23 Dekabr 2024

“Şuşa əhalisi quruculuq işlərinə cəlb edilməlidir”- deputat

Şuşa işğaldan azad edildikdən sonra bu şəhərdə bərpa və yenidənqurma işləri sahəsində mühüm addımlar atılır, bir çox əhəmiyyətli layihələr gerçəkləşdirilir. Bununla belə, “Şuşa əhalisi Qalaya necə qayıdacaq?” deyə suallar da verilir. Bununla bağlı plan-layihə varmı? Bəs fərdi yaşayış evlərinin taleyi necə olacaq, onları da dövlət bərpa edəcək?

Millət vəkili Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Şuşaya tez-tez səfər edirəm. Həm poeziya günlərində, həm Milli Məclisin siyasi partiyaları ilə bir yerdə, həm Türkiyə, Gürcüstan və Azərbaycan parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin birgə yığıncağının keçirilməsi ilə bağlı səfərlərimiz olub. Şuşaya hər dəfə gedəndə dəyişiklikləri görürəm. Şuşada quruculuq işləri başlayıb. 30 ildə orada ermənilər hay-küylərinə baxmayaraq heç bir iş görməyiblər. Əksinə, nə var idisə, onları dağıtmaqla məşğul olublar. Şuşada yolun çəkilişi, orada minaların təmizlənməsi, o yolların təhlükəsizliyinin qorunması, əlbəttə, böyük vaxt tələb edən bir işdir. Şuşaya gedən Zəfər yolu çox çətin  yerdə yerləşir, meşələr, dərələr, sərt yoxuşlar oradan keçir. Amma nəticədə son dərəcə gözəl yol çəkildi.

Qarabağa dönüş - Sabir Rüstəmxanlı | Edebiyyatqazeti.az

Sabir Rüstəmxanlı: “Prosesi daha da sürətləndirmək üçün əhaliyə müraciət etmək olar”

Bunlar hamısı görülən işlərdir. Bunlar olmadan Şuşada məskunlaşmaqdan danışmağa dəyməzdi. İndi Şuşada bir neçə muzey açılıb, hotellər fəaliyyət göstərir, hər gün adamlar gəlib-gedir. Şuşa Şəhər İcra Hakimiyyətinin binası tikilir. Orada bir neçə böyük müəssisənin təməli qoyulub. Bülbülün ev muzeyi bərpa olunub. Bir sözlə, abadlıq işləri sürətlənir. Bu prosesi daha da sürətləndirmək üçün Şuşa əhalisinə müraciət etmək olar. Onların öz mülklərinə baxması, hansının imkanı varsa, bərpa işində iştirak etməsi, evini bərpa etməsi lazımdır. Onlar yenidən qurmaq işində iştirak edərlərsə, bu, dövlətə ciddi yardım olar. Bu iş sürətlənər. Hesab edirəm ki, müəyyən müddətdən sonra Şuşa əhalisi quruculuq işinə cəlb edilməlidir”.  

Nazim Sabiroğlunun yazısı jurnalistlərimizin Qarabağ səfərini kölgədə QOYDU

Nazim Sabiroğlu: “Əgər bizə ”dədə-baba yurdunuzdur, evinizi bərpa edin, kömək edərik” deyilsəydi…”

“Yeni Müsavat” qəzetinin Şuşadan olan redaktoru Nazim Sabiroğlu da mövzu ilə bağlı fikirlərini dedi: “Bina evləri ilə bağlı məsələ aydındır, bina evləri sökülür. Məsələn, bizim evin yanındakı binaların çoxu sökülür. Amma həyət evləri ilə bağlı məsələdə qeyri-müəyyənlik var. Bildiyimə görə, şəhərin baş planına əsasən 6 məhəllə olacaq. Şuşada 17 məhəllə var idi. Bu o deməkdir ki, bir neçə məhəllə birləşdiriləcək. Artıq Şuşada yuxarı məhəllədə binaların tikintisinə başlamaqla bağlı tender elan olunub. O binalar necə olacaq, necə tikiləcək, bununla bağlı məlumatım yoxdur. Əgər bizə, ”dədə-baba yurdunuzdur, evinizi bərpa edin, kömək edərik” deyilsəydi, o başqa məsələ. Hələ ki bununla bağlı hər hansı təklif yoxdur.  Şəhərin eskizləri haqqında məlumatım var. Şuşa ilə bağlı dövlətin siyasəti tam fərqlidir. Şuşanın ilk əvvəl mədəniyyət mərkəzinə, indi də diplomatik-siyasi mərkəzə çevrilməsi onu göstərir ki, dövlətin burada öz siyasəti var. Mən demirəm, Şuşa digər azad olunan torpaqlardan nə iləsə fərqlidir. Yox! Amma Şuşa həm simvol olaraq, həm də fərqli olduğu üçün görünür, dövlətin onun tikinti-quruculuq işləri ilə bağlı siyasəti də fərqli olacaq. Əvvəlki Şuşa, əlbəttə, olmayacaq. Yeni Şuşanı gözləyirik. Bəli, tələsirik, istəyirik yurdumuza, torpaqlarımıza qayıdaq”.