08 Sentyabr 2024

Şuşa-Laçın yolu: Aksiya o vaxta qədər davam edəcək ki…

Ermənistan 30 ilə yaxın müddətdə işğal edilən ərazilərimizin təbii sərvətlərinə və ətraf mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin ərazilərin ətraf  mühitinə vurulan ziyan regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Respublika əhəmiyyətli dəmir yolu xətləri sökülüb və yararsız hala salınıb. Ötən müddətdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə təbii sərvətlərimizin qeyri-qanuni istismarı faktları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında dəfələrlə göstərilib.

Danılmaz faktdır ki, beynəlxalq hüququn norma və prinsiplərini pozan təcavüzkar Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib. Ətraf mühitə və inkişafa dair Rio de Janeyro Bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

İşğal dövründə militarist Ermənistanın ekoloji terroru respublikamızın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənib.Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur.

Bundan başqa, qırx dörd günlük Vətən müharibəsi dövründə də vəhşi ermənilər ekologiyaya böyük zərbə vurdu. Qəhrəman ordumuzun məğlub etdiyi mənfur düşmən o günlərdə də təbiətə qarşı ciddi ziyan vurmağa çalışırdı. Belə ki, Ağcabədi və Göygöl rayonlarının mütəmadi artilleriya atəşinə tutulması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşdü və həmin ərazilərdə yanğınlar baş verməklə flora və faunaya, təbii landşafta ciddi ziyan dəydi. 

Artıq 10 gündür ki, ölkəmizin vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının, ekoloqlarının və gənc fəalların Şuşa-Laçın yolunda Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, həmçinin ekoloji vəziyyətlə bağlı ilkin monitorinq məqsədilə respublikamızın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə qarşı etiraz aksiyası davam edir. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsə də, hər iki istiqamətdə təxribatla üzləşib. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun əraziyə gəlməsi, azərbaycanlı mütəxəssislərə monitorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Azərbaycan ərazisində təbii sərvətlərimizin qanunsuz istismarının dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. Bu tələblər yerinə yetirilməyincə aksiyalar davam edəcək. Xüsusilə qeyd edək ki, ətraf mühitin qorunması ilə bağlı Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur.