sonra Şuşa öz gözəlliyi ilə həm yerli sakinlərin qəlbini oxşayacaq, həm də Azərbaycanda turizmi canlandıraraq ölkə iqtisadiyyatına böyük töhfə verəcək.
“Report” İnformasiya Agentliyi